SON DƏQİQƏ! İsrail və HƏMAS danışıqlara başladı

ABŞ-ın "CNN İnternational" və "New York Times" nəşrləri İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib. Sozcu.az xəbər verir ki, “New York Times”in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, masadakı təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir. Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, say 100-ə qədər arta bilər. Digər təklifdə bildirilir ki, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılması istənilir. Lakin İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib. "CNN İnternational" da münaqişədə bir müddətlik fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb. Bildirilib ki, HƏMAS rəsmiləri hərbi yaşda olan israilli kişiləri və İsrail əsgərlərini tezliklə azad etmək niyyətində deyil. Hər iki qəzet Qətərin İsrail və HƏMAS arasında vasitəçi rolunu oynadığını və ABŞ-ın yüksək rütbəli rəsmilərinin danışıqlarda iştirak etdiyini vurğulayıb.

Əhməd KANLIDƏRƏ: Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir

Bu yaxınlarda Ötükən Nəşriyyatı eyni vaxtda iki mühüm əsəri oxuculara təqdim etdi. Onlardan biri də 70 il əvvəl alman dilində nəşr olunan Dr. Edige Kırımalın illərdir türkcə gözlənilən Krım Türklərinin Milli Mücadilə əsəri, digəri isə yepyeni bir əsərdir: Prof. Dr. Əhməd Kanlıdərənin Yusuf Akçura və Rusya Türklüyü. Eyni dövrdə və eyni coğrafiyada gedən fikri və milli mübarizəni təsvir edən bu iki əsərin ardıcıl oxunması çox faydalı olar. Mərmərə Universitetinin Ümumi türk tarixi kafedrasının müdiri Prof.Dr. Əhməd Kanlıdərə uzun illər və böyük zəhmətlə üzərində çalışdığı bu əsəri Ötükən Nəşriyyatında uzun müddət ciddi şəkildə çalışaraq nəşr etdirmiş və təqdim etmişdir. 448 səhifəlik sərt üzlüklü kitab kimi oxuculara təqdim olunur. Şübhəsiz ki, Yusuf Akçura və Rusya türkləri kitabı hər bir türk aydınının, hər bir türk vətənpərvərinin, Türk Dünyası üzərində çalışan hər kəsin oxuyub kitabxanasında saxlamalı olduğu bir əsərdir. Əsərin müəllifi Proffesor Əhməd Kanlıdərədir və Türk dünyasında fikri hərəkatlar üzərində işləyən və əsərlər hazırlayan ən yaxşı mütəxəssislərdən biri kimi Türk milliyyətçiliyinin, Türk dünyasının siyasi və mədəni hərəkatlarının üzvüdür. əvvəlki əsərlərində görülən asan oxuna bilən üslubla, elmi ciddilik və səviyyəyə xələl gətirmədən böyük Yusuf Akçura haqqında belə yığcam bir əsərin qoyulması kitabın dəyərini artırmaqla yanaşı, Yusuf Akçuranı və onun dövrünü daha yaxşı anlamamıza kömək edir. Prof Dr Ahmet Kanlıdere işi haqqında bunları deyir: “Akçura ilə bağlı araşdırmaların əksəriyyəti onun Türkiyədəki həyatı və fəaliyyəti üzərində cəmlənib. Ancaq Akçuranın Rusiya türklüyünə dair yazıları və təhlilləri son dərəcə əhəmiyyətlidir. Akçura 1903-1908 və 1918-1919-cu illərdə Kazan, Moskva, Peterburq, Baxçasaray kimi mərkəzlərdə Rusiya türklərinin siyasi və mədəni fəaliyyətlərini təşkil edən mühüm şəxsiyyət olub. Türkiyədə olduğu illərdə də o yerlərə olan marağını qoruyub saxlamış, yazılarının əhəmiyyətli bir hissəsini Quzey türkləri məsələlərinə həsr etmişdir. Uzun və zəhmətkeş işin nəticəsində Akçuranın indiyə qədər naməlum məktublarını, fotoşəkillərini və onun haqqında bəzi xatirə əşyalarını müəyyənləşdirib üzə çıxardım. Kitabın ikinci hissəsində onun Rusiyada qəzetlərdə dərc olunan, indiyə qədər çox araşdırılmayan məqalələrini müzakirə etdim. Biblioqrafiyada onun bütün yazılarını müəyyən etməyi qarşısına məqsəd qoymuşdum; Bu, indiyə qədər irəli sürülmüş ən əhatəli siyahıdır. Kitabdakı fotoşəkillərin və sənədlərin əksəriyyəti ilk dəfədir ki, çap olunur”. Hörmətli alimlər öz üzərlərinə düşəni edir, belə dəyərli əsərlər yaradırlar və bizim də, oxucunun da vəzifəsi bu əsərləri almaq, oxumaq, oxutdurmaqdır. Əməl Kırım Vakfı

Şəmkir rayon Çinarlı qəsəbəsində Azərişıq tərəfindən yarımcan hala salınmış və təhlükəli vəziyyət yaradan işıq transformatoru

Gördüyünüz fotolar Çinarlı qəsəbəsi şəhid Aqil Mürşüdov küçəsinin girişidir. 26 avqustda Azərişığın əməkdaşları tərəfindən transformatorun tənzilməyicisi çıxarılaraq götürülüb. Harada olduğu, bu günə qədər yerinə niyə qaytarılmaması haqqında heç kəs izahat vermir. Bu səbəbdən küçədə yaşayan sakinlərin evində bir neçə dəfə yanğın təhlükəsi yaranıb. Transfarmatora bağlı naqillərin üstü isə açıqdır. Ətrafı tamamən açıq(qəsəbənin əsas ictimai yerlərindən biridir) transformator ölüm mənbəyidir( ətrafında oynayan uşaqları fotoda görə bilərsiniz). Vətəndaşlara xidmət edirik adı altında ölüm mənbəyi yaradan şəxsləri, qurumları məsuliyyət dərketməyə, öz işlərini doğru şəkildə görməyə dəvət edirik. Sözcü.az

Endirim, yoxsa fırıldaqçılıq?

Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir. Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir. Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.  “Endirim” sözü varsa, aldadılma faktı var Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib: “Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır. Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.  Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb: “Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”. Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar “Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.  Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir: “Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.   

Paris sülh konfransından müharibə küləkləri...

Dünən Parisdə sülh adı altında konfrans keçirildi. Amma, toplantıdan adına uyğun olaraq sülh çağırışları, təşəbbüsləri yox, faktiki olaraq müharibə çağırışları səsləndi. Çağırışları həm Ermənistan, həm də Fransa rəsmiləri Azərbaycana qarşı ünvanlamışdı. Paşinyan “ etnik təmizləmə”dən danışanda ona cavab verən  Azərbaycanın səfiri Leyla Abdullayevaya “Qərbi Azərbaycan” ifadəsini bəhanə gətirərək, Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirib. Üstəlik, müharibə bitəndən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipindən üçünü sanki öz təşəbbüsləri kimi qələmə verib, Azərbaycanın guya sülhdən qaçdığını konfrans iştirakçılarına elan edib. Fransada özünü çox rahat hiss edən Paşinyan səfirin Fransanın sülh işinə mane olmasını, Ermənistanı silahlandırdığı iradlarına, müstəqil dövlət olaraq silahlanmanı düzgün hesab etdiyini vurğulayıb...  Sülh konfransında panel iclasının moderatoru, Montaigne İnstitutunun analitik mərkəzinin xüsusi məsləhətçisi, Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos “ Fransada Azərbaycanın geo-siyasi vəziyyətdən istifadə edərək Rusiya və İranla gizli razılaşma yolu ilə Ermənistanı işğal etmək üçün yeni planlarının olması ilə bağlı qorxuları olduğunu” bildirib. Və məhz bu “qorxuya” görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyi qeyd edilib. Sülh adlı konfransda səslənən silahlanma çağırışlarına baxın... Əlbəttə, ermənilərin böyük bacısının paytaxtında keçirilən konfransdan Azərbaycana xoş sözlər ünvanlanmasını gözləmirik. Göründüyü kimi, yalnız Azərbaycan deyil, Parisin, Avropa İttifaqının hədəfində İran və Rusiya da var.  Bu tip beynəlxalq platformalarda Rusiyanın, İranın ittiham edilməsi bizim üçün yenilik deyil, amma bizim bu ölkələrlə adımızın yanaşı çəkilməsi Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa, Ermənistana yardım etməyin zəruriliyini vurğulamağa xidmət edir. Ermənistan isə müharibədən əvvəl, müharibə gedişində və müharibədən sonra Azərbaycanın sülh təkliflərindən imtina etməklə böyük səhvlərə yol verməsindən nəticə çıxara bilməyib. Ermənistan hələ də o xəyaldadır ki, dünyanın təzyiqi ilə ermənilər Qarabağa qayıdıb hansısa statusa malik olacaqlar. Ona görə də imkan düşən kimi həm beynəlxalq platformalarda, həm də İrəvanın özündə Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyaları aparır, aqressiv ritorika ilə perspektiv sülhə böyük xələl gətirirlər.  İndi də, Azərbaycan və Ermənistan dövlət başçılarının dekabrda guya Brüsseldə görüşəcəyi və masada  “konfrontasiya yaradan” sualların müzakirə ediləcəyi barədə xəbərlər yayırlar. Azərbaycan sülhün imzalanmasının ilk təşəbbüsçüsüdür, amma Azərbaycana qarşı Avropa platformalarında, Ermənistan rəhbərlərinin çıxışlarında səslənən fikirlər bu formatın səmimiliyinə böyük şübhə yaradır. Azərbaycan rəsmilərinin dəfələrlə Ermənistanın Zəngəzur ( Sünik) bölgəsinə heç bir hücum planlaşdırmadığını və gözümüzün olmadığını bildirməsinə baxmayaraq, Fransa rəsmiləri, Avropa İttifaqının məmurları Azərbaycanın olmayan təcavüzündən danışanda sülhə xidmət etmədiklərinin fərqindədirlərmi?  Bəhanələrindən biri də 8 anklav kənddir. Bu problemin danışıqlar predmeti olduğunu, delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti zamanı yekun qərar veriləcəyi dəfələrlə bildirilsə də, yenə Azərbaycanın bu problemi müharibə yolu ilə həll edəcəyini tirajlamaqdan yorulmurlar. Məqsəd nədir? Nəyə nail omağa çalışırlar? Vasitəçilik və sülhün imzalanamsı məkanı uğrunda Qərb və Rusiyanın mübarizəsi çoxdan məlumdur və Paşinyan bütün imkanları ilə Rusiya platformasından qaçır. Qərb formatı isə Azərbaycanın lokal antiterror əməliyyatından sonra ritorikasında və mövqeyində yanlış notlara, ifadələrə yol verdiyindən Azərbaycan üçün maraqlı gəlmir. Sülhü istəyən silahlanmadan, qıcıqlandırıcı ritorikadan imtina etməlidir.Təəssüf ki, belə bir mənzərə müşahidə olunmur. Azərbaycan Xankəndində parlaq hərbi parad nümayiş etdirdi, ərazisinin hər qarışına nəzarət etdiyini bütün dünyaya, ilk növbədə isə Ermənistana və himayədarlarına göstərdi. Ermənistan üçün tarixi şans yaranıb ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa, sabitliyə qovuşsun. Fransa və qeyrisi bölgədə gəlib düşmənçiliyi, gərginliyi davam etdirməklə Ermənistanı daha ağır fəlakətlərə sürükləmiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində bildirdiyi kimi, “Ermənistanın arxasında kim dayanırsa-dayansın”, heç nə əldə edə bilməyəcəklər, əksinə dəmir yumruqla qarşılaşacaqlar. Odur ki, kimsə böhtan və qarayaxma kampaniyası aparmaqla Azərbaycana təzyiq edəcəklərini düşünürlərsə, yanlış yoldadırlar.moderator) İlham İsmayıl

Araik Arutyunyanın qardaşı İrəvanda tele-müsahibəsində deyib ki, Xankəndində...

Gorbagor(!) “artsax” “hökuməti”nin sonuncu “dövlət naziri”  Artur Arutyunyan İrəvanda “artsax” “ictimai televiziyası”na müsahibə verib.  Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb. Müsahibədə separatçı məmur ermənilərin Qarabağdan qısa müddətdə kütləvi şəkildə çıxmasının səbəblərindən danışıb. A.Arutyunyanın sözlərinə görə, separatçı rejim Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyat zamanı  separatçı xunta “bir neçə dəfə bəyanatlar verib ki, “hökumət” ilkin olaraq Azərbaycanın nəzarətinə keçən məntəqələrin sakinlərini, sonra isə lazım gəldikdə Xankəndi şəhərindəki erməniləri təxliyə edəcək.  “Amma elektrik verilmədiyi, əlaqə kəsildiyi üçün bu məlumatı ictimaiyyətimizə lazımi formada çatdıra bilmədik. Eləcə də çaxnaşma yaradan qruplar olub, deyilib ki, guya Ermənistan Respublikasına köçmək istəyənlərə 3 gün vaxt verilib, köçəcəklər, keçməyənlər isə qalacaqlar”- deyə A.Arutyunyan izah edib.   Qondarma “dövlət naziri” bildirib ki, guya  sözügedən naməlum qruplar şayiə yayıb ki,  3 gün ərzində geriyə qalacaq 30 min erməninin Qarabağdan çıxmasına icazə verilməyəcək. “Biz daim o xəbərləri təkzib etməyə, panikaya ehtiyac olmadığını təqdim etməyə çalışdıq, amma təəssüf ki, o qədər də yaxşı alınmadı”- qondarma “nazir” belə deyib. A.Arutyunyan belə şayiələrin yayılmasının qarşısının alınmamasına əsas səbəb kimi Azərbaycan tərəfindən  guya Xankəndində rabitənin kəsilməsini göstərib. Xatırladaq ki, Artur Arutyunyan ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbəri, hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın qardaşı, yaxud əmisi oğludur.  Oktaybrın əvvəllərində A. Arutyunyanın "Laçın" sərhəd-buraxılış məntəqəsində həbs edilməsi haqda xəbərlər yayıldı. Lakin sonradan məlum oldu ki, bir sıra digər seaparatçı liderlər: Samvel Babayan, Vitali Balasanyan və s. kimi o da Ermənistana keçməyi bacarıb...

Maskdan ŞOK sözlər: “Qəzzada bir uşaq öldürülürsə...”

“Əgər Qəzzada bir uşağı öldürürsünüzsə, bir israillini öldürəcək ən azı bir neçə HƏMAS üzvü yaratmış olursunuz”. Bu barədə “SpeysX” şirkətinin qurucusu İlon Mask deyib. “Əsas problem öldürülən hər HƏMAS üzvünün yerinə neçə yeni üzvün meydana çıxmasıdır. Əgər öldürdüyünüzdən daha çoxunu yaradırsınızsa, demək ki, uğursuzsunuz”, - deyə Mask bildirib. (Axar.az)

Qələbəyə yaxınlaşırıq - HƏMAS-dan açıqlama

Əhvalımız yüksəkdir, qələbəyə yaxınlaşırıq. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeydə deyib. “Yeni sürprizlər görəcəksiniz. Sizdən tək istəyimiz dua etməkdir. Kiçik bir dəstənin böyük bir dəstəyə qalib gəldiyini deyəcəklər”, - Əbu Ubeydə bildirib.

HƏMAS-ın rəhbərinin nəvəsi Qəzzada öldürüldü

HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin nəvəsi Roaa Haniyə Qəzzada bu gün İsrail ordusunun Qəzzaya aviazərbəsi nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu iddia ilə “Əl-Cəzirə” çıxış edib.

"Bizim bu müharibədə qalib gəlmək barədə vahid mövqeyimiz var..."

Biz daha ağıllı, daha kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik..." Zelenski Zalujnını işdən çıxaracaqmı? Son zamanlar Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında ixtilafların yaranması və bununla bağlı onun işdən azad ediləcəyi barədə söz-söhbətlər üzə çıxıb. Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb. Məlumatda deyilir ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bu məsələyə aydınlıq gətirib. O, jurnalist Natalya Moseyçuka müsahibəsində deyib: "Mən bu barədə eşitməmişəm, belə məlumata malik deyiləm". Yermak həmçinin Zelenski ilə Zalujnı arasında qarşılıqlı münasibətlərdə birliyin olması barədə sualı da cavablandırıb. "Başqa cür necə ola bilər ki? Bizim bu müharibədə qalib gəlmək barədə vahid mövqeyimiz var. Bu gün daimi dialoq gedir, həftənin bütün sutkaları ərzində daimi iş gedir. Biz daha da ağıllı, daha da kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik", - Ofis rəhbəri deyib. Nədən Zelenski-Zalujnı münasibətləri diqqət mərkəzindədir? "The Economist" nəşrində   Ukraynanın Rusiya ilə müharibəsinin mövqe savaşına çevrilməsi barədə Valeri Zalujnının məqaləsi işıq üzü görəndən sonra USQ Baş Komandanı ilə Vladimir Zelenski arasında parçalanma barədə şayiələr dolaşmağa başlayıb. Noyabrın 7-də "Avropa həmrəyliyi" fraksiyasından xalq deputatı Vladimir Aryev yazıb ki, müdafiə naziri Rüstəm Ömərov, guya, "Ali Baş Komandanın Stavkasına Zalujnının işdən azad edilməsi barədə" təqdimat yazıb. Bu məlumat rusiyalı təbliğatçılar tərəfindən yayılmağa başlayıb. Sonradan deputat məlumatı ləğv edib, çünki "bir çox başqa mənbələr" bu məlumatı təkzib edib. Daha sonra Ömərovun özü bunun dezimformasiya olduğunu bəyan edib.

Rusiya bir ay ərzində 10 minə yaxın itki verdi

Donetsk vilayətinin Avdeyevka bölgəsində bir ay ərzində rus işğalçıları on minə yaxın əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib. Zalujnın sözlərinə görə, bu müddət ərzində Ukrayna əsgərləri Rusiyanın 100-dən çox tankını, 250 digər zirehli texnikasını, 50-yə yaxın artilleriya sistemini və 7 Su-25 təyyarəsini məhv edib.

“Bakı razılaşmaları təsdiqləsə, sülh sazişi 70 faiz razılaşdırılmış sayıla bilər” – Paşinyan

“Azərbaycan əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləsə, Ermənistanla Azərbaycan arasında sülh sazişi 70% razılaşdırılmış sayıla bilər”. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda çıxışı zamanı deyib. “İndi çoxları Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması şanslarının nə olduğunu qiymətləndirməyə çalışır. Mübaliğə olmaz ki, Azərbaycan artıq razılaşdırılmış şeyləri təsdiqləsə, işin 70%-ini artıq görülmüş saymaq olar”, - Paşinyan bildirib. Paşinyan izah edib ki, burada söhbət, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünün təsdiqindən gedir.

Əbülfəz Elçibəy bircə günlük aramızda görsənə...

Bəlkə də bir çoxları məndən belə bir fikir gözləmirdi. Amma hər şeyin "ağı" çıxarılan məqamda bəzən mən də özümü "ələ ala" bilmirəm.   Nə isə....   Hərdən düşünürəm ki, Allah bir möcüzə göstərə və ƏBÜLFƏZ ELÇİ BƏYİ bircə günlüyə aramıza "göndərə".    Bilirsinizmi nə üçün???    İctimai fikirdə özünü yaxın olduğunu sırıyaraq ONUN adından istifadə edənlərin, şəxsi çıxarlarından dolayı ONUN adından yalan satanların, kimlərəsə xoş gəlmək üçün baş vermiş hadisələri ONUN adından saxtalaşdıraraq ictimai rəyi əleyhinə yönəltməyə çalışanların, ONU "dost" tutaraq düşmən dəyirmanına su tökənlərin ÜZLƏRİNƏ TÜPÜRMƏK üçün.    Bu fikrim xüsusilə, ağlının ikinci uşaqlıq dövrünü yaşayan, amma iştah dişləri yeni çıxmış qocalara və qarılara aiddir.    RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN, BƏY.   Yaxşı ki, zamanında tərk etdin bizləri. Özlərini dost kimi göstərənlərin bir çoxlarının əks sifətlərini görmədin. Ədalət Yusub

Paşinyan ordunu döyüşə hazırlayır: Hədəf Rusiyadır, yoxsa Azərbaycan?

Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək. Qeyd olunur ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, görünür Ermənistan surətli şəkildə silahlanır və bu ilk belə hal deyil: “Ermənistan bundan öncə də Fransadan qısamənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.

"Brüsseldə son nöqtəni qoymağa hazırıq" - Qriqoryan

“ Ermənistan Brüsseldə keçiriləcək üçtərəfli görüşə və sülhə hazırdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında görüş mümkün olacaq”. Sozcu.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Sülh müqaviləsi üçün mandat almışıq. Sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi, ərazi bütövlüyünün açıq şəkildə təsdiqlənməsi və nəqliyyat xətlərinin blokadadan çıxarılmasını da ehtiva edən dörd prinsip əsasında həyata keçirilməsini istəyirik. Bunlar bizim danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir. Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, son nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır”, – o bildirib. News24.az

Bu ölkələrdə ət Azərbaycandan 2 dəfə ucuzdur: “Bizdə monopoliyadır”

“Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda ətin qiyməti əhali üçün əlçatan və münasib olsun”. Bu sözləri Yenisabah.az-ala söhbətində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O, ətin qiymətinin 1-2 AZN aşağı salınması bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib. Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kilosu 14 manata müştərilərə təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında qərarlaşmışdı. Öz növbəsində, V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir: “Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan zaman qiymətlər uyğun olacaq”. “O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik-1 manat düşməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə bilmiriksə, deməli, bazardan monopoliya götürülməlidir. Monopoliya ümumiyyətlə, aradan qaldırılmalıdır”, – mütəxəssis əlavə edib. Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:  “Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat əlavə edir”. “Hökumət bu kimi süni baryerlər yaratmaq özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınması ilə bağlı elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Bu barədə hökumət bir qiymət deyə bilmir. Məsələn, 1 manat, yaxud manat yarım aşağı salınsın – bu, yoxdur. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir ki, bu şəxslər də qəssablara və ət satışı ilə bağlı sahibkarla tapşırıq versin ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələdə öz xərcinə uyğun yanaşır və qiyməti ona uyğun elan edir”, – müsahibimiz fikirlərini tamamlayıb.

DƏHŞƏT: Qəzzada ölənlərin 4506-ı uşaq, 3027-i isə qadındır

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında İsrailin aviazərbələri nəticəsində ölənlərin ümumi sayı 11 078 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qurbanlar arasında 4506-ı uşaq, 3027-i isə qadındır.

Astarada tibb bacısı evində qətlə yetirildi

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bəstəkar, əməkdar incəsənət xadimi, Nəsib bəy Yusifbəylinin xalası nəvəsi Mobil Babayev vəfat edib

M.Babayev 1945-ci il dekabrın 23-də Gəncə şəhərində anadan olub. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olub, təqribən, 5-6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlayıb. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olub və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olub. 1972-ci ildə Konservatoriyadan məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səsləndirib. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib. Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır. Bəstəkar həmçinin 100-ə yaxın film, o cümlədən bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb. Ruhu şad olsun ! Sözcü.az

Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov

Qərb mediası bildirir ki, guya tərəfdaşlar Rusiya ilə sülh danışıqlarının başlaması üçün Ukraynaya təzyiqlər edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Danilov bildirib ki, sülh danışıqları müharibənin yeni mərhələsi üçün qüvvə toplamaq məqsədilə ilk növbədə Rusiyaya lazımdır: "Rusiya həqiqətən də güc toplamaq və müharibənin növbəti mərhələsinə keçmək üçün ölkəsinin xeyrinə sülh sazişləri imzalamaq istəyir".

İsrail HƏMAS-a yox, bütün Fələstinə qarşı savaşır - Ştaye

İsrail hazırda təkcə HƏMAS hərəkatı yox, bütün Fələstin xalqına qarşı müharibə aparır. Sozcu.az xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib. “Heç birimiz bu və ya digər tərəfdən dinc əhalinin öldürülməsini dəstəkləmirik. Halbuki İsrailin indi etdiyi HƏMAS-a qarşı yox, bütün Fələstin xalqına qarşı müharibədir”, - Ştaye bildirib. Ştayenin sözlərinə görə, İordan çayının qərb sahilində bu il azı 350, oktyabrın 7-dən isə 147 nəfər ölüb: “Üstəlik, israilli nazirlərdən biri məskunlaşanlara silah paylanması əmrini verib. Bu, fələstinlilərin öldürülməsinə icazə verilməsi deyilsə, bəs nədir? İndi bizim həqiqətən ehtiyacımız olan şey müharibənin dayandırılmasıdır. Çünki humanitar yardımın ehtiyacı olanlara çatdırılması üçün bu lazımdır”.

Rusiyanın itkiləri 310 minə yaxınlaşır

Ukrayna müharibənin 625-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 309 520 hərbçi, 5317 ədəd tank, 10017 ədəd zirehli döyüş maşını, 7489 ədəd artilleriya sistemi, 877 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 578 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9876 ədəd avtomobil texnikası, 5595 ədəd PUA, 1558 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1060 xüsusi avadanlıq itirib.

Bakı metrosunda ölüm

Bu gün səhər Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. Qurumdan Sozcu.az-a verilən məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.

“Tiktok Azərbaycanda bağlanmalı, onlar cəzalandırımalıdır”

“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”. Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir: “Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, əksinə, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyir. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”. Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, Tiktok sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir: “Birmənalı şəkildə bildirirəm ki, Tiktok Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. Tiktoka əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri, paylaşılıb-göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.