“Bazara müdaxilə etmək doğru deyil. Əksinə, hökumət çalışmalıdır ki, ölkədə ərzaq bolluğu yaransın, daha ucuz məhsul istehsal olunsun və digər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda ətin qiyməti əhali üçün əlçatan və münasib olsun”.
Bu sözləri Yenisabah.az-ala söhbətində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
O, ətin qiymətinin 1-2 AZN aşağı salınması bağlı yayılan xəbərlərdən sonra paytaxtın ət bazarlarındakı hazırkı vəziyyəti şərh edib.
Xatırladaq ki, hazırda qiymət azalması deyiləndən daha azdır və bir çox ət dükanlarında ətin kilosu 14 manata müştərilərə təklif olunur. Bildirək ki, əvvəllər bu qiymət 14 manat 50 qəpik civarında qərarlaşmışdı.
Öz növbəsində, V. Məhərrəmov qeyd edib ki, aparılan araşdırmalar onu göstərir ki, əksər ölkələr illik adambaşına beynəlxalq normaya uyğun ət istehsal edir:
“Ona görə də bu ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisədə 2 dəfə ucuzdur. Məsələn, Rusiya, Qazaxıstan və digər ölkələri buna misal göstərmək olar. Hətta Gürcüstanda belə ətin qiyməti Azərbaycana nisbətən xeyli aşağıdır. Əsas odur ki, ölkədə normaya uyğun məhsul istehsal olunsun. Belə olan zaman qiymətlər uyğun olacaq”.
“O ki qaldı hansısa ticarət obyektlərində ətin qiymətinin 50 qəpik-1 manat düşməsinə, bu, normal haldır. Çünki hər bir ticarət obyektinin özünün xərcləri var. İkincisi isə ümumiyyətlə, bazar iqtisadiyyatında yuxarıdan göstəriş verib qiymətləri inzibati qaydada aşağı salmaq düzgün deyil. Burada hökumətin işi ondan ibarət olmalıdır ki, o, monopoliyanı aradan götürsün. Əgər istehsalı lazımi səviyyəyə qaldıra, o cümlədən normaya uyğun olaraq ölkə əhalisinin ətlə təminatını təşkil edə bilmiriksə, deməli, bazardan monopoliya götürülməlidir. Monopoliya ümumiyyətlə, aradan qaldırılmalıdır”, – mütəxəssis əlavə edib.
Ekspert nümunə olaraq onu da vurğulayıb ki, azərbaycanlılar il ərzində 40 kiloqram ət istehlak edir:
“Bizdə idxalda monopoliya mövcuddur, indi də kəsimi ələ alıblar. Əgər əvvəllər hər bir qəssab kəsimi özü həyata keçirirdisə, indi bu, mərkəzləşib. Hətta rayonlarda da bu tendensiya özünü büruzə verir. Bu da ətin hər kiloqramına təxminən 1 manat əlavə edir”.
“Hökumət bu kimi süni baryerlər yaratmaq özü qiymət artımında bir vasitəçiyə çevrilib. İndi isə qiymətin aşağı salınması ilə bağlı elan edirlər. Yaxşı, bəs aşağı nə qədər salınmalıdır? Bu barədə hökumət bir qiymət deyə bilmir. Məsələn, 1 manat, yaxud manat yarım aşağı salınsın – bu, yoxdur. Ola bilər ki, hökumət kimlərəsə tapşırıq verir ki, bu şəxslər də qəssablara və ət satışı ilə bağlı sahibkarla tapşırıq versin ki, qiymətlər düşsün. Amma hər sahibkar bu məsələdə öz xərcinə uyğun yanaşır və qiyməti ona uyğun elan edir”, – müsahibimiz fikirlərini tamamlayıb.