Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır.
Sozcu.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik.
Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, – deyə Paşinyan bildirib.
O, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib.
“Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da eyni addımı atmasını gözləyir”, – o deyib.