“Bakıda tıxacların artmasının iqtisadi bir səbəbi də var”

“Bakıda artıq tıxacın günü, saatı yoxdur”. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, tıxacların artmasının, həmçinin mühüm bir iqtisadi səbəb də var: “Bakı-Sumqayıt yolunda şənbə-bazar, hətta axşam saat 10-11 arası belə tıxac insanları boğur. Şəhərin mərkəzində də oxşar vəziyyətdir. Ağır tıxacın olmamalı olduğu günorta saatlarında belə küçələrdə fəlakət yaşanır. Bunun xaotik məskunlaşmadan və qeyri-effektiv ictimai nəqliyyatdan qaynaqlanan çox səbəbləri var və sahə mütəxəssisləri, blogerlər bunları zaman-zaman dilə gətirirlər. Amma güman ki, burada mühüm bir iqtisadi səbəb də var: paytaxtda normal iş şəraitinə, iş intizamına malik iş yerlərindən daha çox, insanları hüquqa uyğun normal məşğulluq şərtlərilə təmin etməyən iş yerləri üstünlük təşkil edir. Söhbət o iş yerlərindən gedir ki, qeyri-formaldır, iş saatları normadan artıqdır, səhərdən gecəyə kimi davam edir, yaxud layiqli əmək haqqı olmadığındına insanlar gün içində yarımçıq iş saatları ilə fərqli iş yerlərinin arasında ora-bura qaçır və s.”

Rusiyanın itkiləri 346 mini ötdü

Ukrayna müharibənin 662-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 346 070 hərbçi, 5 739 ədəd tank, 10 692 ədəd zirehli döyüş maşını, 8137 ədəd artilleriya sistemi, 923 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 609 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 766 ədəd avtomobil texnikası, 6278 ədəd PUA, 1 610 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 194 xüsusi avadanlıq itirib.

ABŞ-ın növbəti nüvə sualtı qayığı Koreyaya çatdı

Amerikanın “Virciniya” sinfinə aid “Missuri” nüvə sualtı qayığı Cənubi Koreyanın Pusan şəhəri sahillərinə yan alıb. Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 22-də ABŞ-ın “Los-Anceles” sinfinə aid “Santa Fe” nüvə sualtı qayığı Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına çatmışdı.

Daha çox rus əsgəri öldürmək! - Ukraynanın yeni strategiyası

Kiyev Ukrayna ərazilərinin işğaldan azad edilməsinin gedişatından məyusdur. Bu “prioritet” müvəqqəti olaraq rus qoşunlarının maksimum məhv edilməsinə dəyişdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Ukrayna Silahlı Qüvvələrinin zabitlərinə istinaddən bildirib. Nəşr Ukraynanın yeni “sərt” strategiya elan etdiyini bildirib: "Əsas məqsəd cəbhənin bu və ya digər hissəsində Ukraynanın xeyrinə maksimum müsbət məhvetmə əmsalına nail olmaqdır. Bu ssenari Ukrayna qoşunlarının qüvvələr balansında “qalibiyyəti” olmayan mövqelərdən geri çəkilə biləcəyini nəzərdə tutur".

“ABŞ Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyin yolunu tapdığını deyir” – FT

“Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması ilə bağlı danışıqları Ukraynanın xeyrinə aktivləşdirib”. Sozcu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, son həftələrdə Birləşmiş Ştatlar şəxsi danışıqlarda müsadirə məsələlərində getdikcə daha iddialı mövqe tutaraq, G7-nin iclaslarında bunu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirməyin bir yolunun olduğunu bildirib: “Adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, Vaşinqton hesab edir ki, aktivlərin müsadirəsi ilə bağlı qərar tez verilə bilər. Onun sözlərinə görə, bu məsələ G7 liderlərinin müharibənin ikinci ildönümünə təsadüf edən mümkün görüşündə müzakirə oluna bilər” Nəşr qeyd edir ki, müsadirə ideyası Aİ və ABŞ daxilində siyasi fikir ayrılıqları fonunda daha fəal müzakirə olunmağa başlayıb.

Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.  Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsinin rəisi Vüsal Əlizadə müttəhim kürsüsündə əyləşiblər.  Müttəhimlərin hər biri 2 ilə yaxındır həbsdədir. Eyni cinayət əməlində təqsirləndirilən şəxslərdən bir neçəsinin işi başqa icraatda araşdırılır. İşdə ən çox adı keçən polkovnik Rafael Xələfov da daxil olmaqla bir neçə nəfərin işi ilə bağlı isə ibtidai araşdırma davam edir.  Budəfəki iclasda hərbi hissələrdə maliyyə xidməti rəisləri işləyən zabitlər şahid qismində ifadə veriblər. Şahidlər özləri də bu iş üzrə yeyintidə iştirak ediblər. 143 milyon hesablanmış dəymiş ziyanın müəyyən hissəsi onların ayağına yazılıb. Lakin istintaq orqanı onları təqsirləndirilən şəxs qismində cəlb etməyib, ziyanı ödəmələri üçün şans verib.  Hərbi mühasiblər hamısı, demək olar ki, eyniməzmunlu ifadə veriblər. Nazirliyin maliyyə idarəsindən hərbi hissələrə vəsait ayrılıb, həmin pulun da bir hissəsi özlərinin dediyi kimi bineyi-qədimdən mövcud olan qayda üzrə mənimsənilib. Şəxsi heyətin təminatı üçün ayrılan pullar necə bölünüb? “N” saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Elşən Salmanov deyir ki, nazirliyin maliyyə idarəsindən onlara ayrılan vəsaitdən hər dəfə 20 faiz hərbi korpusun maliyyə şöbəsinə, 30 faizi isə təftişə verilib. Yerdə qalan məbləğ isə şəxsi heyətin xərclərinə və əlavə xərclərə sərf olunub.  Generalın vəkili Rəşad Mirmehdizadənin - “əlavə xərclər nə idi, hara pul verirdiniz?” - sualına şahid: “Vermədiyimiz yer var idi ki? Elə hər yerə”, - cavabını verib. Şahidin özü tərəfindən işlədiyi dövrdə bir milyon manatdan çox mənimsəmə aşkar edilib. Dövlətə dəymiş ziyan kimi yazılmış həmin məbləğin 260 min manatını geri ödəyib. Onun özünə aid ziyanın böyük hissəsini ödəməməsi vəkil Mirmehdizadəni yenidən ayağa qaldırıb: “Bu cinayət iştirakçılıqla törədilib. Mənimsənilən məbləğ də hamıya aiddir. Nizami Məmmədov 12 milyon manat pul ödəyib oturub içəridə, elə adamlar var heç nə ödəməyiblər, amma çöldədirlər. Həmin ödənilməyən ziyana görə bu adamlar həbsdə qalıb. Buna bir aydınlıq gətirmək lazımdır”. Salmanov dəymiş ziyanı tam ödəməyə çalışdığını bildirib.  “O şeytanın yer üzündəki timsalıdır…” Şahid ifadəsi əsnasında Nəzarət və təftiş şöbəsinin müdiri olmuş polkovnik Rafael Xələfovun əməllərindən danışıb, onu ən böyük düşməni adlandırıb. Şahidin dedikləri generalın digər vəkili Faiq Hüseynovda sual yaradıb. Vəkil ondan Xələfovla nəyə görə münasibətinin olmadığını soruşub: “Rafael Xələfovla həm də şəxsi işlə bağlı çox pis münasibətdə olmuşuq. O, şeytanın yer üzündəki timsalıdır. Mənə çox pisliyi dəyib. Bir dəfə Nizami Məmmədovun qəbulunda oldum, dedim ki, bəs, bu Xələfov sizə mənim haqqımda səhv məruzələr edir”. General Məmmədov şahidin onun yanına gəlməsini təsdiqləyib. Deyib ki, şahid bir dəfə onun yanına gəlib, sonralar Rafael Xələfov gəlməsinə imkan verməyib. Növbəti şahid Kərəm Xəlilov ordu korpuslarından birinin maliyyə xidmətində, sonradan nazirliyin özündə işləyib. Onun vəzifə səlahiyyətlərinə daxil olan işlərdən biri hərbi hissələrdə yoxlamalar keçirmək, aşkar olunmuş qayda pozuntuları ilə bağlı şöbə rəisinə məruzə etmək olub. Onun dediyinə görə, bütün yoxlamalar barədə birbaşa Rafael Xələfova məruzə edib. Onun tapşırığı ilə hərbi hissələrdən toplanmış pulları da elə ona təhvil verib.  “Xələfov əvvəl ifadəsində deyib ki, bir dəfə hərbi hissələrdən birindən alınmış 190 min manat pulu siz də daxil olmaqla müfəttişlərlə bölüb. Amma sonradan üzləşmədə boynuna almayıb. Deyib ki, "revizor”larla bölməmişəm. Bu nə məsələ idi?” - deyə vəkil R.Mirmehdizadə soruşub. “Rafael üzləşmədə nəyi boynuna alırdı ki, bunu da alsın?” - deyə şahid cavab verib. Vəkil bu məqamda Rafael Xələfovun məhkəmədə iştirakının təmin edilməsi barədə yenidən vəsatət qaldırıb: “Ötən həftə mən bu barədə vəsatət verdim, amma təmin edilmədi. İndi görürük ki, ehtiyac var. Bütün şahidlər deyirlər ki, onları Rafael aldadıb. Xahiş edirəm, gəlib otursun burada, aydınlıq gətirsin”. Vəsatət generalın digər vəkilləri Faiq Hüseynov və Cahangir Cavadov tərəfindən müdafiə edilib. Sədrlik edən hakim vəsatəti təmin etməyib.  Müdafiə Nazirliyinin İşlər idarəsinin sabiq müdiri İlqar Məmmədov da iş üzrə şahid qismində ifadə verib. Şahid deyib ki, maliyyə idarəsi hər ayın sonu şəxsi heyətin sayına uyğun olaraq onlara vəsait köçürüb. İ.Məmmədovun sözlərinə görə, ümumi köçürmədən əlavə müəyyən vaxtlarda əlavə xərclər olub. Həmin xərclər də Nizami Məmmədov tərəfindən qarşılanıb: “Məsələn, elə olurdu ki, yuxarı rəhbərlikdən məlumat gəlirdi ki, qonaqlar gələcək. Onları qarşılamaq və hədiyyələr almaq üçün general Məmmədovdan xahiş etmişik əlavə pul ayırıb”. Baş qərargah rəisi göstərişlər verib… Hakim Fikrət Məmmədov şahiddən sabiq Baş qərargah rəisinin (Nəcməddin Sadıkov - red.) ona hansısa göstəriş verib-vermədiyini soruşub. Şahid Nizami Məmmədovun Baş qərargah rəisinin göstərişi ilə pul ayırdığını bildirib: “Rəsmi tapşırıq olurdu, general Məmmədov da yerinə yetirirdi. Elə olurdu ki, gecə ilə çağırırdı ki, rəhbərliyin tapşırığı var. Pul verirdi, həll edirdik”.  Müttəhim general şahidin ifadəsinə münasibət bildirərkən işlər idarəsi üçün qonaqların qarşılanması məqsədilə vəsait ayrılmadığını, öz hesabına həll etdiyini vurğulayıb.  İfadə verən digər şahidlər də bənzər danışıblar. Onlar da ifadələrində şəxsi heyətin ehtiyacları üçün ayrılan vəsaitlərin bir hissəsinin tabe olduqları korpusun maliyyə şöbəsinə, bir hissəsini təftişə verdiklərini, qalan pulun isə bir qismini özləri mənimsədiklərini etiraf ediblər. Onlar hadisə baş verən dövrdə əvvəllər də eyni qayda ilə işlədiklərini ifadə ediblər. “Lap qədimdən qayda belə olub”, - ifadə verən maliyyə xidməti rəislərindən biri belə deyib.  Maliyyə xidməti rəislərindən biri bu cür işləmələrini el məsəli ilə müqayisə edib: “Palaza bürün, ellə sürün”. Proses gələn cümə günü davam edəcək. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Paşinyan "Kommunizmin ölümünün görüntüləri" sərgisində yeni imicdə göründü...-FOTOLAR

 "Kepka" qoymaq arxayınlıq, özünəgüvən əlamətidir. Sərginin adı da rəmzidir: "Kommunizmin ölümünün görüntüləri"..." Baş nazir Nikol Paşinyan və xanım Anna Akopyan Gümrüdə Sergey Merkurovun ev-muzeyində olub, burada rəssam Karen Ohanyanın “Kommunizmin ölümünün görüntüləri” adlı fərdi sərgisində nümayiş etdirilən nümunələrlə tanış olublar. Moderator.az xəbrə verir ki, bu haqda "Armenpress" məlumat yayıb. Rəssamın təşəbbüsü ilə oktyabrın 22-də açılan sərgi 2024-cü ilə qədər davam edəcək. Sərgidə İki janrın üstünlük təşkil etdiyi 12 əsər nümayiş etdirilir: mənzərə və natürmort.Karen Ohanyanın yeni silsilə əsərlərində bu iki ənənəvi janr gözlənilməz, yenilikçi və təsirli şərh alıb. O, əsərlərində kommunizmin ölümü və müharibələr haqda bəzən bilavasitə danışır, bəzən də təsirli təsviri simvollar, metaforalar yaradır. P.S. Xəbərdə əsas diqqəti cəlb edən sərgidəki rəsmlər yox, Paşinyanın yeni, orijinal geyimdə görüntüləridir. Ermənistan baş naziri, demək olar ki, ilk dəfədir, belə stildə baş geyimində- "kepka"da görünür... "Kepka" qoymaq arxayınlıq, özünəgüvən əlamətidir. Sərginin adı da rəmzidir: "Kommunizmin ölümünün görüntüləri"... Görünür, Paşinyan artıq saxta kommunizmin demokratiyanın hücumları altında məhv olduğunu, özünün də "kommunizm" şinelindən çıxmış Putin qarşısında qalib olacağını nümayiş etdirməyə çalışır...

Paytaxtın kanalizasiya dərdi: Bakı niyə yağışa məğlub olur?

Paytaxtın illərdir bitməyən “xəstəliyi” var. Söhbət Bakının kanalizasiya problemindən gedir.  Məhəmməd peyğəmbərin bu mövzuda dillər əzbəri olan bir hədisi var: “Təmizlik imandan gəlir...” Belə çıxır ki, biz dildə imanlıyıq, əməldə yox?  İllərdir ki, Bakıya üç-beş damcı yağış düşən kimi şəhər Venesiyanı xatırladır. Əksər qəsəbələrdə və Bakıətrafı ərazilərdə yağışlı havalarda hərəkət çətinləşir, gölməçələrin sayı artır.  Bəs problemin əsl səbəbi nədir? Bizim.media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrincə, Bakının kanalizasiya ilə bağlı problemi SSRİ dövründən bizə miras qalıb: “SSRİ-yə daxil olan digər böyük paytaxt şəhərlərinə baxsaq, görərik ki, ənənəvi problem hər bir ərazidə var. Bakı şəhərinin kanalizasiya problemi XIX-cu əsrin əvvəllərində yaradılmış sistemə əsaslanır. Bütün qoşulmalar bu sistem üzərindən aparılır.  İkinci Dünya müharibəsinin əvvəlində genişləndirilmiş sistem qurmaq ideyası var idi. Müharibə başladıqdan sonra bu ideya arxa plana keçdi. Daha sonra Bakı şəhərində metro çəkilişi, yeni xətlərin açılması ön plana keçdi, artıq sözügedən məsələ unuduldu”.  Ekspertin sözlərinə görə, böyük vəsaiti yağış sularının axıdılmasına yönəltmək iqtisadi cəhətdən səmərəli deyil: “İllər ərzində bu problem Bakıətrafı qəsəbələri əhatə etsə də, şəhərin mərkəzə yaxın ərazilərində və 1960-1970-ci illərdə salınmış küçə və prospektlərdə özünü qabarıq göstərir. Kanalizasiya sistemi olan ərazilər də yükü götürə bilmir. Çünki zəruri yük limiti var”.  Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə əks fikirdədir:  “Bakının məişət kanalizasiyası sistemi tam şəhəri əhatə etmir. Yağış sularını idarəetmə sistemi isə 17-22 faiz şəhər ərazisini əhatə edir. Bütün küçə və prospektlərdə bu sistem yoxdur, ancaq olmalıdır. Yağış sularını idarəetmə sistemini əhatə edən küçə və prospektlər də məişət kanalizasiyasını təmin edir, yağış sularını yox...  Hər bir yolun hərəkət hissəsinə sahəsinə əsasən, orada yığılacaq suyun miqdarına uyğun bu sistem hesablanır. Amma bizdə son illərdə yolun hərəkət hissəsi genişləndirildiyi halda altındakı yağış sularını idarəetmə sistemi yenilənməyib və genişlənməyib. Bu da başqa bir fəsaddır.  Bu sistemin qurulması bahalı olsa da, vacibdir. Bunu etmək lazımdır, çünki gələcəkdə başqa bir fəsada yol aça bilər. Düşünürəm ki, investisiya cəlb edib, bu işləri icra etmək lazımdır”.

Ələt-Astara yolunda qəza: ölən var

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Atasının evini yandıran şəxs tutuldu

İki gün əvvəl Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

İranın Rusiyaya verdiyi silahlar işə yaramadı - Məhv edildi

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə hücum edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Şahid” hücum dronları Ukraynaya Rusiya ərazisindən atılıb. Hava hücumunun dəf edilməsinə Ukrayna ordusunun qırıcıları, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb olunub. Əməliyyatlar nəticəsində 31 PUA-dan 30-u məhv edilib. “Şahid”lər Dnepropetrovsk, Kiyev, Vinnitsa, Çerniqov, Sumı, Poltava, Çerkassı, Xerson, Zaporoje, Nikolayev və Xmelnitski vilayətlərində vurulub. 

Ukrayna yeni əks-hücuma hazırlaşır

Ukrayna 2024-cü ildə yeni əks-hücum planlaşdırır. Sozcu.az “Welt”ə istinadla xəbər verir ki, bu barədə Kiyevdəki mənbələr danışıb. ABŞ Ukraynadan “Black Hawk” və “Apache” hücum helikopterləri, F-16 və F-18 döyüş təyyarələri, raket kompleksləri, “Abrams” tankları, PUA və sursatların daxil olduğu bir istək siyahısı alıb.

Qəzada yaralanan PFL əməkdaşlarının son durumu...

Dekabrın 16-da saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşının son durumu açıqlanıb. TƏBİB-dən Sozcu.az-a bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Kamil Vəli Nərimanoğlu vəfat etdi

AXCP sədrinin müavini, Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Sozcu.az xəbər verir ki, alim bu gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin

AB-dən Rusiyaya qarşı 12-ci sanksiya paketi...

Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Sanksiyalar paketini sonuncu təsdiqləyən ölkə “Raiffeisen Bank”ı Ukraynanın qara siyahısından çıxarmağa çalışan Avstriya olub. Bundan əlavə, yeni paket Rusiya neftinə qoyulan məhdudiyyətlərlə bağlı sənədlərin tələblərini sərtləşdirir. Həmçinin yeni paketə Rusiyanın qeyri-sənaye almazlarının idxalına qadağa da daxildir. Qeyd edək ki, əvvəllər analoji məhdudiyyətlər G7 ölkələri tərəfindən qəbul edilmişdi.

Keçmiş əri tərəfindən öldürülən xanımın tabutunu qadınlar daşıdı

Türkiyə paytaxtı Ankarada keçmiş əri tərəfindən qətlə yetirilən Nursena Kozan adlı qadın son mənzilinə yola salınıb. Sozcu.az xəbər verir ki, mərhumun anası Gülay Tek və digər qadınlar cənazə namazından sonra onun tabutunu özləri daşıyıblar. “Kişi zorakılığının qurbanı oldu. Onu kişilər deyil, qadınlar daşıyacaqlar”, - məlumatda deyilir. Hətta qadınlardan bəziləri “Qadına şiddətə yox” və “Şiddət göstərən kişilər yox olsun” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı Şafak Şirin (36 yaş) adlı şəxs təxminən bir il əvvəl boşandığı və dörd yaşlı qızının anası Nursena Kozanla (25 yaş) küçədə rastlaşıb. Aralarında mübahisə yaranıb və Şafak Şirin keçmiş həyat yoldaşının başına atəş açıb. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ermənistan Hindistandan orta mənzilli “Akaş” zenit-raket kompleksi ala bilər

Ermənistan Hindistandan orta mənzilli “Akaş” zenit-raket kompleksi ala bilər. Sozcu.az xəbər verir ki, bu barədə “The EurAsian Times” məlumat yayıb. Bildirilib ki, istehsalçı “Bharat Dynamics Limited” şirkəti artıq hava hücumundan müdafiə sistemi üçün ixrac sifarişləri alıb. Ehtimal olunur ki, alıcı Ermənistan tərəfidir. Hindistan Hərbi Hava Qüvvələri “Akaş” kompleksinin ilk partiyasını 2008-ci ildə sifariş edib.

Ukrayna DİN: Qumbaranı partlatmış deputat cinayətə öncədən hazırlaşırmış

İclas zamanı bir neçə qumbara partlatmış Zakarpat vilayətinin Keretskivska kənd radasının deputatı Sergiy Batrın cinayətə əvvəlcədən hazırlaşırmış. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İhor Klımenko deyib. “Hadisəni törətmiş Zakarpatiyalı şəxs öncədən hazırlaşırmış, onun evində etirafı olan qeyd tapılıb”, – nazir bildirib. Xatırladaq ki, Ukraynanın Zakarpatiya vilayətindəki Keretskivska kənd radasının binasında deputat iclas zamanı qumbara partladıb.

Finlandiya Rusiya ilə sərhədi yenidən bağladı

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayıb. Sozcu.az xəbər verir ki, tədbir 14 yanvar 2024-cü il tarixinədək qüvvədə olacaq. Finlandiya hakimiyyətinin daha əvvəl izah etdiyi kimi, bu, Vaalimaa və Niirala keçid məntəqələri vasitəsilə üçüncü ölkələrdən gələn miqrantların axını ilə bağlıdır.

Ətin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb. Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib. Dövlət Gömrük Komitəsinin bu dövr üçün açıqladığı son hesabat da bu məlumatı təsdiq edir. Belə ki, bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 054 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10.55 faiz artım olub. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, ət idxalının artmasının səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır: “İdxal hesabına yerli bazarda ət qiymətinin ucuzlaşması mümkün deyil. Bəzi hallarda mümkün olur, amma indiki halda bu belə deyil. Konkret olaraq ət idxalı hesabına ölkə daxilində bazardakı ucuzlaşmaya nail olmaq mümkün deyil. Bu bazarın strukturundan asılı olan bir məsələdir. Məsəl üçün ucuz qiymətə çay idxal etsək, ölkə daxilində çayın qiymətin azalda bilərik, amma ət idxalında bunu etmək mümkün deyil. Çünki bizdə idxal olunan ət çox nadir hallarda bazara çıxır. İdxal olunan ət əsasən hökumət və qeyri-hökumət təşkilatlarında çoxsaylı şəxsi heyyəti qidalandıran müəsissələr üçün istifadə edilir. Bu ətlərin əksəriyyəti dondurulmuş olur”. İqtisadçı qeyd edib ki, bizim bazarlarda gördüyümüz ənənəvi satılan ət idxal olunan ət deyil, yerli ətdir. Onun sözlərinə görə, yerli ət istehsalı azaldıqca da bazardakı ətin qiyməti bahalaşır: “Ət istehsalının ucuzlaşmasının əsas səbəblərindən biri isə 2015-ci ildən bəri bizim iqtisadi strategiyamızla bağlıdır. Pambıq strateji məhsulu istehsal olunanda Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin əllərində olan torpaqları alıb yerində pambıq əkdilər. Onlar da əllərində olan heyvanları satıb heyvandarlıqdan çəkildlər və nəticəsi də belə oldu”. Həmişə yay aylarında ətin qiyməti ucuzlaşırdı, amma bu il yay aylarında hətta məhərrəmlik ayı ətin qiyməti 1 manat bahalaşdı. Qarşıdakı aylarda da ətin qiymətinin bahalaşması mümkündür. Biz idxal hesabına heç vaxt ölkə bazarında ətin qiymətini aşağı sala bilmərik – deyə Akif Nəsirli əlavə edib.

Ukrayna Rusiyanın mövqelərinə ağır zərbə endirdi

Ukrayna ordusu ötən gün ərzində Rusiya texnikalarının cəmləşdiyi bir neçə əraziyə və sursat anbarlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 7 əraziyə hücum edib. Həmçinin, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah və hərbi texnikanın cəmləşdiyi 4 ərazini və rus ordusunun 2 sursat anbarını vurub.

Gələn il Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Türkiyədə dolların rekord həddə bahalaşması iqtisadiyyata elə də ciddi ziyan vurmur. Çünki Türkiyə iqtisadiyyatı çoxşaxəlidir. Həm sənayesi, həm də kənd təsərrüfatı öz ehtiyaclarını əksər məsələlərdə ödəyir. Buna görə də lap dollar qalxırsa, qalxsın. Türkiyədəki mallar onsuz da dollarla ölçülmür, öz valyutası lirə ilə ölçülür. Azərbaycanda isə devalvasiya həmişə daha ağırdır, nəinki Türkiyədə...”  Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov 2024-cü ildə Azərbaycanda devalvasiya olacağı barədə ehtimallara münasibət bildirərkən deyib.  “Əvvəllər dollar kreditlərinin olmasını kənara qoyuram. Əsas məsələ budur ki, Azərbaycan bir çox malları və xidmətləri xaricdən idxal edir. Azərbaycanda dollar bahalaşırsa, vəssalam, bütün malların, məhsulların qiyməti qalxır. Buna görə də bizim devalvasiya daha ağrılıdır. Düşünürəm, 2024-cü ildə devalvasiya olması ehtimalı elə də yüksək deyil, amma ola bilər. Ehtimal həmişə var, dünyadakı dəyişiklikləri görürük. Dünyadakı geosiyasi vəziyyətə görə valyuta ehtiyatlarımız baxımından indi neftin qiyməti də kifayət qədər yüksəkdir. Doğrudur, neft hasilatı bizdə azalıb, ortamüddətli perspektivdə, bəli, devalvasiya ola bilər. Təxminən, 3 il ərzində devalvasiya olması ehtimalı daha yüksəkdir. Çünki valyuta ehtiyatlarımızın artma ehtimalı aşağıdır. Neft az hasil edilir”, - ekspert deyib.  Qeyd: Türkiyədə dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. TL təkcə dünən dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb. 

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 buraxılış məntəqəsi yaratmağa hazırdır

Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır. Bunu Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib. Nazirin sözlərinə əsasən, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Türkiyə sərhədində 2, Ermənistan-Azərbaycan sərhədində də 5 keçid məntəqəsi quraşdırmağa hazırdır. “Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərq-Qərb Nəqliyyat Dəhlizi layihələri çərçivəsində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, - nazir əlavə edib.//APA

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib. “Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, - M. Miller bildirib. O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib. Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub.