2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Sozcu.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub.
2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.