Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.
Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.
Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.
Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...
Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?
Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?
Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.
Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?
Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır.
Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır.
Mustafa Hacıbəyli, jurnalist