Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycan xaricdən mal əti idxalını 93.3 faiz artırıb.
Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar – sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib.
Dövlət Gömrük Komitəsinin bu dövr üçün açıqladığı son hesabat da bu məlumatı təsdiq edir. Belə ki, bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 054 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10.55 faiz artım olub.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, ət idxalının artmasının səbəbi ölkə daxilində ət istehsalının azalmasıdır:
“İdxal hesabına yerli bazarda ət qiymətinin ucuzlaşması mümkün deyil. Bəzi hallarda mümkün olur, amma indiki halda bu belə deyil. Konkret olaraq ət idxalı hesabına ölkə daxilində bazardakı ucuzlaşmaya nail olmaq mümkün deyil. Bu bazarın strukturundan asılı olan bir məsələdir. Məsəl üçün ucuz qiymətə çay idxal etsək, ölkə daxilində çayın qiymətin azalda bilərik, amma ət idxalında bunu etmək mümkün deyil. Çünki bizdə idxal olunan ət çox nadir hallarda bazara çıxır. İdxal olunan ət əsasən hökumət və qeyri-hökumət təşkilatlarında çoxsaylı şəxsi heyyəti qidalandıran müəsissələr üçün istifadə edilir. Bu ətlərin əksəriyyəti dondurulmuş olur”.
İqtisadçı qeyd edib ki, bizim bazarlarda gördüyümüz ənənəvi satılan ət idxal olunan ət deyil, yerli ətdir. Onun sözlərinə görə, yerli ət istehsalı azaldıqca da bazardakı ətin qiyməti bahalaşır: “Ət istehsalının ucuzlaşmasının əsas səbəblərindən biri isə 2015-ci ildən bəri bizim iqtisadi strategiyamızla bağlıdır. Pambıq strateji məhsulu istehsal olunanda Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərin əllərində olan torpaqları alıb yerində pambıq əkdilər. Onlar da əllərində olan heyvanları satıb heyvandarlıqdan çəkildlər və nəticəsi də belə oldu”.
Həmişə yay aylarında ətin qiyməti ucuzlaşırdı, amma bu il yay aylarında hətta məhərrəmlik ayı ətin qiyməti 1 manat bahalaşdı. Qarşıdakı aylarda da ətin qiymətinin bahalaşması mümkündür. Biz idxal hesabına heç vaxt ölkə bazarında ətin qiymətini aşağı sala bilmərik – deyə Akif Nəsirli əlavə edib.