Ermənistanın bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğum təqdirdə istefa verə bilərəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. “Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - baş nazir əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva "Rusiya sülhməramlı kontingentinin" Dağlıq Qarabağda qalma müddətinin uzadılmasının Bakı ilə müzakirəsini davam etdirəcək. O, bunu belə əsaslandırıb ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur, Moskva da bölgədəki kommunikasiyaların açılmasında maraqlıdır. "Məsələnin müzakirəsi əlbəttə çətindir, çünki söhbət Azərbaycanın ərazisindən gedir, amma Moskva Dağlıq Qarabağa köməyini davam etdirməkdə maraqlıdır. Həm də kommunikasiyaların açılması hər 3 ölkənin maraqlarına uyğundur", deyə Peskov bildirib. Hansı "Dağlıq Qarabağa" və ümumiyyətlə "Dağlıq Qarabağ" dedikdə Rusiya hakimiyyətinin nəyi və kimi nəzərdə tutduğunu Peskov dəqiqləşdirməyib. Beləliklə, ən pis gözləntilər özünü doğrultmağa başlayır və bu, artıq hansısa siyasi ekspertlərin deyil, Rusiya prezidentinin mətbuat katibinin dilindən səsləndirilir. Bizim üçün ən pis gözlənti də Rusiyanın Qarabağın Dağlıq hissəsində hərbi bazasını yerləşdirmək istəyidir. Çünki bu, Azərbaycanın əbədi olaraq Rusiya diqtəsi altında qalması demək olardı. Odur ki, indi bütün gücümüzü Rusiya hərbi kontingentinin ən geci 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılmasına yönəltməliyik. Buna daha tez nail olmaq bizim üçün daha əlverişlidir. Ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya kontingenti olmamalıdır. Ona görə ki, bu, həm Azərbaycan Respublikasının qanunlarına ziddir, həm də ölkənin suverenliyinin məhdudlaşdırılması deməkdir. Ərəstun Oruclu, politoloq
Bildiyimiz kimi üç Qafqaz ölkəsinin yaranması İ Dünya savaşının nəticələri əsasında ciddi ərazi mübahisələri ilə müşaiyət olunmuş və sonralar Gürcüstanla bu mübahisələr yoluna qoyulsa da, Qarabağla bağlı mübahisə sovetlərin dağılması ilə məlum mərhələyə gəlib çıxmışdır. Bu baxımdan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ Azərbaycanın tərkib hissəsidir deməsi Qarabağ uğrunda erməni hərəkatının 100 ildən çox çəkən mübarizəsinə də qoyulan son nöqtə idi. Paşinyan,35 illik Qarabağ məcarasının Ermənistanın suveren və müstəqil dövlət kimi hərəkət etməsi və ya formalaşması üçün ən böyük maneə olduğunu anlamış, Ermənistanın müstəqil dövlət olmadığını və suverenliyinin başqa mərkəzlərdə olduğunu etiraf etmişdir və nəticədə, bu avantüradan birdəfələik qurtulmaq yolunu tutmuşdur. Paşinyan, ərazi iddiasi ilə yaşayan Ermənistanın nə təhlükəsizlik,nə də iqtisadi inkişaf əldə edəcəyinin mümkün olmayacağını etiraf etmişdir.. Yenidən silahlanmanın və ya geosiyasi durumdan yararlanaraq xarici köməyə arxalanmanın kiçik dövlətlər üçün təhlükəsizliyə yox,daimi təhlükəyə aparacağnı anlamışdır. O, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasını Ermənistanın təhlükəsizliyi üçün mühum amil olduğunu bəyan etmişdir. Təbii ki, bütün bu köklü dəyişiklikləri və Paşinyanın strateji seçimini sürətləndirən aparıcı amil 44 günlük savaş və savaşdan sonrakı dövrdə Azərbaycan ordusunun strateji nöqtələri nəzarətə götürməsi və Ermənistanın Rusiyadan gözlədiyi dəstəyi almaması ilə bağlı olmuşdur. Hadisələrin bu cür gedişi Paşinyana da fayda gətirmiş və Rusiyadan qurtulmaq istəyində olan Ermənistana Rusiya qarşısında arqumentli hərəkət etməyə imkan vermişdir. Paşinyanın ABŞ və İngiltərənin kəşfiyyat liderlərini Yerevana dəvət etməsi və Türkiyə və Erdoğan ilə münasibətlərin qurulması strateji seçimin onlara bəyan edilməsi idi. Bu dövrə qədər, 44 günlük savaşdan sonra da Paşinyanın özünün səsləndirdiyi “DQ-ın statusunun dəqiqləşdirilməsi”, “milli müqəddaratının təmin edilməsi”, “xilas naminə ayrılma” tezısləri, ATƏT Minsk grupu həmsədrlərinin, müharibədən əvvəlki 3 prinsip və 6 elementlərini hər imkanda xatırlatması,eynilə hər gün ABŞ –ın Ermənistandakı səfirinin bögələrdə və TV-lərdə “DQ-ın statusu hələ müəyyən edilməyib, münaqişə hələ bitməyib” bəyənatları, Fransa Senatı və Parlamentinin DQ-ı tanımaq qərarları, Rusiyanın isə “statusu soznatelno sonraya saxlamışıq” bəyənatları Paşinyanın strateji seçimi ilə tarixin zibilliyinə atıldı. 2022 –ci il Oktyabrında Praqada və sonra Soçidə razılaşdırılan Bəyannamə sonralar hər iki ölkənin ərazisini konkretləşdirən rəqəmlərlə ifadə edilmiş və Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etmişdir. Paşinyanın bu bəyənatları sülh müqaviləsinə gətirməsə də, Azərbaycanı bölmək istəyən və asılı vəziyyətdə saxlamağa calışan ölkələr tərəfindən də sürpriz kimi qarşılanmış və onlar da artıq yeni reallığa uyğun hərəkət etməyə məcbur olmuşlar. Paşinyanın Azərbaycanın suverenliyini tanıması, Azərbaycanın suverenlyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təzyiq və təsirləri minimuma endirmiş və ölkəmizin daha da əminlikıə hərəkət etməsinə imkan yaratmışdır. Paşinyanın Qarabağ Azərbaycandır deməsinə açıq şəkildə hiddətlə yanaşan yəqin ki Rusiyadan başqa bir dövlətə rast gəlinməmişdir. Belə çıxdı ki, Paşinyan Qarabağ Azərbaycandır deməklə Rusiyanın bütün planlarını pozmuşdur. 2020-ci ilin Noyabr və Dekabr aylarında Qarabağ Azerbaycanın ayrılmaz hissəsidir deyən Putin, Paşinyanın Azərbaycanın sovet sərhədlərində tanımasını qəzəblə qarşılayır və əvəzində müharibədən əvvəl gedən “sülh prosesində” onun, Kəlbəcər və Laçın qarışıq,Qarabağın Ermənistan yursdiksiyasında olacağı planlarını müzakirə etdiyini deyirr... Digər tərəfdən, Lavrov biz yox, Praqa bəyannaməsini imzalamaqla Paşinyan Qarabağı Azərbaycana verdi, Rusiyanın bölgədəki missiyasını,sülhməramlı qüvvələri qeyri-müəyyənliyə gətirdi....deyir.. Son bəyənatla da Rusiya bütün bunları bir daha təkrarladı....statusu gələcək nəsillər həll edəcəkmiş və o zamana qədər də Qarabağ Rusiyanın məsuliyyət zonası olacaqmış.... Bütün bunları analiz etdiyimiz zaman ortaya haqlı bir sual çıxır. Bizim Ermənistanla davamlı sülh yaratmaq üçün müttəfiqimiz kimdir?. ABŞ, Fransa, AB yoxsa Rusiya? Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Paşinyan, yoxsa bunu etdiyinə görə onu qınayan Putin Rusiyası? Əlbəttə, bu gün Azərbaycanın sülh tərəfdaşı sözsüz ki, Nikol Paşinyandır. Təbii ki, Paşinyanın da hansı düşüncələrin hakim olduğu Ermənistanı təmsil etdiyini bilirik. Amma əsas məsələ onun tutduğu yoldur. Bizim məqsədimiz Azərbaycanın suverenliyini və təhlükəsiziyini təmin edən davamlı sülhü təmin etməkdir. Bu yolda o bizimlə birgə hərəkət edirsə, demək biz də onun hərəkəti üçün münbit şərait yaratmalıyıq. Diplomatiya heç də nə ağ və nə də qara rəngdə olur. Əgər kənardan baxsaq, onun özü də bu istiqamətdə gələcəyə yönəlimiş cəsur addımlar atır. Son anti-terror əməliyyatı zamanı Paşinyanın göstərdiyi baxış gələcəyə yönəlmiş və iki ölkə arasında barışa söykənmiş yanaşma idi. Onun başqa cür hərəkət etməsi, nəticəsindən asılı olmayaraq daha da düşmənçilyə aparan və xoş mərama yol qoymayan və Ermənistan üçün alçaldıçı sülhə gətirən addım olardı. Paşinyanın tutduğu məsuliyyətli mövqe Azərbaycanla ikili münasibətlərin ilkin təməlinə qatqı oldu. Rusiya XİN –nin son bəyənatı Paşinyanın bu cür mövqeyinə də faktiki etiraz edir... Bu baxımdan biz hər alanda qarşıdurma yox, incə diplomatiya yürütməmiz lazım. Azərbaycanda Paşinyanı linç edən telegram kanalları, saytlar, qəzetlər və TV- lərdən başa düşülən odur ki, hamı Paşinyanın şeytan imicini yaradaraq onun getməsini, uğursuzluğa məruz qalmasını istəyir. Onu linc etməklə ixtisaslaşan xüsusi jurnalistlər təbəqəsi yaranmışdır. Hər gün eyni istiqamətdə bu kampaniya gedir. Heç işğal dönəmində bu cür halla rastlaşmırdıq. Bu cür yanaşma Azərbaycana nə verəcək və bizim maraqlarımıza nə qədər uyğundur? Aparılan kampaniya hansı rasional yanaşmaya xidmət edir?. Tamam, o zaman sabah Paşinyan devrilerek getdi. Yerinə təbii ki, onu devirenlerden biri gələcək. Onun yerinə gələn Qarabağ Azərbaycandır deyəcəkmi?. Yox, deməyəcək. Sahədə vəziyyəti də dəyişə bilməyəcək, amma yeni vəziyyət heç də Azərbaycanın maraqlarına uyğun olmayacaq. Və pusquda duran beynəlxalq qüvvələr və Rusiya müdaxilə üçün yeni variantlar ortaya qoyacaq. Azərbaycan artıq Qarabağda suverenliyini təmin etmək üçün tələb olunan bütün addımları atmışdır. İndi biz qalibik, biz dəfələrlə üstünük. Və həm gücümüzlə və həm də intellektual yanaşma və baxışımızla, sözdə və əməldə sülh dili və sülh mədəniyyəti ilə hərəkət etsək, müharibədə qalib gəldiyimiz kimi sülhə də nail olacağıq. Belə olursa, bizə qarşı yönəlmiş çox sayda maneələri və bizə qarşı yaradılmış beynəlxalq ön yarğıları tezliklə aşacağıq. Önümüzdə bu məsələnin sülh müstəvisinə keçirilməsi və yerli erməni əhalisinə təhlükəsiz yaşaması üçün şəraitilərin yaradılması artıq Azərbaycan dövlətinin Konstitusiya məsuliyyətidir. Artıq düşmənçilik yox, münasibətlərin qurulması və inam yaradılması önə çıxmalı və Azərbaycanın dövlət orqanları yerli erməni əhalisinə həssas yanaşmalıdır. Azərbaycan dövləti öz suverenliyini şərəflə bərpa etdiyi kimi, öz erməni vətəndaşlarına da sahib çıxmalıdır. Bu cür olursa, Azərbaycan dövləti nihayi halda daha da gücü olacaq. Digər tərəfdən, indiki halda evakuasiya olunan erməni kəndlərindəki evlərin və mülkiyyətin qorunması təhlükəsizlik qüvvələrinin 1 nömrəli vəzifəsi olmalıdır. Hər hansı dağıntı və talanın qarşısı alınmalıdır. Bunu törədənlər sərt cəzalandırılmalıdır. Mən erməni mülki vətəndaşların öz evlərini,bağ və bostanlarını qoyub getməsinin əlbəttə əleyhinəyəm. Bunu həyatı dağılmış, ürəyi dağlanmış və 30 ildir evinə gedə bilməyən bir qaçqın kimi deyirəmsə, demək ki,insanlıq bunu deyir. Onlar indi panikaya qatılıb öz evlərini tərk etsə də, qısa müddətdən sonra ayaqyalın öz evlərinə dönməyə çalışacaqlar Həyatı dağılmış süni həyat sürən birisi olaraq, bu cür talehi heç kimə arzu etmirəm. Biz yüz minlərlə insanımıza fəlakət gətirən və vətənimizi xarabaya çevirən zəhərli erməni nasist düşüncəsini oğullarımızı qurban verərək məhv etmişiksə, o zaman azad etdiyimiz bu torpaqlarda yaşayan ermənilərə insanlığı və hansı insani təfəkkürə sahib olduğumuzu nümayiş etdirməliyik.moderator) Elxan Mehdiyev Tədqiqatçı-alim
Son günlər baş verən hadisələr bir məsələni aşkara çıxartdı ki, hakimiyyətin radikal adlandırdığı müxalifət partiyaları əslində deyilən qədər də radikal deyil. Bu günkü müxalifət ölkənin taleyni düşünən, dövlətin maraqlarından kənara çıxmayan, siyasi mübarizəsini kin - küdurət üzərində yox, düşüncə və dövlət maraqları üzərində quran siyasi qüvvələrdir. Görünən odur ki, bu günkü müxalifət təşkilatlarından kənarda təşkilatlanmamış daha radikal qüvvələr mövcuddur. Mənə elə gəlir ki, hakimiyyət də nə qədər əzməyə çalışsa da, bu qüvvələrin meydanı tutmaması üçün demokratik müxalifətin tam olaraq sıradan çıxarılmasında yox, güclənməməsində maraqlıdır. Bütün bunlara rəğmən yenə deyirəm; demokratik müxalifət hakimiyyətdən narazı bazanı loyallaşdırmalı da deyil. İllərdir ki, ölkənin narazı kəsiminin böyük bir hissəsi hakimiyyətə qarşı neytirallaşır. Mübarizə isə bitməyib. Azərbaycanın ən ciddi problemi demokratiya problemidir. Yaranan şəraitin verdiyi imkanlarla əldə etdiyimiz qələbəyə ölkənin ən vacib məsləsi olan hüquqi dövlət məsələsini qurban vermək olmaz. Demokratiya, insan hüquqları , hüquqi dövlət Azərbaycan vətəndaşlarının ən böyük haqqı və uğrunda mübarizə aparmalı olduğu ən vacib dəyərlərdir! Elşən Əlisoy
Nurəddin İsmayıl Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı ermənilərin bütün arzusunu gözündə qoydu və xam xəyallarını puç etdi. Bu əməliyyatın başlanmasının əsas səbəbinin dünənə qədər Qarabağ ərazisində mövcudluğunu qeyri-qanuni şəkildə davam etdirən erməni silahlı birləşmələrinin dinc əhalimizə qarşı törətdiyi hərbi təxribatlar, separatçı rejimin mina qurğuları yerləşdirərək polis əməkdaşlarımızın qətlə yetirilməsi faktı ilə bağlı olduğu artıq hər kəsə bəlli. Azərbaycan əsgəri aldığı ali əmrlə, 24 saat tamam olmadan bu düyün nöqtəsini bir dəfəlik kəsib atdı və erməni köçünün startını verdi. Ordumuzun məharətlə, hərbi ustalıqla, mülki əhaliyə xətər gətirmədən apardığı lokal antiterror əməliyyatı, hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hərbi uğur və diplomatik masada dövlətimizin əlini möhkəmləndirən, beynəlxalq aləmdə siyasi iradəsini təsdiq edən fakt göstəricisi idi. 44 günlük zəfərlə başa çatan İkinci Vətən müharibəsinin şanlı tarixinə yeni hərbi uğurun möhürünü vuran 24 saatlıq bu döyüş Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzinə çevrilməklə, Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin də yeni başlanğıc nöqtəsi oldu. Qələbəmizi həzm etməyən erməni havadarları yenidən beynəlxalq kürsülərdən Azərbaycan əleyhinə məkrli kampaniyalar başlatdı. Fransanın təşəbbüsü əsasında çağırılan BMT sessiyasında, ordumuzun apardığı antiterror əməliyyatına Azərbaycanın doğal haqqı kimi deyil, Qarabağda yaşayan erməni azlığına qarşı “etnik təmizləmə” əməliyyatı donu geydirməyə cəhd etdilər. Avropa İttifaqı da bu müzakirələri başqa formatda davam etdimək fikrinə düşdü. Lakin bu uğursuz cəhdlər Azərbaycan diplomatiyasının gördüyü önləyici tədbirlərlə neytrallaşdırıldı. Artıq nə Qərb, nə də ermənilərin Qarabağda qalmasına maraqlı olan Rusiya başlanan erməni köçünün qarşısını almaq gücündə deyil. Əməlli başlı panika yaşanır. Yaşadığı yerləri niyə tərk etdiklərini, üz tutduqları yerlərdə necə qarşılanacaqlarını ayırd edə bilməyən sadə erməni vətəndaşları məhz indi əsiri olduğu separatçı rejimin iyrənc, korrupsioner, öz soydaşlarının qatili olduğunu anlamağa başlayıb. Tarixin ironiyasına bax. 1988-ci ildən soydaşlarımızı amansız şəkildə, uşağa, qocaya, qadına, xəstəyə baxmadan köçə zorlayanlar, onları ata-baba yurdundan didərgin salanlar bu gün eyni aqibəti yaşayır. Əlbəttə, köç zamanı soydaşlarımıza tətbiq edilən erməni vəhşiliyindən fərqli olaraq onlar rahat şəkildə, heç bir maneə törədilmədən, zor tətbiq edilmədən istədikləri istiqamətdə hərəkət edə bilir. Dünya Azərbaycan əsgərinin sivil vətəndaşlarla mədəni rəftarının, onlara yardım edilməsinin, xəstələrinə tibbi yardım göstərilməsinin canlı şahidi olur. Haqlı qisas hissi mədəni davranışla əvəzlənib. Mülki əhaliyə öz yerlərində qalması, yaşaması üçün ən ideal variantlar təklif edilir. Amma həm Ermənistan rəhbərliyi, həm də Qərb hamiləri çiyinlərində ağır yükə çevrilən, onların dövlət olaraq inkişafını ləngidən Qarabağ iddiasından geri çəkilməyi məqbul hesab edib. Hər şeydən öncə Paşinyanın Qarabağ münaqişəsinin onları Rusiyanın əlində alətə çevirdiyini düzgün dərk etməsi onu Rusiya caynağından qopmaq üçün real addımlar atmağa sövq etdi. Özündən əvvəlki xuntanın qoyub getdiyi bu yükdən xilas olmaq yollarını aramağa başladı və sonda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qəti qərara gəldi. Bu baxımdan onun addımları təqdir edilməli, Azərbaycan və Türkiyə Rusiyanın Paşinyanı devirmək planlarının qarşını almaq üçün səy göstərməlidir. İndi qarşıda dövlətimizi görəcəyi mühüm addımlar gözləyir. Dövlət strukturları tədricən formalaşmalı, əhalimizin yenidən məskunlaşması üçün təmizləmə işləri aparmalı, qalan yerli əhalinin reinteqrasiyası üçün onları sakitləşdirən, əmin-amanlığını təmin edən tədbirlərini davam etdirməlidir. Eyni zamanda xarici siyasət sferasında ölkənin mənafeyinin qorunması, nüfuzunun artması, Qarabağ kartından yararlanmaq istəyən qüvvələrə yerinin göstərilməsi üçün diplomatik gedişlərini sürətləndirməlidir. Azərbaycanın Naxçıvanla quru əlaqələrinin bərpa olunmasında mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması üçün bütün addımlar atılmalıdır. Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz uğurları siyasilərimiz diplomatik yollarla masada davam etdirməlidir. Azpolitika.info
Artıq neçə gündür ki, fotoda gördüyünüz meydan Paşinyan hökümətinə qarşı etiraz tələbləri ilə çıxış edənlərlə dolur-boşalır. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır, istəklər ifadə olunur, amma təsiretmə gücü zəif olan etirazçılar böyük çoxluğu meydanda ətraflarına yığa bilmirlər. Sual doğura bilər niyə ? Paşinyan höküməti müharibə istəmir və Ermənistan əhalisinin çoxluğu hökümətlə eyni istəkləri bölüşür. Qabaqkı illərdə kin, nifrət üzərində kökləndirilmiş əhali bu ritorikanın Ermənistan əhalisi üçün böyük faciələrə rəvac verdiyini anlayır. Hökümət və əhalinin çoxluğu artıq mütərəqqi dünyanın bir parçası olmağı seçərək Rusiyanın müəyyən etdiyi qaydalarda yer almamağı və onun doğurduğu faciələri yaşamaq istəmir. Heçdə asan bir qərar deyil. Ermənistan bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bəlkədə olmazın məhrumiyyətlərlə üzləşəcək, amma ortaya qoyduqları iradə göstərir ki, bu işdə qərarlıdırlar. Bunun əksi olan qüvvələr, Rusiya maraqlarının təminatçısı mövqeyində görünənlər isə qızışdırmaq, ara qarışdırmaq, Paşinyan hökümətinin mövqeyini zəiflətmək üçün bütün var gücləri ilə səfərbər olublar və yaxud da olunublar. Bütün cəhdlərə rəğmən Mərkəzi Meydanı doldura bilmirlər. Ermənistan əhalisinin həmçinin çoxluğu düşünür ki, Qafqazda münaqişə ocağının dərinləşməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin hər zaman gərgin qalmasında 3-cü tərəf daha maraqlıdır və hər vəchlə onların üz-üzə qalmasını istəyir. Bu gün 3-cü tərəfin dumanlı ssenarisinin hesabına Qarabağdakı erməni əhalisi ortalıqda qalıb. Bütün bunları müşahidə edən Ermənistan əhalisinin çoxluğu yekun nəticə olaraq meydanda müharibə tələb edənlərin arasında özlərini görmək istəmirlər. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
“Ermənistan rəhbərliyi təcili artsaxı tanımalı və onun vətəndaşlarının müdafiəsinə qoşulmalıdır”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rusiya “sülhməramlı”larının nəzarətindəki torpaqlarında 32-ci ildir ki, qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan çərənləyib. “Biz hamımız Vətənimizi müdafiə etməliyik!”,- deyə Rusiya lideri V.Putinin milyarder “desant” olan R.Vardanyan teleqram-kanalında özü kimi revanşist, işğalçı xislətli, Rusiya köləsi olan hayklara çağırış edib. Xatırladaq ki, Azərbaycan ərazisinə hələ Laçındakı sərhəd-nəzarət məntəqəsi qurulmadan xeyli öncə Rusiya “sülhməramlı”ların dəstəyi ilə və o dövrdə hələ Rusiya vətəndaşı kimi qanunsuz olaraq soxulan R.Vardanyan artıq 1 ildən çoxdur ki, Azərbaycan ərazisində ictimai-siyasi, iqtisadi-sosial sahələrdə dövlətimizə qarşı təxribat fəaliyyəti göstərir. moderator)
Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam edəcək və biz buna hazır olmalıyıq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bütün müharibələr hər zaman gözləniləndən uzun çəkir, ona görə də Alyans uzun müharibəyə hazır olmalıdır: “Biz hamımız sürətli dünya üçün çalışırıq. Eyni zamanda, dərk etməliyi ki, Prezident Vladimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysa, biz sülh əldə edəcəyik”, - Stoltenberq bildirib. NATO baş katibi qeyd edib ki, müharibədən sonra Ukrayna Rusiya təcavüzünə məruz qalmamaq üçün təhlükəsizlik təminatı almalıdır.
Rusiya 1990-cı illərdə baş verənlərlə müqayisə oluna biləcək böyük dəyişikliklər dövrünü yaşayır, lakin 30 il əvvəlki hadisələrdən fərqli olaraq, ölkənin hara getdiyi məlum deyil. Sozcu.az xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska deyib. “90-cı illərdə hara getdiyimizi bilirdik. Amma indiki istiqamət bəlli deyil. Bunun necə olması lazım olduğunu eşidirik, amma necə olacağını heç kim bilmir. SSRİ-nin çökməsindən sonra hər kəsin beynində bir model vardı. İsveç kimi səliqəli, təmiz, Almaniya kimi effektli, etibarlı. İndi gələcəyin imici bulanıqdır və bu da insanları özündən çıxaran amildir”, - Deripaska bildirib. Milyarderin sözlərinə görə, Putinin 2008-ci ildən bəri inşa etdiyi dövlət kapitalizminin iqtisadi modeli dərin yanlış seçim idi.
Ukrayna döyüş meydanına hərbi texnikanı əvəz edən maketlər yerləşdirir ki, Rusiya ordusu mərmiləri bunların məhvinə sərf etsin. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, biznesmen Rinat Əhmədova məxsus Ukraynanın mədən-metallurgiya şirkəti "Metinvest" hərbi texnikanın dəqiq surətlərinin istehsalı ilə məşğuldur: "Şirkət artıq yüzlərlə müxtəlif növ Qərb silahlarının nüsxəsini istehsal edib və sonradan onlar rus qoşunları tərəfindən məhv edilib. Ukraynada istifadə olunan Britaniya istehsalı 155 mm-lik M777 haubitsasının qiyməti bir neçə milyon dollardır və "Metinvest" min dollardan da aşağı qiymətə adi kanalizasiya borularından onun surətini yaradır".
“Putin çıxış yolu tapa bilmir…”- “Bəzən 30 dəqiqə tualet və ya hamamdan çıxmır…” "Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları Kreml diktatorunun vəziyyətinə çox mənfi təsir göstərir…" Vladimir Putin artıq özünü idarə edə bilmir. Düşdüyü vəziyyətə görə panika içində olur. Diktatorun hətta ən böyük fobiyası da var… Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” kanalına rusiyalı hüquq müdafiəçisi və Gulagu.net təşkilatının təsisçisi Vladimir Oseçkin danışıb. Putin nədən qorxur?.. Hüquq müdafiəçisinin fikrincə, Putinin bəzi panik atakları onun fərdi ictimai çıxışlarında müşahidə oluna bilər. Xüsusilə, bunlardan biri "Vaqner"çilərin mərhum lideri Yevgeni Priqojinin üsyanının başlanğıcında nəzərə çarpdı… "Aydındır ki, o, iyunun 23-dən 24-nə keçən gecə Putin inqilab təhlükəsi haqda danışanda özünə nəzarət edə bilməyib. O, həm də özü ilə "vaqner"çilər arasında paralellik aparmağa çalışıb; guya onlar da eyni qandan olduqları üçün dövlət çevrilişinə ehtiyac yoxdur”, - deyə Oseçkin bildirib. Bütün bunlardan əlavə, Rusiya prezidenti: -tez-tez düşüncələrə qərq olur, bəzən 30 dəqiqə hamamdan və ya tualetdən çıxmır; -müntəzəm panik atakları var və bunu ətrafındakılar da gizlətmir… "Sonda Putin vəziyyətdən necə çıxacağını başa düşmür. Amma onun ən böyük fobiyası həyatının Müəmmər Qəddafi (Liviya diktatoru- red.) kimi bitəcəyidir", - Oseçkin yekunlaşdırıb. Xatırladaq ki, Vladimir Putin müqəddəs, sakral tarixləri sevən biri kimi Ukraynada müharibənin başa çatması üçün özünə yeni bir müddət - qondarma “Böyük Vətən Müharibəsində” qələbənin 80 illiyini təyin edib. Bununla belə, 9 may 2025-ci il, çətin ki, Kreml sahibi üçün bayram gününə çevrilsin...
Ukrayna müharibənin 561-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 266 900hərbçi, 4506 ədəd tank, 8703 ədəd zirehli döyüş maşını, 5722 ədəd artilleriya sistemi, 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 506 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8217 ədəd avtomobil texnikası, 4541 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 859 xüsusi avadanlıq itirib.