Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Sozcu.az “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.
İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı... Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir... İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir. Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb? İTS niyə özünü doğrultmur? Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək: 1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması, 2. Xidmətin keyfiyyətinin artırılması, 3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi. Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir. Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, yeməsən də... Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə! Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz? Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir! Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamısı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanlar ı, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır. Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər. İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir. Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir? Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir. Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik... Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır? Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq - RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər. Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin "Semaşko" və "Respublikanski" kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir... İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək. …Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq "yox" cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur. Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur. İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir. Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq. İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub... Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək… İTS niyə ancaq Bakıdadır? İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq. İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addımlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanaxması olan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir. Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş! Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur. Vəziyyətdən çıxış yolu isə asan deyil. Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə...(BakuPost)
Rusiya Müdafiə Nazirliyinin Dneprdəki qoşunların mövqeyi ilə bağlı yaydığı məlumat dərhal silinib. Sozcu.az glbalinfo.az-a istinadən xəbər verir ki, məlumatda buradakı qrupun komandanlığının qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarı verdiyi vurğulanıb. Sözügedən məlumatın RİA Novosti və TASS İnformasiya Agentliyinin veb səhifələri və sosial şəbəkə hesablarından dərhal silinməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi iddia edilir. Rusiyanın məhz bu istiqamətdə yeni hücuma hazırlaşdığı deyilir.
“İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir”. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni deyib. Ekspert Tehranla Moskva arasında dəhlizə nəzarət məsələsinə yanaşmada fikir ayrılığının olduğunu iddia edir: “İran üçüncü ölkənin bu yollara nəzarət etməsini qəbul etmir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək o yola yalnız Ermənistan nəzarət etməlidir. İran ancaq bu variantın tərəfdarıdır. Hər halda üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Çünki İran da həmin yollardan keçir və o yollara yalnız Ermənistanın nəzarət etməsini istəyir. Bəli, burada İran və Rusiyanın maraqları toqquşur”.
Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək. Qeyd olunur ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, görünür Ermənistan surətli şəkildə silahlanır və bu ilk belə hal deyil: “Ermənistan bundan öncə də Fransadan qısamənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.
“Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur...” “Hesab edirəm ki, Dağıstandakı – Mahaçqala hava limanındakı son iğtişaşlar təsadüfi deyil. Birincisi, içərisində guya yəhudilər olduğu deyilən və Təl-Əvivdən qalxan təyyarənin oraya enməsi təəccüblüdür. Bildiyimə görə, belə bir reys, ümumiyyətlə, yoxdur... Əgər İsraildən Dağıstana doğrudan da uçuş olubsa, bu hansı səbəbdən baş verib. İkincisi, insanlar Təl-Əvivdən qalxan təyyarənin Mahaçqalaya enəcəyi xəbərini öncədən haradan biliblər ki, belə ani şəkildə təşkilatlanıb aeroporta kütləvi hücum təşkil ediblər?” Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Sizcə, Mahaçqala aeroportunda baş vermiş kütləvi antisemit iğtişaş kortəbii şəkildə baş verib, yoxsa öncədən planlaşdırılıb?”sualını cavablandırarkən ifadə edib. “Belə suallar bəhs edilən olayların arxasında Rusiya daxilində sabitliyi pozmağa çalışan hansısa qüvvələrin dayandığı ehtimalını da yaradır. Təbii ki, xarici qüvvələrin də əli ola bilər. Amma nəzərə alsaq ki, Rusiya dövlətinin öz daxilinə xarici müdaxilə baxımından nəzarəti yetərincədir, bu daha çox daxildəki hansısa qruplaşmanın əməli kimi də anlaşılır. Belə çıxır ki, insanları öncədən məlumatlandırıblar, təşkilatlandırıblar. Və görünür, Putinin konkret olaraq özünün və onun komandasının İsrailə bugünkü münasibətinə neqativ mənada belə bir dəstək göstərmək məqsədi güdülüb. Göstərmək ki, həqiqətən Putin Rusiyasında antisemitizm baş alıb gedir... Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur. Odur ki, sözügedən iğtişaşlar daha çox Rusiya daxilindən törədilmiş təxribata oxşayır”,- deyə analitik vurğulayıb.
Torpaqlar azad olunandan sonra keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 minə yaxın məcburi köçkün Qarabağa qayıdıb. Halbuki ölkədə 700 mindən artıq məcburi köçkün var. Qarabağa səfər edənlərin sayı da azdır. Bu günədək ümumilikdə 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib (rəsmi məlumat). Onlardan biri olaraq, mən dostlarımla cəmi 4 saata yaxın müddətdə Şuşada ola bilmişəm. Yəni, əhalinin 99,7 faizdən çoxu işğaldan azad olunan əraziləri hələ heç görməyib də. Bu rəqəmlər sübut edir ki, Qarabağ erməni işğalından azad edilsə də, Qarabağ hələ azad deyil - xalqa məxsus deyil. Qarabağa azadlıq! Mustafa Hacıbəyli, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması ABŞ siyasi dairələrində rezonans doğurub. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla əlaqədar bir qrup konqresmen dövlət katibi Entoni Blinkenə məktub ünvanlayıb. Məktubda Vaşinqtonun Ankaranın qarşısında 6 tələb qoyması təklif olunur: 1. Türkiyə HƏMAS-ı rəsmi olaraq “terror təşkilatı” adlandırmalıdır; 2. HƏMAS-ın İstanbul ofisi və ona bağlı fəaliyyət göstərən qurumların fəaliyyəti dayandırılmalıdır; 3. Türkiyədə bu qruplaşmanın bütün nümayəndələrinin vətəndaşlığı ləğv edilməli, pasportları əllərindən alınmalıdır; 4. HƏMAS nümayəndələri Türkiyədən deportasiya edilməli və ölkəyə girişlərinə qadağa qoyulmalıdır; 5. HƏMAS-ın maliyyələşdirilməsində hər hansı türk bankının əlinin olub-olmaması araşdırılmalı, nəticələri ABŞ Dövlət Departamentinə bildirməli və bu cür maliyyələşdirmədə iştirak edən banklara sanksiyalar tətbiq edilməlidir; 6. HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunda Türkiyə rəsmilərinin əlinin olub-olmadığını araşdırmalı və nəticələri ABŞ Dövlət Departamentinə bildirməlidir. CNN və “Hürriyyət” qəzetinin Vaşintqon müxbiri Yunus Paksoy deyib ki, hazırda yunan lobbisi İsrailə hücum məsələsini Türkiyənin üzərinə yıxmağa çalışır.
"2008-ci və 2014-cü illərdə dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olacaqdı..." "Gürcüstan və Moldova öz ərazilərinin azad edilməsinə başlasaydılar, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş əraziləri xeyli tez azad edə bilərdik..." "Dünyada Rusiya-İran-KXDR "şər oxu" kollektiv Qərbə və ABŞ-a qarşı dayanıb..." "Qarabağda antiterror əməliyyatından bir neçə gün öncə nə baş verib?.." Üçüncü dünya savaşı 2008-ci ildə başlayıb və hazırda onun qaynar fazası baş verir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib. Danilov Vahid Xəbərlər telemarafonunda HƏMAS-ın İsrailə hücumu ilə üçüncü dünya savaşının başlanması, sivil dünyanın vuruşduğu "şər xətti"nin aydın sezilməsi tezisi ilə bağlı sualını cavablandırıb. "Üçüncü dünya savaşı Rusiyanın Gürcüstana hücumu və ərazisinin bir hissəsini ələ keçirdiyi 2008-ci ildə başlayıb. Sonra 2014-cü ilin fevralındakı vəziyyət olub. Sadəcə, savaş "soyuq" vəziyyətdə olub, hazırda fəal mərhələyə keçib. Bu savaş 24 fevral 2022-ci ildə özünün qaynar fazasına keçib. Bu gün İsrail və digər ölkələrin ərazilərində baş verənlər artıq bunun nəticələridir. Üstəlik, mən əminəm ki, bu münaqişə bizim sizinlə yaxın zamanlarda müşahidə edəcəyimiz son münaqişə deyil. Dünya güclü hərəkət etməkdədir və çox şey bu məsələdə nə qədər tez bir zamanda nöqtə qoya biləcəyimizdən asılı olacaq, Allah eləməsin ki, bu, bütün dünyanı ağuşuna alsın", - Danilov deyib. O, vurğulayıb ki, dünyanın buna uyğun münasibət göstərməsi çox vacibdir. "Mən düşünürəm ki, məsuliyyətli siyasətçilər, o cümlədən ABŞ bu məsələdə imkan daxilində tez bir zamanda, birdəfəlik necə nöqtə qoyulmasını anlayır", - o, vurğulayıb. Danilovun sözlərinə görə, Ukraynada müharibə getdiyi zaman Gürcüstan və Moldova öz ərazilərini Rusiyadan azad etməyə başlasaydı, biz birlikdə təcavüzkar tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi məsələsini xeyli tez bir zamanda həll edə bilərdik. "Mənim mövqeyim hələ bizə qarşı təcavüz başlanada bəlli olub. Mən deyirdim ki, əgər gürcülər və moldavanlar öz ərazilərini rusiyalı işğalçılardan azad etməyə başlasalar, biz bu məsələnı xeyli tez həll edərdik. Lakin bu, onların hökumətlərinin, bu ölkələrin özlərinin qərarı ola bilər. Onlar hesab edir ki, bizim köməyimizlə, yəni biz rusiyalılar üzərində qələbə qazandıqdan sonra onlar öz ərazilərini tez bir zamanda işğaldan azad edəcək", - Danilov qeyd edib. "Mən dünyada mövcud olan bütün münaqişələrin imkan daxilində tez bir zamanda bitməsinin tərəfdarıyam. Üstəlik, bu münaqişələr ədalətlə, imkan daxilində az itlkilərlə bitməlidir. Təəssüf ki, biz bu gün öz müstəqilliyimiz uğrunda mübarizədə bu qədər itkilər veririk. Əgər 2008-ci ildə Gürcüstan müharibəsi, 2014-cü ildə Krım məsələsi olanda dünya Putin soyadlı müasir Hitlerin cavabını versəydi, itkilərimiz xeyli az olardı. Amma bu, artıq tarixdir. Biz öz işimizi görüb, düşməni məğlub etməliyik", - Danilov vurğulayıb. Yeni qlobal qarşıdurma Beynəlxalq dərəcəli ekspert Taras Jovtenkonun fikrincə, Ukrayna və İsraildən başqa, üçüncü dünya savaşı Koreya və Tayvanı da əhatə edə bilər. HƏMAS-ın İsrailə hücumundan sonra informasiya məkanında getdikcə üçüncü dünya savaşından tez-tez danışılır. Məlumdur ki, Rusiya 2014-cü ildən başlayaraq Ukraynanı məhv etmək istəyir, HƏMAS İranın dəstəyilə İsrailə hücum edib, israillilərin Qəzza bölgəsinə zərbələrinə cavab olaraq şimaldan Suriya, Livan onu təhdid edir, Cənubi Koreya KXDR tərəfdən ehtimal edilən hücumu gözləyir. Bütün bu olaylar dünyaya "şər oxu"nu göstərib. Rusiya-İran-KXDR, bu üç ölkə bu gün öz liderlərinin bəyanatları səviyyəsində kollektiv Qərbə və Birləşmiş Ştatlara qarşı dayanıb. Çox vaxt bu "şər oxu"na Çin də aid edilir, lakin Pekin rəsmən hələlik təmkinli neytral mövqe sərgiləyir. Qarabağın geri qaytarılması Sentyabrın 19-da Qarabağda döyüş əməliyyatları bərpa edilib. Azərbaycan regionda antiterror əməliyyatı tədbirləri barədə elan edib. Artıq sentyabrın 20-də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təslim olduğunu elan edib. Razılaşmalara görə, tanınmamış "Dağlıq Qarabağ respublikas"ının "2024-cü il yanvarın 1-dək mövcudluğuna son qoyulur. Bu zaman oktyabrın 4-də Amerikanın " Politico" nəşri yazıb ki, ABŞ və Avropa İttifaqının yüksək vəzifəli məmurları Qarabağda qarşıdurmanın həlli üçün öz rusiyalı həmkarları ilə məxfi görüş keçirib. Bu danışıqlar Azərbaycanın antiterror əməliyyatına başlamasından cəmi bir neçə gün öncə baş tutub.
Həmas terrorçularının İsrailə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrailin kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb. “Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də, bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - nəşr bildirib. Karneqi Fondunun baş elmi əməkdaşı Aaron Devid Miller isə deyib ki, israillilər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar: “Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”.
Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız. Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı. Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram: 1. Putin deyir: "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”... Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var. Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir? Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir. Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir. 2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”. Bu qeydi də xüsusi izləmək lazımdır. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri
Ermənilərin 80-ci illərin əvvələrindən Azərbaycana qarşı hazırlanan işğal proqramında “Krunk” (Durna) adlanan bir terror təşkilatının aktiv iştirakı olub. Bu təşkilat 1988-ci il martın 24-də SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı. Buna baxmayaraq, təşkilat bu gün də fəaliyyət göstərir. Sozcu.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Qarabağın keçmiş separatçı dəstəsinin keçmiş başçılarından olan və hazırda həbs edilərək Bakıya gətirilən Arkadi Qukasyanın terror fəaliyyəti haqda qeyd edib. Alim xatırladıb ki, “Krunk” təşkilatından daha separatçı, təxribatçı “Qarabağ komitəsi” də vardı: “Bu komitənin əsas məqsədi keçmiş Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Ermənistana ilhaqına dair bir sıra planlar hazırlayırdı. Təşkilatın üzvlərinə bu şəxslər də daxil idi: Ermənistan ordusunun qurucusu Vazgen Sərkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Xankəndidə doğulmuş, Ermənistanın prezidenti olmuş Serj Sərkisyan, keçmiş “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan, Xankəndidə doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan”. Alimin sözlərinə görə, Sumqayıtda baş verən hadisələrin də ssenaristləri onlar idi: “1988-ci ildə, hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi. Qarabağda azərbaycanlı və rus zabitlərin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki helikopter faciəsini də törədən məhz bu təşkilat idi. Qukasyan uzun zaman jurnalist olub. Hadisələr başlanan gündən varlanmağın yolunu tapan Qukasyan terror fəaliyyətinə başlayıb. 1957-ci ildə Xankəndi şəhərində anadan olduğu yazılır. Lakin o, Xocalı rayonunun ən cənubunda yerləşən, ermənilərin “Moşxmaat” adlandırdğı Quşçubaba (orijinal Quşi-baba) kəndində anadan olub. Məhz ilk dəfə bu qatilin amansız hərəkətləri haqda məlumatı Quşçubaba və Mədətkənd döyüşləri zamanı aldıq. Arkadi Qukasyan və Zori Balayan birlikdə Xocalıda soyqırım törədən 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç ilə danışıqlar aparıb. Razılaşmadan sonra Arkadi Qukasyan erməniləri toplayaraq bildirib: “366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belədir: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaq. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaq”. Xocalı, Meşəli, Kosalar kəndində amansız soyqırımın iştirakçılarından biri da Qukasyan idi. Qukasyan törətdiyi vəhşliliklərə görə Montenin, Köçəryanın, Sərkisyanın, Balasanyanın, Saakyanın və digərlərinin rəğbətini qazanır və bundan sonra onun karyerası yüksəlir. Yeri gəlmişkən: Onun İrəvanda Sərkisiyanın villası ilə yanaşı böyük villası olduğu deyilir, çünki bu iki qatil döyüş meydanında birlikdə yerli dinc sakinlərə qarşı qətllər törətmişlər. Sərkisyanın prezident olduğu dövrdə hər yay tətilini birgə keçiriblər. PKK düşərgəsində hərbi təlimlər alan Qukasyan onları Ermənistanla əməkdaşlıq etməyə sövq edir. Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan keçmiş Dağlıq Qarabağa gətirilən kürd könüllülərdən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü. Qarabulaq və Dəmirçilər döyüşləri zamanı qarşısına çıxan dinc sakinləri zirehli maşında əzib keçən Qukasyanın Qarabağın digər rayonlarında qanlı əməllərə imza atması məlumdur. Füzuli rayon sakini Validə Cəfər qızı İbrahimova yazdığı izahatında göstərmişdir ki, R.Köçəryan və A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqları öz gözləri ilə görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə lazımi ölçü götürsünlər”.