“Bakıda artıq tıxacın günü, saatı yoxdur”.
Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, tıxacların artmasının, həmçinin mühüm bir iqtisadi səbəb də var:
“Bakı-Sumqayıt yolunda şənbə-bazar, hətta axşam saat 10-11 arası belə tıxac insanları boğur.
Şəhərin mərkəzində də oxşar vəziyyətdir.
Ağır tıxacın olmamalı olduğu günorta saatlarında belə küçələrdə fəlakət yaşanır.
Bunun xaotik məskunlaşmadan və qeyri-effektiv ictimai nəqliyyatdan qaynaqlanan çox səbəbləri var və sahə mütəxəssisləri, blogerlər bunları zaman-zaman dilə gətirirlər.
Amma güman ki, burada mühüm bir iqtisadi səbəb də var: paytaxtda normal iş şəraitinə, iş intizamına malik iş yerlərindən daha çox, insanları hüquqa uyğun normal məşğulluq şərtlərilə təmin etməyən iş yerləri üstünlük təşkil edir.
Söhbət o iş yerlərindən gedir ki, qeyri-formaldır, iş saatları normadan artıqdır, səhərdən gecəyə kimi davam edir, yaxud layiqli əmək haqqı olmadığındına insanlar gün içində yarımçıq iş saatları ilə fərqli iş yerlərinin arasında ora-bura qaçır və s.”