Paşinyan Bakının tələbini qəbul etdi: Rəsmi müraciət olacaq

“Ermənistan Mins qrupunun ləğvi ilə bağlı ATƏT-ə mürcət etməyi nəzərdən keçirir”. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş nazir administrasiyasının mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb. O, Baş nazir Nikol Paşinyanın Mins qrupunun ləğvini daha məqsədəuyğun hesab etdiyini bildirib: “Baş nazir ötən il dekabrın 19-da “Armepress”ə müsahibəsində deyib ki, əgər münaqişə yoxdursa, onun həlli üçün formatın mövcudluğuna da ehtiyac qalmır. Lakin İrəvan Bakının da məsələyə eyni məntiqlə yanaşıb-yanaşmadığından əmin olmaq istəyir. Ermənistan Azərbaycanın ərazi bütövlüyün birmənalı şəkildə tanıyır”. Xatırladaq ki, Nikol Paşinyan daha öncə Mins qrupunun ləğvi ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb. Qeyd edək ki, Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən birinin ATƏT-in Mins qrupunun ləğv edilməsi olduğunu vurğulayıb.

Müəllim təhsilverəndir, yoxsa jurnalyazan... - TƏNQİD

“Məktəblərin tədris mərkəzi olmaqdan çıxıb, müxtəlif inzibati və formal işlərin icra edildiyi bir yerə çevrilməsi həm təhsil keyfiyyətini, həm də şagird-müəllim münasibətlərini ciddi şəkildə zədələyir. Apardığımız müşahidələr göstərir ki, nazirlik tərəfindən tətbiq edilən inzibati yüklərin və müxtəlif tədbirlərin çoxluğu tədris prosesinin əsas məqsədlərinə kölgə salır. Hər gün, hətta bəzən gündə bir neçə dəfə keçirilən tədbirlər dərslərin keyfiyyətinə və davamlılığına təsir edir, nəticədə şagirdlərdə və müəllimlərdə təhsilə qarşı maraq azalır”. Bu barədə fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib.  O qeyd edib ki, müasir dövrdə məktəblərin əsas vəzifəsi şagirdlərə bilik və tərbiyə vermək olsa da, inzibati işlərin artması bu funksiyanı ikinci plana keçirib. Müəllimlər əsas vəzifələrini yerinə yetirmək əvəzinə, vaxtlarının əksər hissəsini jurnal doldurmağa, hesabat hazırlamağa və tədbirlərin təşkili ilə məşğul olmağa sərf edirlər. Bu vəziyyət onların tədris prosesinə yaradıcı yanaşma imkanlarını məhdudlaşdırır və iş motivasiyasını azaldır: “Şagirdlər üçün isə vəziyyət daha mürəkkəbdir. Tədris prosesinin tez-tez tədbirlər və digər kənar fəaliyyətlərlə kəsilməsi onların dərslərə diqqətini dağıdır və təhsilə maraqlarını azaldır. Şagirdlər təhsil aldıqları mühitin sabit və aydın olmasını gözləyirlər. Lakin tədbirlərin çoxluğu və dərs cədvəlinin davamlı pozulması onların həm akademik göstəricilərinə, həm də emosional rifahına mənfi təsir göstərir”. Dünya təcrübəsi ilə Azərbaycan təcrübəsini müqayisə edən ekspert bildirir ki, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə bu cür vəziyyətlərdə məktəblərin əsas vəzifələrinə fokuslanması üçün ciddi islahatlar aparılmalıdır. “Finlandiyada təhsil sistemi tamamilə şagirdlərin inkişafına yönəlib. Müəllimlərə geniş sərbəstlik verilir və onlar yalnız tədris və tərbiyə işləri ilə məşğul olurlar. İnzibati işlər isə minimum səviyyədədir və rəqəmsal sistemlər vasitəsilə idarə olunur. Bunun nəticəsində Finlandiya məktəbləri təhsil keyfiyyəti üzrə dünyanın liderləri sırasında yer alır. Yaponiyada da oxşar təcrübə mövcuddur. Tədbirlər əsasən dərsdən sonra və könüllülük prinsipi əsasında təşkil edilir. Beləliklə, dərs saatları yalnız tədris məqsədlərinə həsr olunur və şagirdlərin diqqəti əsas bilik və bacarıqların inkişafına yönəldilir. Bu yanaşma şagirdlərin akademik nəticələrinin artmasına və məktəb mühitində ümumi razılığın təmin olunmasına səbəb olub. Azərbaycanda isə vəziyyət fərqlidir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya görə, ölkə üzrə məktəblərdə tədbirlərin sayı ildən-ilə artır. 2023-cü ildə orta məktəblərdə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 15% artmışdı. Tədbirlərin çoxu formallıq xarakteri daşıdığı və real təhsil prosesinə dəstək vermədiyi üçün həm müəllimlər, həm də şagirdlər tərəfindən mənfi qarşılanır”. “İlk növbədə, inzibati yükün azaldılması üçün rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Elektron jurnalların və hesabatların tətbiqi müəllimlərin vaxtını azad edəcək və onların əsas diqqətini dərs prosesinə yönəltməsinə imkan yaradacaq. Müasir texnologiyalar inzibati işləri avtomatlaşdıraraq həm vaxta, həm də resurslara qənaət edir” - bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə dəyişikliklər təklif irəli sürən Kamran Əsədov bildirib: “Digər bir həll yolu məktəblərdə tədbirlərin sayının və mahiyyətinin təkrar gözdən keçirilməsidir. Tədbirlər yalnız tədris proqramını dəstəkləyən və şagirdlərin şəxsi inkişafına töhfə verən formada təşkil edilməlidir. Məsələn, elmi yarışmalar, debatlar və şagirdlərin praktiki biliklər əldə etməsinə xidmət edən fəaliyyətlər bu baxımdan məqsədəuyğundur. Bunun əksinə olaraq, kütləvi və formal xarakter daşıyan tədbirlər təhsil prosesindən tamamilə kənarlaşdırılmalıdır. Eyni zamanda, məktəblərdə müəllim və şagirdlərin iştirakının qiymətləndirilməsi mexanizmi dəyişdirilməlidir. Hazırda tədbirlərdə iştirak, bəzi hallarda, müəllimlərin və şagirdlərin nailiyyət göstəricilərinə təsir edir ki, bu da onların məcburi şəkildə tədbirlərdə iştirak etməsinə səbəb olur. Təhsil sistemi isə bu yanaşmadan imtina etməli və yalnız dərs prosesində əldə olunan nailiyyətlərə əsaslanmalıdır. Nəhayət, təhsil sahəsində islahatlar aparılarkən müəllimlərin, valideynlərin və hətta şagirdlərin fikirləri nəzərə alınmalıdır. Onların təklifləri və narahatlıqları islahatların daha uğurlu və effektiv həyata keçirilməsinə kömək edəcək”.

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb. Bildirilir ki, "Nazir" adlar radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək. Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq. İddia edilir ki, adar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir. Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

Kürdəmirdə ağır qəza: ölən var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə "Şevrolet" markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sabirabadda avtomobil su kanalına aşdı: yaralılar var

Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib. "Mersedes" markalı avtomobilin idarə etmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunublar. Faktla bağlı araşdırma aparılır.

"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb

Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib. Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı. Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib.

“Rusiya MDB ölkələri ilə münasibətdə özünü yekəxana aparmağa çalışır”

Tofiq Abbasov: “Aktaudakı təyyarə qəzasından sonra baş verənlər bunu bir daha sübut edir” “Rusiya MDB ölkələri ilə münasibətdə özünü yekəxana aparmağa, aşağılamağa çalışır. Azərbaycan təyyarəsinin Rusiya səmasından vurulmasından sonra Aktauda qəzaya uğraması və bunun ardınca Ruisyanın sərgilədiyi mövqe bunu bir daha sübut edir”. Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Elspert qeyd edib ki, Rusiya post-imperiya sindromundan əziyyət çəkir: “Rusiya təyyarə qəzasına görə üzr istəsə də, Moskva hələ də günahklarların cəzalandırılması və ölkəmizə kompensasiya ödənilməsi məsələsində konkret addımlar atmır. Azərbaycan haqlı olaraq bunu bir tələb kimi irəli sürüb. Görünən odur ki, Rusiya post-imperiya sindromundan əziyyət çəkir. Bu sindrom özünü bir çox hallarda büruzə verir. Bu isə Rusiyaya, onun regiondakı nüfuzuna və münasibətlər sisteminə yaxşı heç nə vəd etmir”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1053-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 806 500 hərbçi, 9 751 ədəd tank, 20 271 ədəd zirehli döyüş maşını, 21 817 ədəd artilleriya sistemi, 1 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1042 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 33 534 ədəd avtomobil texnikası, 21 958 ədəd PUA, 3017 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 692 xüsusi avadanlıq itirib.

Sükan arxasında halı pisləşdi, qəza törətdi: ölən var

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir. Sozcu.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub. Bildirilib ki, səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub. Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. "Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!",- deyə məlumatda qeyd olunub.

Los-Anceles yanğınlarında ölənlərin sayı artdı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, məlumatı CNN telekanalı yayıb. Qeyd edək ki, daha əvvəl yayılan məlumatda ölənlərin sayı 10 nəfər idi. Xatırladaq ki, Los-Ancelesdə yanğınlar 7 yanvarda başlayıb.

Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb

Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır. “Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.

ABŞ Ələkbərovu "qara siyahı"ya saldı

ABŞ Rusiyanın neft-qaz sənayesinə qarşı yeni sanksiya tətbiq edib. Sozcu.az-ın xəbərinə görə, bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb. Sanksiya siyahısına “LUKOIL” şirkətinin ortaq sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova da daxil edilib. “Qazprom Neft”in idarə heyətinin sədri və RFU-nun prezidenti Aleksandr Dyukova qarşı sanksiyalar tətbiq edib. Onlarla şirkət, o cümlədən "Surqutneftegaz", "Qazprom Neft", onların törəmə şirkətləri, həmçinin "AlfaStrakhovanie" və "İnqosstrax" sanksiyaya məruz qalıb.

Azərbaycanda 10 tiktoker HƏBS EDİLDİ

Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Sozcu.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub. Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır. Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

ABŞ Maduronun həbsi üçün 25 milyon mükafat təyin etdi

Venesuela Prezidenti Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Sozcu.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib. Qeyd edək ki, daha öncə Karakasda üçüncü dəfə ölkə prezidenti kimi fəaliyyətə başlayan Nikolas Maduronun andiçmə mərasimi baş tutub.

ABŞ Serbiyanı da hədəf aldı: Rusiyaya görə...

ABŞ Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətini də sanksiya siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ bu addımı Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atıb. Qeyd edək ki, bu gün ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Son günlər hava niyə mülayim keçir? - Açıqlama

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur. Sozcu.az xəbər verir ki, bu sözləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti olub: "Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib". G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakııda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".

Zelenski elan etdi: 60 minlik ordu ilə Kurskda yeni əməliyyat...

Kursk istiqamətindəki hərbi əməliyyatlara 60 minlik şəxs heyət göndərilib. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib. O bildirib ki, Kursk istiqmaətində hərbi əməliyyatlar başladılacaq.

Həftənin son iş günündə Bakıda TIXAC

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Sozcu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib  Hal-hazırda yollardakı vəziyyət:   1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;  3. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;  5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;  8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;  13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;  14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;  15. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);  16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;  18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  19. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;  20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  21. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;  22. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  23. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2025-ci ildə keçiriləcək bəzi imtahanların tarixi elan olundu

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Sozcu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi vətəndaşlara öz saytın "Təqvim" bölməsini mütəmadi olaraq izləmək tövsiyə edilir. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur. Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

İmamoğlunun Dəməşqə səfəri ləğv edildi: İlk Ərdoğan gedəcək...

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Dəməşq Valiliyinin Türkiyə Bələdiyyələr Birliyinin (TBB) Suriyaya səfərini ləğv etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Bu, mənim Dəməşqə şəxsi səfərim deyil. TBB və İBB adından nümayəndə heyətləri Dəməşqə gedəcəkdi. Bazar gününə vaxt təyin edilmişdi. Ancaq Dəməşq Valiliyi TBB heyətinin səfərini ləğv etdi. Bildirildi ki, sözügedən səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfərindən sonra baş tutacaq. Mən bu ləğvi qəbul etmirəm, bu çox yanlış mövqedir”, - İmamoğlu bildirib.

Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…

Azərbaycan və Ermənistanın davamlı sülh sazişi imzalamasını istəyirik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib. "Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik", - nazir vurğulayıb.

Şagirdə xəsarət yetirən məktəbli qovuldu

Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir". Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır". İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ

Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb. Bu barədə məşhur hava proqnozu platforması olan "Windy.com" məlumat yayıb. Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər. Qeyd edək ki, "Windy.com" dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir./Azxeber.com