“Trampın qalib gələcəyi halda bu münaqişənin miqyası bir qədər də böyüyə bilər. Hətta İordan çayının Qərb sahilinə, yəni Fələstin muxtariyyəti mövcud olduğu Ramallaha da keçə bilər...”
“İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada Fələstin xalqına qarşı apardığı soyqırımı, etnik təmizləmə siyasəti mənə elə gəlir ki, ABŞ-dəki prezident seçkilərindən sonra bitəcək. Təbii ki, Donald Tramp qalib gəlməzsə... Trampın qalib gələcəyi halda bu münaqişənin miqyası bir qədər də böyüyə bilər. Hətta İordan çayının Qərb sahilinə, yəni Fələstin muxtariyyəti mövcud olduğu Ramallaha da keçə bilər. Çünki Trampın bu istiqamətdə, Yaxın Şərq istiqamətindəki siyasəti ifrat dərəcədə birqütblüdür”.
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında “Sizcə, İsrail baş naziri Benyamin Netanyahunun Qəzzaya, Fələstin xalqına qarşı bir ilə yaxındır apardığı, artıq 40 mindən çox insanın qətliamı ilə müşayiət olunan soyqırımı hansı halda dayana bilər?” sualını cavablandırarkən dilə gətirib.
“Yox, əgər seçkilərdə demokratlar, yəni Kamala Xarris qalib gələrsə, Netanyahu nəinki bunu dayandırmağa, hətta hakimiyyətdən getməyə məcbur ola bilər. Amma istənilən halda ABŞ-nin də bu işdə iştirakı olacaqdır. Çünki görünən budur ki, hələ İsraildəki etirazlar Netanyahunun hakimiyyətdən getməsi üçün yetərli deyil”, - deyə davamında analitik bildirib.