Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Amma təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.
Tez-tez efirlərdə hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin "nömrə-1" həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər.
Sozcu.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a tanınmış televiziya eksperti, fəlsəfə doktoru Anar Vəziroğlu danışıb. Onun sözlərinə görə, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır:
"Bəzən danışanda deyirlər ki, hər şey əvvəllər də belə olub. Xeyr! Əvvəllər heç də bu cür olmayıb, o vaxt ağsaqqalın, ağbirçəyin, elin qınağı vardı. İndi bunu edən guya psixoloqlardır. Boş şeylərdi, hamısı efirlərə çıxıb pasiyent cəlb etməyə çalışırlar. Onların danışığından belə çıxır ki, 10 milyonluq əhalinin 7 milyonunun psixoloqa ehtiyacı var. Azərbaycanda insanların psixoloqa deyil, ağsaqqala, ağbirçəyə ehtiyacı var. Təbii ki, ağsaqqal özü də bu xalqa nümunə olmalıdır".
Uzun illər ATV, Xəzər TV, Space TV-nin sosial məzmunlu verilişlərinin eksperti olan tanınmış jurnalist Seymur Verdizadə də məsələyə münasibət bildirib. Jurnalist-ekspert deyib ki, o, efirə çıxmaq üçün heç vaxt ödəniş etməyib:
"Əksinə, bu gün də verilişlərə qatılmaq üçün mənə çoxsaylı müraciətlər olur. İş qrafikim bu dəvətləri qəbul etməyə imkan vermir. Amma kimlərinsə, efirə çıxmaq üçün ödəniş etdiyini istisna etmirəm. Efir həmin insanların tanınması, populyarlaşması üçün bir vasitədir. Psixoloq var ki, heç vaxt adını çəkən, işini qiymətləndirən olmayıb. 20 manata pasiyent qəbul edəndə sevincindən atılıb-düşürdü. Üç-dörd dəfə efirə çıxandan sonra qiyməti qaldırdı. İndi bir seans üçün azı 60 manat tələb edir. Əlbəttə, bunu hamıya şamil etmək olmaz. Məsələn, Aytən Ələkbərova, Elnur Rüstəmov, İlahə Dəmirbəy, Elmir Əkbər və bu kateqoriyaya daxil olan bir neçə savadlı və mütaliləli psixoloq efir məkanı üçün qazancdır".
Seymur Verdizadə deyib ki, bəzi vəkillərin, müğənnilərin, həkimlərin də pul verib verilişlərə qatıldığını eşidib: "Bu peşələr şöhrətli adamlara sərvət gətirir. Jurnalistikada isə şöhrət nadir hallarda sərvət gətirir. Bu mənə qismət olmadı. Buna görə də, hansısa jurnalistin pul müqabilində efirə dəvət olunması inandırıcı deyil. Digər peşə sahibləri isə efiri pulla satın alırlar-bunu inkar etmək olmaz".