“Biz hazırda sosial şəbəkələrin köləsinə çevrilmişik”.
Bu sözləri “Yeni Sabah”a tanınmış aparıcı Yusif Ağayev bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yalnız qalmaqallı paylaşımlar gündəmə çevrilir:
“Mən bütün dünya ölkələrini gəzmiş adamam. Həmin səyahətlərdən çoxlu fotoşəkillərimi sosial şəbəkə hesablarımda paylaşmışam. Ancaq bu paylaşımlar heç kəsin diqqətini cəlb etmir. Qalmaqallı məlumat paylaşsam, əksinə, çoxlu izlənmə və bəyənmə gələr. İnsanlar da bunu istəyir. Bu hal isə onu sübut edir ki, biz artıq sosial şəbəkələrin köləsinə çevrilmişik. Dünyanın istənilən yerində reallıq bundan ibarətdir. Paylaşımları yalnız bəyənmə, şərh, izləyici xətrinə edirlər. Artıq sosial şəbəkələr cəmiyyətə hökm edir”.
Tanınmış aparıcı qətiyyətli şəkildə qeyd edib ki, Tiktok sosial platformasının ölkəmizdəki fəaliyyətinə son verilməlidir:
“Birmənalı şəkildə bildirirəm ki, Tiktok Azərbaycanda bağlanmalıdır. Biz bu platformada nələr-nələr görürük? Burada nələr yoxdur? Bu sosial şəbəkəyə ciddi nəzarət lazımdır. Sərgilənən bəzi davranışlar cəzalandırılmalıdır. Tiktoka əncam çəkilməlidir. Orada nümayiş edilənlər bizim cəmiyyətimizi təbliğ edir. Bu o deməkdir ki, biz ancaq bundan ibarətik? Axı bizim millətimizin o qədər gözəl xüsusiyyətləri, paylaşılıb-göstərilməli adət-ənənələrimiz, təbliğ olunmalı davranışlarımız çoxdur”.