“TikTok”da bir qadının canlı açaraq övladına qarşı şiddət göstərməsi ilə bağlı görüntülər ortaya çıxıb. Videoya şərh bildirən sosial şəbəkə istifadəçiləri təklif ediblər ki, uşaq qadının əlindən alınsın və qadın analıq hüququndan məhrum edilsin.
Oxşar hadisələr gün keçdikcə artır. Müxtəlif sosial platformalarda uşaqlara valideynlərin istər psixoloji, istərsə də fiziki şiddət göstərməsinin canlı şahidi oluruq. Uşağına şiddət göstərən, təhqir edərək nalayiq ifadələr işlədən, onu siqaret, alkoqollu içki içməyə məcbur edən valideynləri görmək artıq sıradan hala çevrilib. Bəs bunların qarşısını necə almaq olar?
Hüquqşünas Ellada Bayramova məsələ ilə bağlı “Yeni Sabah”a bunu deyib:
“Belə şəxslər uşaq vaxtlarında gördüyü davranışları öz övladlarına tətbiq edirlər. Buna travma kimi yanaşanlar da var. Əslində, travma yoxdur. Belə adamların, anaların sevmə forması budur. Qanunvericilikdə həmin qadınların cəzalandırılması məsələsinə gəlincə, Azərbaycanda sosial qurumlar yüksək səviyyədə işləyə bilmir. Lap o anaya hər hansı bir cəza tətbiq edilsə, uşağı əlindən alınarsa, uşaq evinə verilsə, vəziyyəti daha da pisləşəcək. Çünki Azərbaycanda bu sahənin institutu yoxdur.
Oxşar hadisələrə və bu cür davranış sərgiləyən valideynlərə münasibətim neqativdir. Onların uşaqlığının necə keçdiyinə nəzər salınmalıdır. Ata-ana uşağa necə münasibət göstərib, hansı şərtlər altında böyüyüb...
Bütün bunları araşdırmadığımız üçün cəmiyyət olaraq hazır deyilik. Onları çəkib ifşa etmək olar. Amma yenə gizlində öz bildiklərini edəcəklər. Bəlkə də ana bunu anlaqlı etmir. Yəni düşüncəsi ora qədərdir. Soruşsanız, təbii ki, uşağını sevir. Onsuz da bu dünyada nə baş verirsə, ən doğmalarımız edir. Əsas düşmənimiz evimizdə olan ana-ata, bacı-qardaşdır. Çünki onların bizə edə biləcəyini heç kim ağlına gətirə bilməz”.
Hüquqşünas uşağı valideynin əlindən almağı düzgün üsul saymır:
“Cəza olaraq, hər hansı inzibati cərimə yazıla bilər. Amma o uşaq evdən çıxsa, daha betər günə düşəcək. Uşaq evlərində vəziyyət olduqca acınacaqlıdır.
Təəssüf ki, belə şeylər var. Burada əxlaq faktorları çox güclüdür. Hər hansı bir qanunvericilik, psixoloji yanaşmalar əxlaq faktorlarına söykənmirsə, orada heç bir nəticə əldən etməkdən söhbət gedə bilməz”.