Fitrənin məbləği bu il nə qədər?

Ramazan ayı sona çatır, tezliklə Fitr bayramı qeyd olunacaq. Bayramdan bir gün əvvəl çıxarılan fitrənin miqdarı nə qədər olacaq? Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Müşviq Əsgərov məbləği açıqlayıb: “Fitrə çıxarmaq hər kəsə vacibdir. O, buğdanın, xurmanın qiyməti ilə hesablanır. Adambaşına 3 kilo. Əvvəlki illərdə 5-10 manat arası təşkil edirdi. İmkanı olan isə adambaşına 10 manat verir. Adətən, fitrələr əsasən bayram namazından sonra verilir. Amma yaxşı olar ki, bayramdan əvvəl verilsin.  Fitrə imkanı olmayan şəxslərə, o cümlədən dullara, yetimlərə, imkansız şəhid ailələrinə verilməlidir. Fitrəni xurma, buğda ilə də vermək olar. Ancaq pul verilməsi daha yaxşıdır ki, imkansız şəxs onunla istədiyini ala bilsin”.

İqbal Ağazadə: “Baləlinin bu meyxanası çox bayağıdır, hələ başqalarını demirəm...”

“Meyxanaya niyə qulaq asmıram ki?! Qarşıma çıxanda qulaq asıram. Meyxanaçıların hamısını da tanıyıram, çoxu ilə şəxsi münasibətim var...” Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloger Şəhriyar Nadirin “Youtube” kanalına müsahibəsində deyib. O bildirib ki, meyxana da bir sənət növüdür: “Şanson müsiqi janrına niyə indi üstünlük verirlər?! Şansonu Azərbaycanda da sevən böyük kütlə var. Bu musiqi əslində, elə bir az da meyxananın fərqli forması idi. Vaxtilə şanson musiqi növünü gedib küçədə tinlərdə avara uşaqlarla oxuyurdular. Küçə musiqisinə çevrilmişdi. Sonra yenidən sənətə qaytardılar. Meyxananın, bədiyyə sənətinin də vaxtı var idi. Vaxtilə sufizmin ənənələrindən biri kimi meyxananı dərvişlər söyləyirdi. Sonra dərvişləri qoymadılar, onlar da gedib özlərinə meyxanələrdə yer tapdılar, meyxananı orada deməyə başladılar. Meyxana deyənlərin böyük əksəriyyəti qəzəlxandır, yaxşı qəzəllər yazır. Məsələn, rəhmətlik Baba Pünhanın, Maştağalı Babanın, Vüqar Biləcərinin, Aydın Xırdalanlının gözəl  qəzəlləri var. Bəlkə, indi Orxan da, Pərviz də, - Allah qapısını açsın, - Rəşad da, başqaları da bir az özlərini yetişdirsələr, yaxşı qəzəllər yaza bilərlər. Amma meyxana bir əyləncə növüdür. Deyə bilməzsən ki, bu sənəti toydan, insanların əyləndiyi yerdən çıxar. Çıxara bilməzsən. Rəhmətlik Turqut Özala anası demişdi ki, bu nədir, efirlərdə bayağı şeylər verirsiniz? Turqut Özal isə anasına demişdi ki, pult əlindədir, çevir başqa kanala bax. Yəni xoşuna gəlmir, meyxanaya da qulaq asma. Amma insanlara “meyxana deməyəcəksən” kimi bir qadağa qoya bilməzsən. Meyxana sadə sənət deyil, böyük hazırcavablıq, istedad istəyir. Düzdür, bayağılıq var, toy səviyyəsinə salıblar. Məsələn, Baləlinin trendə çevrilən son meyxanası “mən qara “Range Rover”əm, sən balaca “Chevrolet...” meyxanası çox bayağıdır. Bu kimi trendlər yaranıb. Hələ başqalarını demirəm. Amma bunlar toylardan çıxır, bu gün ədəbiyyat nümunəsi deyil. Hansı “otura” biləcəksə, o ədəbiyyatda da “oturaqcaq”... Məsələn, Məşədibabanın “Canan” qəzəli var: demə “canan” özünə, canan olub neyləmisən?” Aydın Xırdalanlının Qarabağla bağlı o vaxt “ANS”də dediyi meyxana var idi, Şuşada hava haqqında məlumatla bağlı deyirdi. Yaxşı və yerində olan bir şey idi, hansısa ədəbiyyat nümunəsinə çevriləcək. Ağız ədəbiyyatı belədir. Milyonlarla ağız ədəbiyyatı nümunəsi səslənir, amma biri gəlir şifahi xalq ədəbiyyatında özünə yer tutur, sonra artıq yazılı ədəbiyyatda şifahi xalq ədəbiyyatı nümunəsi kimi təqdim olunur. Əliağa Vahidin də Baləlinin dediyi meyxana kimi meyxanaları var...”

Müğənnilərdən Rövşanə haqda sərt sözlər: “Uşaqlıq travması var, etikası yoxdur”

Müğənnilər Nura Suri və Ayan Babakişiyeva son günlər qonaqları ilə verilişində qalmaqal yaşayan aparıcı Rövşanə Ağasəfqızını tənqid edib. Sozcu.az Olay-a istinadən xəbər verir ki, bu barədə onlar bloger Nagehan Abdullayevanın aparıcı ilə efirdəki mübahisəsinə fikir bildirərkən yazıb: “Gözəlim, sən niyə onun verilişinə getmisən axı? Onun hamı ilə problemi var. İnsanları sevmir, bilmirəm niyə belə edir... Bəlkə də uşaqlıq travması var. Sənin ailənə necə bağlı olduğunu, uşaqlarına, həyat yoldaşına necə baxdığını hamı bilir. Mən səni sevə-sevə izləyirəm. Anama da deyirəm ki, adamın Nagehan kimi gəlini ola! Yıxılan evin dirəyisən! Səni çox sevirəm. Çox yaxşı insansan və mərdsən! Bil ki, bunu hamı görür və bilir”, - deyə Nura Suri bildirib. Ayan Babakişiyeva isə Rövşanə haqda bunları yazıb: “Sualın məğzi olmalıdır ki, qonaq da ona uyğun cavab versin. Bu jurnalist özü sual verib, özü də cavablandırır. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Nagehan da elə düzgün cavab verib ki, sualı birinci özün anla, daha sonra təqdim et. Əla! Doğurdan da yaxşı etmisən”.

“İsraildə Azərbaycan Evi” beynəlxalq birliyi Ermənistanın zorakılıq aktlarına hüquqi qiymət verməyə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun kəskin etirazına səbəb olub.   “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana hansı şəraitdə əsir düşmələrinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insani hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.   Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacibliyi vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyən “İsraildə Azərbaycan Evi” beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb. 

İranda bir qrup müəllim aksiya keçirib

İranda bir qrup müəllim aksiya keçirib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, nümayiş Divandərə şəhərində baş tutub. Müəllimlər şagirdlərin naməlum şəkildə zəhərlənməsi və təhlükəli vəziyyətdə olmalarına etiraz ediblər.

Nəriman Abbasova uduzan MMA döyüşçüsü çəkisini dəyişir

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasova uduzan Rusiya təmsilçisi Marif Pirayev çəkisini dəyişir. Bu barədə 30 yaşlı idmançı "Sport-express"ə açıqlamasında bildirib. O, artıq 77 kq-da mübarizə aparacağını söyləyib: "Hamıya qələbə qazandırmağın nə mənası var? Bu çəkidə daha yaxşı olacağını düşünürəm. Tamam başqa cür olacağam. Məşqçilər, ailə, yaxınlarım çəkimi dəyişməli olduğumu deyirdilər. Özümü tam göstərə bilmədiyimi anladım". Pirayev 70 kq-da məhz Nəriman Abbasova yenildiyi döyüşü də xatırlayıb: "Onunla görüşdə formada olsam da, özümə gələ bilmədim. Təəssüf ki, bunu heç kimə izah edə bilməzsiniz. Mətbəxi içəridən heç kim görmür. Azarkeşlər qarşılaşmaya gəlirlər, birinin məğlub, digərinin isə qalib olduğunu görürlər. İdmançıların necə işlədiklərini, ailəsi və dostları ilə vaxt keçirə bilmədiklərini görmürlər". Qeyd edək ki, Marif Pirayev ötən ilin yayında Moskvadakı "AMC Fight Nights"da Nəriman Abbasova məğlub olub. Beləliklə, Azərbaycan döyüşçüsü çempionluq kəmərini müdafiə edib.

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanı müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb. Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki tərəflər Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə ediblər. Bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.

Azərbaycan 2 ayda Gürcüstandan 5 minə yaxın avtomobil idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 4 820 avtomobil idxal edib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, bununla da Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələrin siyahısında lider olub. Onu Ermənistan (2 834), Qazaxıstan (2 589), Qırğızıstan (1 338) və Rusiya (978) izləyib.

Ermənistanın Texdə İran dronlarından Azərbaycana qarşı istifadə etdiyi sübut olundu...

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi niyə imzalanmır?  Bu suala “eureporter.co” saytı son dərəcə dəqiq cavab verir. Sayt yazır ki, Tex kəndində baş verən hücum zamanı Ermənistan ilk dəfə olaraq İran dronlarından Azərbaycana qarşı istifadə edib. Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı olan dronlar bu dəfə Cənubi Qafqazdakı münaqişə zonasında ortaya çıxıb. Ən maraqlısı odur ki, son qarşıdurmaya görə Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan özbaşınalığı xəyanət kimi dəyərləndirib.  Sayt yazır ki, Nikol Paşinyan deyib ki, döyüş əməliyyatları zamanı yüksək rütbəli erməni hərbçiləri mövqeləri təslim etməklə bağlı əmr verib, çaxnaşma yaradıb: “Bu adamlar agentdirmi? İddia etmirəm, amma analitik nəticə çıxarıram. Yəni yüksək rütbəli zabitlər yuxarıdan göstəriş almalı idilər, amma mən belə bir əmr verməmişəm. Deməli, onlara əmri başqa bir “lider” verib”. Qərbə bağlı media mərkəzi yazır ki, bu, bu sözlər erməni dövlətçiliyi üçün pis əlamətdir. Ölkə başçısı belə “analitik nəticələr” çıxarmaqla məşğul olmamalıdır... Bu nə deməkdir? “Mən iddia etmirəm, amma analitik nəticə çıxarıram”? Əgər dövlət başçısı ordunun ona tabe olmadığı qənaətinə gəlirsə, bu, həmin komandirlərin fəaliyyətini dayandırılmasına gətirib çıxarmalıdır. Çünki dövlət öz ərazisində başqasına tabe olan orduya dözə bilməz. Nikol Paşinyan faktiki olaraq Ermənistanın suverenliyini itirməsindən danışır. Analitik məqalənin müəllifi  James Wilson daha sonra birbaşa mətləbə keçir. Yazır ki, İsrail prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peres İsrailin Misir və İordaniya ilə sülh sazişi imalamasına, lakin Fələstin və Livanla sülh sazişi əldə edə bilməməsindən danışarkən bunun səbəbini belə izah edib: Misir və İordaniyanın bir hökuməti, bir ordusu və bir təhlükəsizlik sistemi var. Onlarla danışıq aparıb razılığa gələ bilərsiniz. Lakin Livanda və Fələstində komanda birliyi yoxdur. Terror təşkilatları sponsorlarından başqa heç kimə tabe olmurlar: Livanın Hizbullahı, Fələstinın İslami Cihad və HƏMAS silahlIı qrupları yalnız İrandan gələn əmrlərə itaət edir. İndi Ermənistan öz təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu bəyan etməklə həmin kluba qoşulur... Son dərəcə ciddi ittihamdır. Birmənalı şəkildə deyilir ki, Ermənistan öz suverenliyini itirib. Ordu Paşinyanın yox, Rusiyadan gələn əmrləri icra edir. İran terrorçu təşkiları idarə etdiyi kimi Ermənistanı da idarə edir. Ermənistan dövləti İran tərəfindən terrorçu təşkilatların təmsil olunduğu kluba daxil edilib... Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

XİN: “Davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır”

“Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində edilən paylaşımda bildirilib. “Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, – XİN-dən qeyd olunub. Qeyd edək ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır" - Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır. Sozcu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, – deyə Paşinyan bildirib. O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib. “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını gözləyir”, – o deyib.

İrandan narkotik gətirən şəxslər SAXLANILDI

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar. Sozcu.az xəbər verir ki, tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran vətəndaşı “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Özünü xəstə göstərərək döyüşdən yayınan erməni polkovnik HƏBS EDİLDİ

Ermənistanda yüksək rütbəli zabit həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsindən məlumat verilib. Ermənistan ordusunun polkovniki müharibə zamanı özünü xəstə kimi göstərərək döyüşdən yayındığına görə, cinayət məsuliyyətinə cəlb edilib. 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərən polkovnik hərbi hissə komandirinin müavini olub. İstintaq Komitəsi bildirib ki, ibtidai istintaq zamanı tibb müəssisəsindən bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək özünü xəstə kimi göstərərək 23 gün xəstəxanada qalması barədə məlumat daxil olub. Ona ittiham elan edilib, məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

Laçının Baş Planının hazırlanmasına 250 min manat xərclənəcək

Ərazi Tikinti Planlaşdırma İdarəsi “Laçın şəhərinin Baş Planının hazırlanması üzrə layihə işlərinin satınalınması” tenderinə yekun vurub. Sozcu.az xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutu (VÖEN: 1700162811) qalib gəlib. Şirkətlə 250 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. Bakı Dövlət Layihə İnstitutu bundan əvvəl də Ərazi Tikinti Planlaşdırma İdarəsi ilə “İlkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri” tenderi üzrə 204 594 manatlıq müqavilə imzalayıb (27.05.2022).

Məhkəmə çoban Xanışın qızı ilə bağlı qərar verdi

Məşhur çoban Xanışın qızı Telli Şahıyeva cərimələnib. Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aprelin 17-də Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçibəyovun sədrliyi onun barəsində başlanmış inzibati işə baxılıb. Hakim Telli Şahıyevanın 200 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Telli Şahıyeva İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham edilirdi. Bu maddədə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq nəzərdə tutulur.

Prezident və birinci xanım Salyan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Sozcu.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər yenə işıqsız qaldı

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər güclü külək nəticəsində işıqsız qalıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediasına Qarabağdakı qondarma qurumdan məlumat verilib. Bildirilir ki, 110 kV-lik “Sərsəng” yarımstansiyasında güclü külək nəticəsində qəza baş verib. Baş vermiş qəzaların aradan qaldırılması ilə əlaqədar, aprelin 20-də bütün “Arsax” işıqsız qalacaq.

Zakir Həsənov Qazaxıstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Türkiyədən gələn tələbələr üçün quru sərhədləri AÇILDI

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Sozcu.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Krım planı: sürərli və heyrətamiz… - Budanov

Ukraynanın Krımı azad etmək planı tədricən həyata keçirilir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. “Yazının sonuna qədər hələ xeyli vaxt var. Hər şey qrafik üzrə gedir. Görək yaxın gələcəkdə hadisələr necə inkişaf edəcək. Ukraynanın əks-hücum əməliyyatı dəqiq plan və qrafikə uyğun gedir”, - Budanov bildirib. Budanov qeyd edib ki, baş verəcəklərin bütün təfərrüatını açıqlaya bilməz: “İndi bunu etsəm, planı ruslara açıqlamış olaram. Bu heyrətamiz və sürətli olacaq”.

Rusların elit qoşunları artıq məhv edilib

Rus işğalçı qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsusi təyinatlıları və hava hücumu briqadalarını köçürməyə başlayıb. Ancaq ruslar artıq həqiqi döyüşə hazır və peşəkar bölmələri bərpa edə bilmirlər. Sozcu.az xəbər verir ki, ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. O bildirib ki, işğalçıların (ruslar) qondarma elit qoşunların hazırlanmasında böyük problemləri var. Çernikin sözlərinə görə, bacarıqlı və peşəkar hərbçi yetişdirmək üçün azı dörd ay vaxt lazımdır: "İşğalçı qüvvələrin təlim keçmiş kontingenti isə genişmiqyaslı müharibənin ilk aylarında məhv edilib".

Rusiyanın itkiləri 183 mini keçdi

Ukrayna müharibənin 419-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 183 130 hərbçi, 3661 ədəd tank, 7098 ədəd zirehli döyüş maşını, 2810 ədəd artilleriya sistemi, 538 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 285 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5676 ədəd avtomobil texnikası, 2353 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 330 xüsusi avadanlıq itirib.

İsrail Çinə də çağırış etdi: İrana təsir göstər...

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanq ilə telefon danışığı zamanı bildirib. O, Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib: "Mən bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Mən onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün istənilən yolla hərəkətə keçəcək".

Hindistan əhali sayına görə Çini KEÇDİ

Hindistan əhali sayına görə Çini keçib. Sozcu.az xəbər verir ki, bunu "World Population Review" təşkilatının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 22:14-də Hindistanın əhalisi 1 milyard 425 milyon 943 min 916 nəfər, Çinin əhalisi 1 milyard 425 milyon 743 min 834 nəfər olub. Saytda Hindistan üçün rəqəmlər daha sürətli dəyişir. Qeyd edək ki, 2022-ci ildə Çin dünyada əhali sayına görə birinci yerdə olub. Onun əhalisi 2022-ci ilin sonunda 1 milyard 425 milyon 887 min 337 nəfər, Hindistanda isə 1 milyard 417 milyon 173 min 173 nəfər olub.