İrəvanı NATO-ya çağıran şəxs Bakıya da səsləndi

Mən Azərbaycanı, Gürcüstanı və Ermənistanı 2024-cü ildə NATO-da görmək istəyirəm. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger X səhifəsində yazıb. Qeyd edək ki, Fehlinger dünən Ermənistanı NATO-ya üzv olmağa çağırmışdı.

Latviya minlərlə rusiyalını ölkədən çıxara bilər

Latviyada yaşayış icazəsi almaq üçün yeni qaydalar qüvvəyə minib, buna görə minlərlə rusiyalının ölkəni tərk etməsi tələb oluna bilər. Sozcu.az xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi məlumat yayıb. “İmmiqrasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu qanuna tabe olan 25 mindən çox şəxs dövlət dili imtahanı və ödəmə qabiliyyətini təsdiq edən sənəd əsasında AB-nin daimi sakini statusu almaq üçün sentyabrın 1-dək Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə sənədlər təqdim etməlidir. Dekabrın 2-dək təqribən 4-5 min nəfərin ölkəni tərk edəcəyi ehtimal olunur. İndiyədək AB-də daimi rezident statusu üçün müraciət edə bilməyənlər (məsələn, dili bilməməsi səbəbindən) müvəqqəti yaşayış icazəsi tələb etmək imkanına malik idilər. Ancaq bu, bir sıra sosial müavinətləri və pulsuz dərman paketinin əksəriyyətini almağa imkan vermir. Qeyd olunur ki, avqustun 20-nə qədər yalnız 12 min 312 Rusiya vətəndaşı AB-də daimi rezident statusu almaq üçün müraciət edib və yalnız 2 min 570 nəfər bu statusu alıb. Bir neçə min nəfər dövlət dili imtahanından keçə bilməyib və təkrar imtahana yazılıb. Təkrar imtahan üçün ilin sonunadək vaxt verilib.

Ukrayna ordusu bu istiqamətlərdə irəlilədi

Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən bildiriblər. İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60%-ni Ukrayna qoşunlarının yardığı birinci müdafiə xəttinin tikintisinə sərf etdiyi barədə açıqlamasına istinad edir. Qeyd edilib ki, növbəti iki xətt o qədər də diqqətlə hazırlanmayıb. Bu istiqamətdə həmçinin mina sahələrinin daha seyrək olduğu da güman edilir.

Rus artilleriyası cənub cəbhəsindən geri çəkilir

Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirib və sentyabrın 2-də irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabatda rusiyalı blogerlərə istinad olunub və bildirilib ki, rus qoşunları Rabotino kəndinin cənub kənarından daha geriyə, dəqiqləşdirilməmiş mövqelərə çəkiliblər. “Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində bəzi ərazilərdə Rusiyanın birinci müdafiə xəttini yarıb, lakin Rusiyanın əlavə beton istehkamları və sıx minalanmış sahələr səbəbindən vəziyyət çətin olaraq qalır. Rusiya qüvvələri Ukraynanın minatəmizləmə səylərini əngəlləmək üçün mina sahələrinə tez alışan maddələr ataraq onları dronlardan atılan qumbaraatanlarla yandırır”, - məlumatda bildirilib. Eyni zamanda, Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin komandiri, polkovnik Marqo Qrosberq bildirib ki, Ukraynanın artilleriya imkanları Rusiya ilə bərabər, hətta daha yaxşıdır və onlar rusların artilleriya bölmələrini cəbhə xəttindən uzaqlaşdıraraq sıxışdıra biliblər. Qrosberq həmçinin bildirib ki, Ukrayna qüvvələri iyul ayından etibarən Rusiya əks-batareyasına ciddi ziyan vurmağa nail olub. İnstitutun analitikləri də qeyd ediblər ki, iyulun ortalarından bəri rusiyalı mənbələr Rusiyanın, xüsusən də Ukraynanın cənubunda əks-batayera imkanlarının olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Putinin “taleyi” bu dəfə İrəvanda həll olunur...

"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir...” Ermənistan hökuməti, nəhayət ki, Beynəlxalq Cinayət Məhkəməsinin(BCM) Roma Əsasnaməsini dünən uzun müzakirələrdən sonra parlamentin ratifikasiyası üçün göndərib. Sozcu.az xəbər verir ki, bu haqda məlumat yayıb. “Xatırladaq ki, mart ayında Ermənistanın Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunun Konstitusiyamıza uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl Beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib, yəni Ermənistan bu sazişi qeyd-şərtsiz ratifikasiya etsə, Putin Ermənistana gələndən dərhal sonra onu saxlayıb beynəlxalq məhkəməyə təhvil verməyə borclu olacaq. Sazişin ratifikasiyası üçün, əldə etdiyimiz məlumata görə, adi müqavilə layihələrində olduğu kimi, sadə proseduru nəzərdə tutur. Bu o deməkdir ki, parlament fraksiyaları iki həftə ərzində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt də daxil olmaqla, təkliflər verə bilər və bundan sonra layihə 3 həftə ərzində müvafiq komissiyalarda müzakirə olunaraq, gündəliyə salınacaq. Yeri gəlmişkən, "Vətənadaş sazişi” partiyasının adekvat hissəsində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt qoyulacağına ümid edirlər, əks halda bunun Ermənistan üçün təhlükəli nəticələri olacaq, çünki Rusiya Federasiyasının rəsmi dairələri bunu gizlətmirlər. Qəzet yazır ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir”- xəbərdə belə deyilir.

“Abrams”lar Ukraynaya bu tarixdə gəlir

ABŞ-ın “Abrams” tankları sentyabrın ortalarında Ukraynaya gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna 31 tankdan ilk 10-nu sentyabrın ortalarında alacaq. Pentaqonun sözçüsü nəşrə bildirib ki, Ukrayna üçün onlarla tank hazırda Almaniyada yekun rekonstruksiyadan keçir. Bundan sonra 70 tonluq “Abrams”lar Ukraynaya gedəcək.

Rusiyaya total PUA hücumu: Bu vilayətlər vuruldu

Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumlardan birini həyata keçirib. Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətləri PUA hücumlarına məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, ən güclü zərbə Pskovdakı Müdafiə Nazirliyinə məxsus aerodroma endirilib. Rəsmi məlumatda hücumda neçə dronun iştirak etməsi bildirilməsə də, Rusiya Teleqram kanalları bunların 10-20 ədəd olduğunu yazıb. Partlayışlar yerli vaxtla saat 23:40-da (Bakı vaxtı ilə 00:40) başlayıb və iki saata yaxın davam edib. Pskov qubernatoru Mixail Venediktov hücum zamanı xəsarət alanların olmadığını deyib. Rəsmi məlumatda aerodromdakı 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin zədələndiyi təsdiqlənib. Pskovda Rusiyanın 76-cı qvardiya desant-hücum diviziyası yerləşir və bu təyyarələr də həmin divisiyanın ixtiyarındadır. Bu diviziya Ukraynanın Buça şəhərinin işğalında iştirak edib. Rusiya mətbuatı yazır ki, vurulan hər bir İl-76 təyyarəsinin qiyməti 5 milyard rubldur. Hazırda aerodrom avqustun 31-nə kimi bağlı elan edilib. Pskov şəhərində diversantların axtarışı ilə bağlı “Edelveys” planı tətbiq olunub. Bundan başqa, Bryansk vilayətinə də PUA hücumu edilib. “Baza” yazır ki, dronlardan biri “İsgəndər” və “Pantsir”lər üçün komplektlər istehsal edən Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan “Kremniy EL” zavoduna düşüb. Zavodun 16-cı korpusunda yanğın baş verib. Daha iki PUA isə “Drujba” neft bazasına hücuma cəhd edib. Bryansk qubernatoru Aleksandr Boqomaz hücum zamanı xəsarət alanların olmadığını deyib. Avqustun 30-u gecə saatlarında Orlov vilayətinə də PUA hücumu edilib. Vilayətin qubernatoru Andrey Klıçkovun sözlərinə görə, hücum 2 dron tərəfindən həyata keçirilib. Eyni zamanda Kaluqa və Ryazan vilayətlərinə də PUA hecumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi hər iki vilayətə hücum edən PUA-ların məhv edildiyini bildirib. Moskvanın Ruzsk rayonunda da bir PUA zərərsizləşdirilib. Tula vilayətində də partlayışlar baş verib. Yerli Teleqram kanallarının məlumatına görə, bütün region ərazisində PUA hücumları səbəbindən “Xalça” planı tətbiq olunub.

Çin Rusiyanın bir hissəsini öz ərazisi elan etdi

Çin ilk addımı atdı və rəsmi xəritələrdə Rusiyanın bir hissəsini öz ərazisi elan etdi. Çinin dövlət təsisatı, Standart Xəritələrin Kartoqrafik Xidməti 2023-cü il üçün coğrafi xəritələr toplusunu təqdim edib. Bu xəritələrdə ilk dəfə olaraq Rusiya aid ərazi Çinin bir hissəsi kimi göstərilib. Söhbət Amur çayı üzərindəki Böyük Ussuri adasından gedir. Rusiya və Çin arasında 2008-ci ildə imzalanmış sazişə görə bu ada iki ölkə arasında bölünmüşdü. İndi isə ada bütövlükdə Çin torpağı elan edilib. Sovet dövründə bütövlükdə Rusiyaya aid olan adanın yarısını Putin 2008-ci ildə Çinə güzəştə getmişdi. Adanın ərazisi Amur çayında suyun səviyyəsindən asılı olaraq 327 ilə 350 kvadrat kilometr təşkil edir. İndi isə Çin adanı bütövlükdə öz sərhədləri daxilinə qatıb. Rusiyanın rəsmi dairələri bu hadisəyə etiraz da etməyiblər.  Böyük Ussuri adasının Çinin sərhədləri içərisinə daxil edilməsi ilk addımdır və ardı gələcək. Ancaq bu hadisənin bu qədər tez baş verəcəyini etiraf edim ki, gözləmirdim. Görünür ki, Rusiyanın vəziyyəti daha pisdir. Çin dövləti də bunu bilir və özünükü hesab etdiyi torpaqları sərhədləri daxilinə qatmağa başlayıb.  Çin Rusiya torpaqlarını özününküləşdirməyə başladığı bir zamanda Ukrayna müharibə başlayandan bəri Rusiya ərazisinə ən böyük hücumunu həyata keçirib. Ukrayna Silaahlı Qüvvələri Rusiyanın Pskov, Bryansk, Oryol, Kaluqa, Ryazan və Moskva vilayətlərindəki hərbi obyektlərə zərbələr endirib. Pskovdakı hava limanında İl-76 hərbi-nəqliyyat təyyarələrinin yandığını göstərən videolar yayılıb. Ukraynanın bu hücumu da son deyil, yalnız başlanğacdır. Rusiya ordusunun Ukraynadakı itgiləri də çox böyük miqyas alıb. Ukrayna ordusu bütün cəbhə boyu Rusiya ordusuna ağır zərbələr vuraraq irəliləməkdədir.  Bütün bunlar Dərbəndi tələb etmə zamanı olduğunu təsdiqləyir. Xəqani Cəfərli, siyasi şərhçi 

Rusiya geri çəkilməyə hazırlaşır - Oseçkin

Rusiya Federasiyası əvvəlki kimi döyüşə bilmir və geri çəkilməyə hazırlaşır. Buna görə də “Vaqner”in rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkin ləğv edildi, Donbas separatçılarının sabiq rəhbəri İqor Strelkov (Qirkin) isə nəzarətə götürüldü. Sozcu.az xəbər verir ki, bunu “Gulagu-net” ictimai layihəsinin yaradıcısı, hüquq müdafiəçisi Vladimir Oseçkin deyib. “Sistem tikişlərlə parçalanır. Sistem yorulub. O, 2022-ci ilin yazında və yayında başladığı həcmdə mübarizəni davam etdirə bilməz. Sursatla, orduda xidmət etmək istəməyən, evakuasiya tələb edən çoxlu sayda insanla, ərazilərdə təxribat təlimatları və əmrləri ilə bağlı problemlər yaşanır. Ona görə də şəxsən mən burada sistemin müəyyən dərəcədə geri çəkilməyə hazırlaşdığını görürəm. Super optimist olub müharibənin sabah bitə biləcəyini demək istəmirəm. Amma aydındır ki, Rusiya müharibəni hələ altı ay əvvəl olduğu formatda apara bilməz”, - Oseçkin bildirib.

Moskvaya PUA hücumu edildi

Bu gün səhər saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA Lyubertsı şəhərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur.

Rusiyanın itkiləri 260 minə yaxınlaşır

Ukrayna müharibənin 548-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 630 hərbçi, 4378 ədəd tank, 8521 ədəd zirehli döyüş maşını, 5361 ədəd artilleriya sistemi, 724 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 495 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7790 ədəd avtomobil texnikası, 4356 ədəd PUA, 1409 qanadlı raket, 18 gəmi/qayıq, 802 xüsusi avadanlıq itirib.

Ukrayna Bryanskı atəşə tutdu

Ukrayna ordusu Bryansk vilayənin Belaya Beryozka qəsəbəsini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, nəticədə enerji təchizatına ciddi ziyan dəyib. Tələfat yoxdur.