Gələn aydan quru sərhədlər açılır? - Deputatdan AÇIQLAMA

“Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı”. Bu sözləri millət vəkili Vüqar Bayramov özünün “Facebook” profilində qeyd edib. O bildirib ki, əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilərlər: “Bu baxımdan təklif edirik ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji  vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı”. Millət vəkilinin sözlərinə görə, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur: “Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70%-i Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımdan da əhəmiyyətlidir”. “2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”, - deyə V.Bayramov əlavə edib.

Bu məktəbin direktoru olmaq üçün 67 nəfər imtahan verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. İdarədən Modern.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Emin Hüseynov: “Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları artıq hazırdır”

“Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin Baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. E.Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işi yekunlaşıb

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədi ilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs: - Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov; - Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov; - Abşeron rayonunun Saray, Şəki rayonunun Qoxmuq, Qazax rayonunun Daş Salahlı, Salyan rayonunun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov; - Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov; - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Azərbaycana dərman idxalı 17%-dən çox artıb

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63,25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% və ya 28 milyon 693 min dollar çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycana 163 milyon 369,57 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4,77%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,58%-nə bərabər olub. Xatırladaq ki, Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991,42 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 32,7 dəfə çoxdur. 2022-ci ilin yanvar-mart aylarında ölkədən 366,38 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edilib.

Bakıda külək güclənəcək, bəzi rayonlarda duman olacaq - HAVA PROQNOZU

Azərbaycan ərazisində aprelin 18-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

"Başqalarının uşağına irad bildirmək düzgün deyil" - Psixoloq

Tanınmış rusiyalı psixoloq İqor Meinhardt başqalarının uşaqlarına irad bildirməyin düzgün olmadığını deyib.  Sozcu.az lent.az-a istinadən bildirir ki, psixoloq bu barədə müsahibəsi zamanı deyib.  Onun sözlərinə görə, valideynlər təhlükəli olmayan hallarda uşaqların təkbaşına hərəkət etməsinə şərait yaratmalıdırlar.  Psixoloq bildirib ki, tanımadığınız birinin uşağının hərəkətlərindən narahat ola bilərsiniz, ancaq bu sizin ona acıqlanmağınıza və ya söz deməyinizə imkan vermir.  "Oğlunuzu və ya qızınızı qorumaq  istəyi başa düşüləndir. Amma ən azı bir neçə müddətlik fasilə verməlisiniz. Məsələn, uşağınız onları incidən sözlərə necə reaksiya verir? Əgər bunlara çox fikir vermirsə, ona qarışmağa ehtiyac yoxdur. Uşaq tədricən başqaları ilə ünsiyyət qurmağı öyrənməlidir və bu "başqalarının" hamısı mehriban və sakit olacağı mənasını vermir. Uşaqlarınız həmin yeni tanışlarla problem də yaşaya bilər, sözləri tutmaya bilər. Siz çalışın belə məsələlərdə qarışmayın. Onlar onsuzda aralarında məsələni həll edəcək".  Psixoloqun sözlərinə görə, əgər qarşı tərəfdəki uşaqla problem həll olunmursa, bu zaman onun valideyni ilə danışmaq daha məqsədə uyğundur. Qətiyyən uşağa irad bildirməkdən çəkinmək lazımdır. Bu onların qüruruna çox pis təsir edir və onlarda aqresiya yaradır. Buna görə çalışıb uşaqların valideynləri ilə əlaqə saxlamaq məsləhətdir. 

İmsak vaxtı bu kompotu için

İmsak vaxtı zəncəfil kompotu içmək orqanizm üçün çox faydalıdır.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, zəncəfil kompotu orqanizm üçün faydalı olan vitaminlərlə zəngindir.  Zəncəfil kompotu həmçinin bədəndəki əlavə yağları əridərək arıqlamağa kömək edir.  Zəncəfil kompotunu hazırlamaq üçün lazım olan məhsullar: 5 dilim zəncəfil 2 xörək qaşığı kişmiş 1 litr su 1 alma 1 çubuq darçın

Laporta Messinin "Barselona"ya qayıdacağını açıqladı

"Barselona"nın prezidenti Joan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya klubuna qayıdacağını bildirib. Sozcu.az xəbər verir ki, klub rəhbəri La Liqanın 29-cu turunun “Hetafe” ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda azarkeşlərin suallarını cavablandırıb. Azarkeşlərdən biri "Barselona"nın prezidentinə Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal cavab verib: "Bəli". Funksionerin fanatlarla ünsiyyətini əks etdirən video Cadena Ser Carrusel Deportivo-nun sosial şəbəkələrində yayımlanıb. Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"da oynayıb. Argentina millisinin kapitanının PSJ ilə sözləşməsi bu mövsümün sonuna qədər nəzərdə tutulub.

Kremldə hamı şokdadır - Qalyamov

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən sonra Putin və ətrafı depressiyaya düşüb. Sozcu.az “Radio NV”yə istinadla xəbər verir ki, bunu politoloq, publisist Abbas Qalyamov deyib. O bildirib: “Hamı şoka düşüb. Həbs qərarı Putinin ətrafında çox güclü və çox mənfi təəssürat yaratdı. Ağlı olanlar hələ müharibənin əvvəlində başa düşürdülər ki, bundan uzaq durmaq, birtəhər qarşısını almaq lazımdır”. Qalyamovun fikrincə, Rusiya rəhbərinin əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, onun cinayətlərinə şərik olacaq və liderlə birlikdə məhkəmə qarşısına çıxacaqlar. Buna görə də Kremldə dəhşətli depressiya başlayıb: “İndi onlar çaşqındır və nə edəcəklərini bilmirlər. Onların sağ qalma strategiyası yoxdur”.

“Erməniləri diz çökdürüb sülhə məcbur etməliyik, qalanı boş söhbətlərdir”

“Bu gün hamımız sülhdən danışırıq. Amma belə bir dövlətlə, millətlə və cəmiyyətlə sülhdən danışmaq heç məqsədəuyğun deyil və məncə, yersizdir. Ermənilər bütün hərəkətləri, çıxışları və bəyanatları ilə düşmənçilik mövqeyindən əl çəkmirlərsə, ərazi iddiası edirlərsə, bunlarla hansı sülhdən danışmaq olar?!”  Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. O, ermənilərin 2 hərbçimizi əsir götürüb onlara işgəncə verməsi ilə yanaşı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasından sonra iki ölkə arasındakı sülh danışıqlarının yekun motivlərinə toxunub.  “Yəhudiləri bir məsəli var: “düşmənlə sülhdən danışmaq onda məqsədəuyğun hesab olunur ki, artıq düşmən yoxdur”. Yəni nə qədər ki bunlar var, bunlarla sülhdən danışmağın mənası yoxdur. Yalnız bunları sülhə məcburetmədən söhbət gedə bilər. Biz öz fəaliyyətimizlə bunları sülhə məcbur etməliyik. Elə belə, xoşa-xoşluqla ermənilərlə sülhdən danışmaq məsələsi yersizdir. Biz nə qədər sülhdən danışıb, humanistlik göstəririksə, bunlar əks cavablarını verirlər”. “Yadınızdadırsa, yaralı erməni əsgərinə hərbçilərimiz tibbi yardım göstərirdilər. Ona qarşı necə insani münasibət bəslənilirdi. Amma ermənilər tərəfindən əsir götürülən 2 əsgərimizin başına açılan oyunları, onlara verilən işgəncələrə baxın! Bizim insani hərəkətlərimizə qarşı ermənilərin vəhşiliklə cavab verməsi onu göstərir ki, bu millətlə barışıqdan danışmaq mənasız bir şeydir. Biz onları qarşımızda diz çökdürüb sülhə məcbur etməliyik. Onlar məcburən tabe olub sülhə gəlməlidirlər. Başqa yolu yoxdur”, - yekunlaşdırıb.

Azərbaycanda nikahların sayı azalıb, boşanma artıb - Rəsmi

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Sozcu.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub. 2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Əməliyyat olunan Səidə Dadaşovanın vəziyyəti açıqlandı

Müğənni Səidə Dadaşova anidən vəziyyəti pisləşdiyi üçün əməliyyat olunub. Sənətçinin hazırkı səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.media-nın əməkdaşı müğənninin həyat yoldaşı Məhəmməd bəylə əlaqə saxlayıb. O, S.Dadaşovanın vəziyyətini belə şərh edib: “Səidə xanım dörd saat davam edən ağır əməliyyat keçirdi, ötən gün xəstəxanadan evə buraxıldı. Hazırda özünü yaxşı hiss edir”.  Qeyd edək ki, S.Dadaşova ginekoloji əməliyyat keçirib.

Əsədin əmisi oğlu öldürüldü

Prezident Bəşər Əsədin əmisi oğlu, Suriyada ələvilərin yaşadığı Kardaha kəndinin (Suriyanın şimal-qərbində, Latakiya yaxınlığında) təhlükəsizliyinə cavabdeh olan Arua Diba atışmada öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. Məlumata görə, o, narkotik alveri ilə məşğul olub və cinayətkarlarla münahisə zamanı güllələnib.

Qarabağda nə qədər ərazi minalardan təmizlənib?

Ötən dövr ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ümumilikdə 38 726 hektarı minadan təmizlənib. Sozcu.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. E.Hüseynovun sözlərinə görə, bu təmizlənməli olan ərazinin 16,4 %-dir: “Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. Bu zaman isə 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Müxtəlif rayonlarda bu göstərici fərqlidir. Təbii ki, Ağdam bu məsələdə öndə gedir. Ağdamın 27,5 %-i, Füzulidə 25 %-dək hissəsi, Tərtərin 16,7 %-i, Xocavəndin 5,1 %-i, Xocalının isə 15,8 %-i minadan təmizlənib. Sual oluna bilər ki, niyə Xocalıda bu qədər yüksək göstərici var. Çünki Xocalının cəmi 6 kəndi bizim nəzarətimizdədir”.

Səfərbərlik Xidmətinin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Sozcu.az xəbər verir ki, M.İbrahimov haqda açıq mənbələrdə məlumat çox azdır. Bu isə onun sabiq MTN işçisi olması ilə bağlıdır. Belə ki, M.İbrahimov polkovnikdir və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub. O, Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Urmiya həbsxanasında məhbus öldürüldü

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin həbsxanasında Abdullah Bədəvi adlı məhbus həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Abdullah Bədəvinin ürək çatışmazlığı və diabet xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müalicə almasına və dərman qəbul etməsinə icazə verilmədiyi üçün həyatını itirdiyi bildirilib. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı hesabatda Urmiya həbsxanasını məhbusların saxlanma şəraiti və həyati təhlükəsinə görə İslam Respublikasında ən pis həbsxana elan edib.

İsrailin xarici işlər naziri Bakıya gəlir

İsrailin xarici işlər naziri Eli Kohen sabah Bakıya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, nazir Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək. Qeyd edək ki, İsrail mediası həmçinin, Prezident İshaq Hersoqun may ayında Azərbaycana gözlənilən səfəri barədə də məlumat yayıb.

Qəbələdə xəstəxanada ölüm: həkim səhlənkarlığı…

İsmayıllı sakininin Qəbələdə xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam edir.

Ermənilər əsir hərbçilərimizi həbs etdi

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində həbs qərarı çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.

Kaş ki, səni sevməzdim

Yanlış yolu tutmuşam, Mən sənə vurulmuşam. İndi peşman olmuşam, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************** Səninçün sevgi heçmiş, O hiss səndən yan keçmiş. Gedib mənsiz yol seçmiş, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Güldün hər bir sözümə, Rişxənd etdin eşqimə. Dəyməzmişsən sevgimə, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Küsdüm özüm-özümdən, Küsdüm sevgi sözündən. Qəzəb axdı gözümdən, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. **********************   Səndən sonra sevmədim, Düzü, sevə bilmədim. Bir an belə gülmədim, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. ********************* Haçansa dönsən mənə, Demə bağışlar yenə. Onda deyəcəm sənə, Kaş ki, səni görməzdim, Bu qədər çox sevməzdim. Müəllif: Şahin İsmayıl 

Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib. Sozcu.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb. “Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, - o qeyd edib. Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Blinken və çinli həmkarı tezliklə görüşməlidir - Berbok

ABŞ Dövlət katibi Entoni Blinken və Çin xarici işlər naziri Tsin Qan tezliklə Tayvandakı situasiya ilə əlaqədar görüşməlidirlər. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annelena Berbok deyib. “Fikrimcə, tezliklə bu görüşün baş tutması vacibdir”, - deyə XİN rəhbəri bildirib.

Ermənistanda saxlanılan əsgərin anası müraciət etdi - VİDEO

Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova yalan məlumatlar yayanlara müraciət etdi. Onun sözlərinə görə, sosial şəbəkələrdəki səhifələr reytinq xətrinə yalan məlumatlar dərc etməsinlər. Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb. Daha ətraflı Baku TV-nin süjetində: