RUSİYA İSLAM ÖLKƏLƏRİ İLƏ QARŞILIQLI FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR VƏ REGİONLAR ÜÇÜN YENİ İMKANLAR AÇIR

.Tərəfdaş dövlətlər halal standartlarına uyğun olan Rusiya məhsullarının ixracını artıra bilər və Rusiya Federasiyasının bölgələrində tikintiyə sərfəli investisiya edə bilər. Martın 5-də İslam əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səfirləri ilə görüşdə "Rusiya – İslam dünyası" Strateji Baxış qrupunun rəhbəri Rüstəm Minnixanov yeni əməkdaşlıq imkanlarından danışıb. "Rusiyanın aparıcı regionlarından biri olan Tatarıstan Respublikasının timsalında Rusiyanın İslam dünyası ilə qarşılıqlı fəaliyyətini necə genişləndirdiyinin şahidi olmaq olar. Respublikamız Rusiyada İslam bankçılığı və maliyyələşdirmə prinsiplərinin tətbiqi üzrə pilot regionlardan biridir, Halal sənayesinin inkişafı istiqamətində fəal işlər görülür, İslam təhsilinə böyük diqqət yetirilir", — deyə Rüstəm Minnixanov əməkdaşlığın perspektivli istiqamətləri barədə məlumat verib. Bu il Forumun proqramında hökumətlərarası komissiyaların, həmçinin "Rusiya-Azərbaycan", "Rusiya — Malayziya", "Rusiya-Qətər" ayrı-ayrı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İqtisadi nailiyyətlər sərgisində Azərbaycan, İran, Misir, Türkiyə Respublikası, İndoneziya, Malayziya, Türkmənistan və s. stendləri təqdim olunacaq. Əsas mövzular halal sənaye, İslam maliyyəsi, nəqliyyat dəhlizlərinin inkişafı və təhsil sahəsini əhatə edəcək. Turizm, o cümlədən müalicə turizmi mövzusu da ətraflı müzakirə olunacaq. Mədəniyyət məsələləri üzrə proqram da genişləndirilib: rəqəmsal İslam incəsənəti, yaradıcı iqtisadiyyat və kino sənayesi üzrə ayrı-ayrı tədbirlər keçiriləcək. Vacib mövzu idmanın inkişafı olacaq. Ticarət və Sənaye Palatasının beynəlxalq forumu İslam ölkələrinin biznes nümayəndələrini bir araya gətirəcək.

ABŞ Rusiya-İran hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı sanksiyalar tətbiq edə bilər

ABŞ Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir. Sozcu.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. "Biz tez və koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni və əhəmiyyətli tədbirlərlə cavab verməyə hazırıq. Bir sıra variantları nəzərdən keçiririk, onlar arasında əlavə sanksiyalar da olacaq", - o, deyib. Kirbi əvvəllər İranın ballistik raketləri və əlaqəli texnologiyaları Rusiyaya ötürməyi nəzərdən keçirməsindən hədsiz narahatlığını ifadə edib.

Bizə fransız döyüşçülər lazım deyil - Zelenski

Ukrayna hazırda NATO üzvü deyil və hazırki mərhələdə fransız döyüşçülərinə ehtiyacı yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlərin suallarını cavablandırarkən deyib. “Ukrayna dayandıqca, Fransa ordusu öz ərazisində qala bilər. Əgər Rusiya hansısa NATO ölkəsi ilə münaqişəyə girərsə, sizin övladlarınız NATO ölkələrindən birinə göndərilə bilər, amma bu başqa məsələ olacaq”, - Zelenski qeyd edib.

Rus strateqlər NATO-nun raket zərbələri qarşısında Rusiyanın aciz qalacağını etiraf etdi...

Rusiyadan olan analitiklər və siyasi ekspertlər NATO-nun Rusiya Federasiyasına mümkün təcavüzü ssenarisini nəzərdən keçirdikdən sonra  etiraf ediblər ki, Rusiya NATO-nun kütləvi raket zərbələri baş verəcəyi təqdirdə onları dəf etməyə hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “Business Insider” nəşri məlumat yayıb. Bundan əvvəl Rusiya KİV-ində “ehtimal olunan düşmənin” Rusiyanın mühüm obyektlərinə güclü raket zərbələri endirməsinin hipotetik ssenarisini araşdıran araşdırmalar meydana çıxıb. Sadə dillə desək, NATO qoşunları Rusiya terrorçularının Ukraynaya hücumunda istifadə etdikləri taktikadan istifadə edirlər. Və rusiyalı “ekspertlər” belə bir ssenarinin Rusiya üçün fəlakətlə nəticələnəcəyi ilə razılaşırlar. Araşdırmada qeyd edilir ki, NATO-nun tətbiq etdiyi kütləvi zərbələr strategiyası Rusiyanı cavab olaraq nüvə silahından istifadə etməyə məcbur edə bilər. Məqalənin sonunda müəlliflər Rusiya Aerokosmik Qüvvələrinin missiyalarını və avadanlıqlarını genişləndirməyi tövsiyə edirlər. Xüsusilə, rusiyalı mütəxəssislər daha təkmil pilotsuz uçuş aparatlarının və digər silah növlərinin (ehtimal ki, süni intellektdən istifadə etməklə) hazırlanmasını tələb edirlər. Rusiyalı analitiklərin məqaləsini şərh edən "Business Insider" onun peyda olmasını NATO ölkələrinin “Şimal reaksiyası 2024” adlı irimiqyaslı hərbi təlimlərə başlaması ilə əlaqələndirir. Norveç, İsveç və Finlandiyada keçirilən 11 günlük təlimdə 20 mindən çox hərbçi, 50 gəmi və 100 təyyarə iştirak edir. Bu hərbi manevrlər daha böyük “Steadfast Defender 24” təliminin bir hissəsi kimi keçirilir.

"Putinin oxşarı onunla birgə Valdayda yaşayır...-Əsil Putini yalnız böyük oğlu tanıyır...”-Qordon

Həm Dmitri Qordon, həm də Mark Feyqin əmindirlər ki, Putinin internetdə iddia edildiyi kimi çox deyil, cəmi bir dublyoru var... Təcavüzkar ölkənin başçısı Putinin oxşarı var, amma o, ictimai tədbirlərdə diktatoru əvəz etmir. Sozcu.az “TSN”-ə istinadla  xəbər verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi və bloqçu Mark Feyqin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində ifadə edib. “Razıyam ki, operativ qeyri-ictimai dublyorlar var. Onlar Putinin yanındadırlar, onun üçün tez bir növ təhlükəsiz məkan yaratmaq üçün lazımdırlar. Çünki birinə qarşı sui-qəsd cəhdi ola bilər, bu halda digəri qalacaq. Hər şeyi qarışdırmaq üçün: oxşarlar olanda kimi öldürmək seçimi yaranır. Onlar (Putinin ətrafı – red.) paranoya şəklində təhlükə hiss edirlər”, – Feyqin deyir. Hüquq müdafiəçisi hesab edir ki, Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün dublyorlara ehtiyacı yoxdur, çünki bu, çox təhlükəlidir. "Çünki Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də bir mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqasın təmsil etmək üçün səsin tembrindən tutmuş  gözlərin forması və s. qədər minlərlə parametr mövcuddur. Əlbəttə ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrar etmək mümkündür. Amma düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Bu hələ də mümkün olsaydı, biz bu barədə sonradan, hər şey bitəndən sonra biləcəyik.  Məsələn, Mariupolda Putinin əvəzinə çıxış edənin dublyor olması təsdiqlənərsə, mən çox təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar göstərir ki, dublyorlar var, lakin bunlar operativ dublyorlardır və Putini açıq şəkildə əvəz etmir. Öz növbəsində Dmitri Qordon qeyd edib ki, onun məlumatına görə, Putinin faktiki ailəsi ilə (yəni onun məşuqəsi Alina Kabaeva və onların övladları ilə) yanaşı, diktatorun oxşarı da Valdayda yaşayır. "Yeganə dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adamdır. O, əslində Putinin yanında yaşayır, onu müşahidə edır, onunla ünsiyyət qurur, bəzi vərdişləri götürür. Onları ayırd etmək demək olar ki, mümkün deyil. Deyirlər ki, yalnız böyük oğlu İvan əsil Putini fərqləndirir”, - deyə Qordon diqqətə çatdırıb.

Fransa komandosları Ukraynaya göndərir? - Monde

Fransa Rusiya Federasiyasını “strateji dilemma” qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə “Monde” qəzeti mənbələrə istinadən yazıb. Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb. Buna baxmayaraq, Makron sözlərinin “ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş” olduğunu xüsusi vurğulayıb.

Ukrayna müharibəsi ilə bağlı dəhşət - 587 uşaq, minlərlə qadın...

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın hücuma başlamasının ikinci ildönümü münasibətilə Ukraynadakı vəziyyətlə bağlı hesabat dərc edib. Sozcu.az xəbər verir ki, hesabat qurumun saytında yerləşdirilib. Təşkilatın məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, daha 19 875 nəfər yaralanıb. BMT-nin məlumatına görə, müharibə başlayandan indiyədək 5017 kişi, 3093 qadın ölüb, daha 1885 qurbanın cinsiyyəti müəyyən olunmayıb. Onlardan ən azı 587 nəfəri uşaqdır.  Müharibə zamanı 6524 qadın, 4546 kişi və cinsiyyəti hələ müəyyən edilməmiş 7507 nəfər yaralanıb. Mülki itkilərin böyük əksəriyyəti (91%) partlayıcı silahların istifadəsi ilə bağlıdır. İtkilərin 3,7%-i mina partlayışları ilə əlaqədar olub. Hesabatda qeyd olunur ki, ən çox ölüm və yaralananlar müharibənin ilk bir neçə ayında müşahidə olunub, sonra isə onların sayı azalmağa başlayıb. 2023-cü ildə orta hesabla ayda 163 dinc sakin həlak olub, 547 nəfər yaralanıb.

Qərb Navalnının ölümünə görə hərəkətə keçir

ABŞ rusiyalı müxalif lider Aleksey Navalnının ölümündən sonra Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib. “Artıq sanksiyalarımız var, lakin biz əlavə sanksiyaların mümkünlüyünü nəzərdən keçiririk”, - o qeyd edib. Eyni zamanda, Bayden bu hadisənin Konqresin respublikaçı nümayəndlərinin Ukraynaya yardımın ayrılması ilə bağlı qərarına təsir edəcəyinə ümid etdiyini vurğulayıb. Almaniya da Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edəcək. Almaniya xarici işlər naziri Annalena Berbok Navalnının həyat yoldaşı Yuliya Navalnayanın da iştirak etdiyi Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündən əvvəl belə bir bəyanatla çıxış edib. “Rusiya prezidenti Ukraynaya qarşı etdiyi vəhşiliyi öz ölkəsinin azadlığına qarşı da edir. Aleksey Navalnının ölümü bizi təkcə narahat etmir, biz həm də yeni sanksiyalara başlayacağıq”, - Berbok bildirib.

Rusiya təhlükəsi davam edir: Hazır olmalıyıq - Qram

Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır. Sozcu.az xəbər verir ki, bunu Norveç müdafiə naziri Byorn Arild Qram deyib. “Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq”, - Qram qeyd edib.

Zaman Kiyev və müttəfiqlərinin tərəfindədir - Britaniya XİN rəhbəri

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir. Sozcu.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. “Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib. Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-nin hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.

AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib. “Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti - red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, - məlumatda deyilir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.

Britaniya Qəzzada müharibəyə son qoymaq üçün plan hazırladı... - "Financial Times"

London artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb... Britaniya, rəsmi Londonun fikrincə, İsrail və "HƏMAS" yaraqlıları arasında müharibəyə son qoyacaq beş bəndlik plan təklif edib. Sozcu.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə bu təşəbbüsü müzakirə edib. Bundan əlavə, Kemeron səfəri zamanı tərəfləri “döyüş əməliyyatlarını dərhal dayandırmağa” çağırıb. Britaniya rəsmisi əmin olduğunu bildirib ki, döyüşlərin dayandırılması sonda Qəzzada girovların azad edilməsinə, daha sonra isə daimi atəşkəs üçün danışıqlara gətirib çıxaracaq. "Bizim etməyə çalışdığımız şey o fikri gücləndirməkdir ki, siz bu fasiləni əldə etdikdən sonra onu davamlı atəşkəsə çevirmək üçün çox çalışmalı və həqiqətən də atəşkəsi daimi və davamlı edə biləcək real və əldə edilə bilən şeylərə diqqət yetirməlisiniz", - Kemeron belə deyib. Britaniya artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb. Bununla belə, nəşrin yazdığına görə, baş nazir Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması və ya Fələstin Muxtariyyəti ilə əməkdaşlıq istiqamətində hər hansı addımı istisna edib, həmçinin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi hər hansı daimi atəşkəsi də rədd edib.