Ermənistan hökuməti bu yaxınlarda “Dünyanın kəsişməsi” layihəsini elan edib. Onun əsasında regional kommunikasiyaların açılacağı təqdirdə Ermənistanın öz ərazisində dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməsi dayanır.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində deyilir.
“Bundan əlavə, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi şöbə yaradılıb, onun vəzifəsi regional kommunikasiyaların açılacağı təqdirdə bu rabitələrin, eləcə də malların, yüklərin, nəqliyyat vasitələri və onların vasitəsilə daşınan insanların təhlükəsizliyini təmin etməkdir.
Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz”, - bəyanatda bildirilib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü açıqlamasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsaslanıb.