Baxıram, çoxları, böyük əksəriyyət iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski guya diplomatiyada bacarıqsız və naşıdır.
Xüsusilə, ən son, ABŞ-da Ağ Evin Oval Kabinetdə Trampla görüşdən ortaya çıxan tablo əksər adamları çaşdırıb. Guya Tramp və Vens Zelenskini tələyə salıb və o da bu tələyə düşüb.
Hər kəsin fikirlərinə, versiyalarına sayğım var, amma...
...Məncə, tələni Zelenskiyə onlar yox, Zelenski Tramp və müavinləri üçün qurmuşdu: onları özündən çıxarmaq üçün aktyorluq məharətindən istifadə edərək, Trampı və komanda üzvlərini dünyaya fərqli obrazda təqdim etməyi bacardı. Belə bir məşhur deyim var: hər kəs öz şaxmat partiyasını oynayır.
Həmin söhbətdə təmkinini saxlayan və danışmayan yeganə şəxs Marko Rubio idi, o başa düşürdü nələr baş verir..
Dünya xalqları, elə Amerika xalqı bir daha ABŞ-nin indiki administrasiyasının nə miqyasda aşağılıq, naşı olduqlarını, dünyada qəbul olunmuş diplomatik davranış standartlarına tüpürdüklərini gördülər - məhz Zelenskinin qurduğu diplomatik oyunun timsalında.
Zelenski bütün dünyaya sübut elədi ki, Donald Tramp və dostları dövlət və dövlətçilik mədəniyyətindən, ərkanından, tərbiyəsindən, hətta ənənələrindən uzaq, təsadüfən buralara gəlib çıxmış, şəxsi çıxarlarını hər şeyin fövqündə tutan tiplərdir.
Zelenski bunu özbaşınamı etdi? Xeyr.
ABŞ səfərindən qabaq Avropa liderləri ilə Kievdə görüşəndə, artıq ona tövsiyə olunmuşdu ki, orada nəyin müzakirə olunmasına, hansı müqavilənin bağlanıb-bağlanmamasına baxmayaraq, nə edirsən et Trampı və Vensi özündən çıxart, əsəblərini tarıma çək, atmacalarla qarmaşıq dialoq görüntüsü yarat, görüşü bacardıqca maksimum gərginləşdir.
Zelenski də bu işin öhdəsindən rahatlıqla, ustalıqla gəldi. Çünki bu iş elə onun ən yaxşı bacardığı işdir, onun aktyorluq məharəti diplomatiya səhnəsində daha rəngli effekt verdi.
Məlum oldu ki, deyilənlərin əksinə, Zelenski diplomatiyada nə naşıdır, nə səriştəsizdir, nə də bacarıqsızdır.
Zelenski Ağ Evin Oval Kabinetində Tramp və Vensi çilədən çıxarmaq və dünyaya rəsmi Vaşinqtonun Kremllə birlikdə olduğu, Putinlə birlikdə olduğu görüntüsünü daha effektiv şəkildə nümayiş etdirmək işinin öhdəsindən elə diplomatik incəliklə də gəldi.
Həmin görüşdən sonra, Tramp və komanda üzvlərinin reytinqi bilirsiz nə qədər aşağı düşüb? Dəhşətli dərəcədə eniş var. İctimai rəylə hesablaşmaq ənənəsinin olduğu demokratik Amerikada, bu, çox ciddi faktordur.
ABŞ-nin bir çox ştatlarında artıq insanlar küçələrə çıxaraq etiraz etməyə başlayıb. Tramp administrasiyasında yüksək post tutan insanlara qarşı qıcıq, təhqir və şiddət elementləri artıb. Xüsusilə, Respublikaçılar Partiyasının üstün olduğu ştatlarda bu cür ayaqlanmaların geniş vüsət alması sıradan hadisə deyil.
Ən son, Hollivudun məşhur "Oskar" mükafatının verilməsi tədbirinin açılışında və gedişində baş verənlər göz qabağındadır. Dünyaca məşhur aktyorlar hər fürsətdə prezident Trampı və onun komandasını ələ salmağı, məsxərəyə qoymağı adiləşdiriblər. İctimai-siyasi qınaq maksimum həddə çatıb.
İstər-istəməz bu, ABŞ-da ictimai-siyasi şüurlarda, fikir və qənaətlərdə dəyişimə təsir edən amillərdir.
Hətta, siyasi kuluarlarda artıq Tramp administrasiyasına qarşı başqa mövzuların müzakirəsi ciddiləşib. Bunlar arasında impiçment məsələsi də istisna edilmir.
Bu isə, əlbəttə, Ukrayna prezident Volodimir Zelenskinin əməyinin məhsuludur. Haqqını vermək lazımdır.
Ən son yayılan xəbərlər isə budur ki, Tramp administrasiyası Ukraynaya bütün hərbi yardımları dayandırıb. Əlbəttə, bütün bunlar Zelenskiyə təsir etmək və onun mövqeyində kardinal dəyişikliklərə nail olmaqdan ötrüdür.
Sabah Ukrayna hardansa yaxşı pul tapıb ABŞ hərbi sənaye korporasiyalarından silahları pulla almaq istəsə, nə olacaq? Tramp ABŞ-a yüz milyardlar qazandırmış hərbi sənaye baronlarının işinə müdaxilə edə biləcək? Kim şirkətlərinə milyardlarla qazanc gətirən müqavilələrdən imtina edər?
Hərbi yardımların dayandırılması və bu istiqamətdə aparılan sərt propoqanda, sərt piar işi bəlkə də çoxlarında məyusluq yaradır, amma bu işlər belə olmur və yaxında Ukrayna-Rusiya müharibəsi ətrafında dönən qlobal proseslər tamamilə qeyri-adi xətt tutacaq.
Ona görə tələsməyək. Yaxında, hətta kimsənin ağlının ucundan belə keçirə bilmədiyi hadisələrə şahidlik edəcəyik.
Səbr edək, təmkinlə prosesləri izləyək.
Mirzə Rəşad Orbey, siyasətçi