Gələn il Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Türkiyədə dolların rekord həddə bahalaşması iqtisadiyyata elə də ciddi ziyan vurmur. Çünki Türkiyə iqtisadiyyatı çoxşaxəlidir. Həm sənayesi, həm də kənd təsərrüfatı öz ehtiyaclarını əksər məsələlərdə ödəyir. Buna görə də lap dollar qalxırsa, qalxsın. Türkiyədəki mallar onsuz da dollarla ölçülmür, öz valyutası lirə ilə ölçülür. Azərbaycanda isə devalvasiya həmişə daha ağırdır, nəinki Türkiyədə...” 

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov 2024-cü ildə Azərbaycanda devalvasiya olacağı barədə ehtimallara münasibət bildirərkən deyib. 

“Əvvəllər dollar kreditlərinin olmasını kənara qoyuram. Əsas məsələ budur ki, Azərbaycan bir çox malları və xidmətləri xaricdən idxal edir. Azərbaycanda dollar bahalaşırsa, vəssalam, bütün malların, məhsulların qiyməti qalxır. Buna görə də bizim devalvasiya daha ağrılıdır. Düşünürəm, 2024-cü ildə devalvasiya olması ehtimalı elə də yüksək deyil, amma ola bilər. Ehtimal həmişə var, dünyadakı dəyişiklikləri görürük. Dünyadakı geosiyasi vəziyyətə görə valyuta ehtiyatlarımız baxımından indi neftin qiyməti də kifayət qədər yüksəkdir. Doğrudur, neft hasilatı bizdə azalıb, ortamüddətli perspektivdə, bəli, devalvasiya ola bilər. Təxminən, 3 il ərzində devalvasiya olması ehtimalı daha yüksəkdir. Çünki valyuta ehtiyatlarımızın artma ehtimalı aşağıdır. Neft az hasil edilir”, - ekspert deyib. 

Qeyd: Türkiyədə dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. TL təkcə dünən dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb. 

Share on Facebook