İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir; 1.3. həmin Qanunun 2-2.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. üç ay müddətində: 2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.1.2. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 2-3.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.1.3. həmin Qanunun 2-3.6-cı maddəsinə uyğun olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və həyata keçirilməsi qaydasını və dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin. 2.2. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 529) aşağıdakı dəyişikliklər edilsin: 3.1. adına, preambulaya və 2.1-ci bəndə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin; 3.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin: “2.1-1. həmin Qanunun 2-3.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sosial xarakterli fövqəladə mühit rejimi Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti, ayrı-ayrı yerlərdə tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.1-2. həmin Qanunun 2-3.3-cü maddəsinin ikinci cümləsində və 2-3.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”; 3.3. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “2-2.3-cü maddəsinin birinci cümləsində,” sözləri əlavə edilsin. 4. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12 (I kitab), maddə 2303; 2020, № 3, maddə 248) adına, preambulasına və 1.1-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-1-ci, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı və 48.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir; 1.4. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 1.6. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2047 nömrəli və 30 mart tarixli 2076 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.0.8-1-ci,” sözləri əlavə olunsun və həmin bənddə “və 59-cu maddəsində” sözləri “, 48.1-ci, 48.1-1-ci maddələrində, 48.1-2-ci maddəsinin ikinci cümləsində, 48.1-3-cü maddəsinin birinci cümləsində, 48.1-4-cü, 48.1-4.1-ci, 48.1-4.2-ci, 48.1-5-ci, 48.1-6-cı, 48.2-ci və 59-cu maddələrində” sözləri ilə əvəz edilsin; 3.2. 2.1-1-ci bənddən “48.2-ci maddəsində,” sözləri çıxarılsın; 3.3. aşağıdakı məzmunda 2.1-2-ci, 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin: “2.1-2. həmin Qanunun 48.1-2-ci maddəsinin ikinci cümləsində və 48.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; “2.3-1. həmin Qanunun 1.0.8-1-ci maddəsində, 48.1-3-cü maddəsinin birinci cümləsində və 48.1-4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 2.3-2. həmin Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini (iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət vaxtı və hərəkət sürəti, habelə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin həmin Qanunun 48.1-1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələri ilə müşayiət edilməsi tələb olunduqda, hərəkət marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”; 3.4. 2.2-ci bənddən “48.1-ci,” sözləri çıxarılsın; 3.5. 2.3-cü bənddə “beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin; 3.6. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin: “2.7. həmin Qanunun 48.1-1-ci və 48.1-4.1-ci maddələrində “orqan (qurum)” dedikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət avtomobili ilə müşayiət olunmasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, mühafizə avtomobili ilə müşayiət olunmasına münasibətdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; 2.8. həmin Qanunun 48.1-4.2-ci, 48.1-5-ci və 48.1-6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.”.

Türkiyənin ilk milli peykinin buraxılması təxirə düşdü

Türkiyənin ilk milli müşahidə peyki İMECE-nin orbitə buraxılması təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Sözügedən məsələ ilə bağlı peykin orbitə buraxılması əməliyyatını həyata keçirəcək SpeysX şirkətinin rəsmi Tvitter səhifəsində açıqlama paylaşılıb. Səbəb kimi isə hava şəraiti göstərilib. Türkiyə Elm və Texnoloji Tədqiqat Qurumu (TÜBİTAK) öz açıqlamasında bu gün peyki orbitə daşıyacaq “Falkon 9” raketinin buraxılmasının mümkün olmayacağını qeyd edib.

Eyni dərman bir aptekdə 10, digərində 120 manatadır

Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyət yaradan hallar var. Əgər belə olmasaydı, insanlar “filan aptek yaxşıdır” deyə, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdı. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumlarının rastlaşdığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Sozcu.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, dərmanları qəbul edirsən, amma nəticəsi yoxdur: “Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız belə olduğunu qəbul edirik. Əgər belədrisə, o zaman niyə vətəndaş aldadılır, onların cibinə girilir? Necə olur ki, eyni tərkibli və eyni adlı dərman bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır? Mən alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım-filan da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam. Kimsə üzərində alman dilində yazılmış dərman almaq istəyirsə, yolu açıq olsun”. Deputat kolbasa məhsullarında olan neqativ hallara da toxunub: “Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdır? Ət adı altında bəs onlar nəyi satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o nəinki halaldır, heç tərkibi nədir, məlum deyil. Bu həm də pis əməldir, hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosis yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıqlar və imansızlıqlar ölkəmizin adına ləkə gətirir və bizə düşmən ölkələr bunu bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirir, mütləq cəzasının da olacağını görməlidir”.

Dərman qiymətləri ilə bağlı layihədən xəbər yoxdur

Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir. Sozcu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır: “Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

Yaponiya Rusiyadan adaları tələb edir

Kuril adalarının cənub hissəsi ölkənin suverenliyinə tabe olan və hazırda Rusiyanın qanunsuz işğalı altında qalan Yaponiya əraziləridir. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu ərazilərə sahiblik mövzusu Yaponiya ilə Rusiya arasında mövcud münasibətlərdə ən ciddi məsələlərdən biridir. Adaların cənub hissəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı müntəzəm olaraq Moskvaya etirazlarımızı bildiririk”, - məlumatda deyilir.

"Az-Granata” MMC -də özbaşınalıqlar baş alıb gedir: İnsanların çörəyi ilə oynayırlar

Ağsu rayonunda yerləşən “Az-Granata” MMC -də işlədikləri əlavə iş saatları üçün ödəniş tələb edən işçilər işdən qovulurlar.  Sozcu.az xəbər verir ki,bu barədə Ağsu rayon sakini Furuz Xudiyev məlumat verib. Firuz Xudiyev bildirib ki, onun "Az-Granata” MMC -də çalışan iki övladı qanunsuz şəkildə işdən çıxarılıblar.  Firuz Xuduyev bildirib ki,  Az-Granata” MMC -də işçilərlə müqavilənin müddəti 1 aylıq bağlanır və onlara aid olmayan işləri görməyə məcbur edilirlər: "Az-Granata” MMC -də təzyiqlərlə üzləşən Cavidan və Kənan Xuduyevlər mənim övladlarımdır. Hər iki övladım Az-Granata” MMC -də şirə və şərab emalı zavodunda işləyirdilər. Kiçik övladım Kənan mühafizə xidmətində çalışırdı. İşlədiyi müddətdə əlavə iş saatlarına görə ödəniş tələb etdiyi üçün işdən çıxarılıb.  Az-Granata” MMC - də işçilərlə müqavilə 1 aylıq bağlanır.  Müqavilə bağlanan işçilərlə qanun çərçivəsində rəftar etmirlər və  iş saatından əlavə işlər gördürürlər.".  İş saatından əlavə gördürülən işlər  üçün ödəniş tələb edən işçilərə qarş özbaşınalıqların günü-gündən artdığını qeyd edən Firuz Xuduyev bildirib ki, bu qanunsuzluqların başında “AzGranata”nın baş icraçı direktoru Ceyhun Bəxtiyarlı və şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev dayanır: Bütün qanunsuzluqları həyata keçirən hazırda zavoda rəhbərlik edən iki həmyerlilər - Ceyhun Bəxtiyarlı və və Yusif Ləzgiyev çütlüyüdür. İnanıram ki, "Az-Granata” MMC -də baş verən özbaşınalıqlara münasibət bildiriləcək.  Qanuni haqqını tələb etdiyi üçün işdən çıxarılan Kənan Xuduyev,  şirkətdə çalışan işçilərin istismar edildiyini bildirərək qeyd edir ki, Yusif Ləzgiyev onlarla intiriqa aparıb:  "Yusif Ləzgiyev qardaşım Kənana: "Sənin də axırın qardaşın kimi olacaq"-  deyərək,  dəfələrlə təhdid edib.  Şirkətdə çalışan işçilər elə bir vəziyyətə salınıblar ki,  "rəhbrəliyin kefi istədiyi zaman " işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər". Kənan Xuduyev də, şirkətdə baş verənlərə son qoyulmasını tələb edir.  Xatırladaq ki,  “Az - Granata  MMC  meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.  Şirkətin SOCAR-ın sabiq vitse-prezidenti Mikayı İsmayılova məxsus olduğu deyilən "Modern Group of Companies" MMC-nin tərkibində olduğu bildirilsə də, məlumata görə  Az-Granata”, “Veyseloğlu MMC”yə satılıb. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Elşən Əlisoy 

ABŞ-ın Suriyadakı bazasına raket atıldı

ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub. Sozcu.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib. "Suriyanın Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.

“Ukraynanın NATO üzvlüyünə dəstək verin”

Ukrayna parlamenti NATO-ya üzv dövlətləri Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu haqda ukraynalı deputat Aleksey Qonçarenko sosial media hesabında paylaşım edib. Paylaşımda NATO Parlament Assambleyasının 2008-ci il Buxarest sammitində Ukraynanın üzvlüyü ilə bağlı qəbul edilmiş qərarları yerinə yetirmək üçün parlamentə üzv olan NATO dövlətlərinə çağırış edilib: “Biz ölkələri NATO Parlament Assambleyasının Lüksemburqda keçiriləcək yaz sessiyasında və iyulda Vilnüs Sammitində Ukraynanın alyansa üzvlüklə bağlı yanaşmasını dəstəkləmək üçün birgə sənədlərin qəbulunu asanlaşdırmağa görə hökumətləri ilə əlaqə saxlamağı xahiş edirik”.qafqazinfo

Zelenski onu Kiyev vilayətinin rəhbəri təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonu Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub. “Ruslan Andreyeviç Kravçenko Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri təyin edilsin”, - sənəddə deyilir. Qeyd edək ki, yanvarın 24-də Zelenski vilayət administrasiyasının rəhbəri Aleksey Kulebanı vəzifəsindən azad edərək prezident aparatının rəhbərinin müavini təyin edib. Kulebanın varisi postuna Kravçenkonun namizədliyini aprelin 7-də Ukrayna Nazirlər Kabineti təsdiqləyib. Kravçenko 2021-ci ilin martından Buçansk Rayon Prokurorluğuna rəhbərlik edir. O, əvvəllər Ukrayna hərbi prokurorluğunda müxtəlif vəzifələrdə çalışıb.

Danimarka Müdafiə Nazirliyi: Ukraynaya 19 özüyeriyən artilleriya qurğusu veriləcək

Danimarka Krallığı bir ay ərzində Ukraynaya Fransanın 19 SEZAR özüyeriyən artilleriya qurğusunu verə biləcək. APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Danimarka müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib. Bu ilin yanvarında Danimarka 19 Sezar özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini vəd etmişdi. "Poulsen bildirib ki, Danimarkanın bir ay ərzində SEZAR haubitsalarını çatdıra biləcəyi gözlənilir", - Danimarka mətbuatı yazır.

Blinken Çinə gedəcəkmi? - Ağ Ev

Hazırda Dövlət katibi Entoni Blinkenin Çinə səfəri ehtimalı yenidən nəzərdən keçirilir. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ağ Ev sözçüsü Con Kirbi çıxış edib. "Biz həmçinin iqtisadi məsələləri müzakirə etmək üçün ABŞ-ın Maliyyə və Ticarət nazirlərinin mümkün səfərləri ilə bağlı Çinlə əlaqə saxlayırıq", - Ağ Evin sözçüsü deyib. Qeyd edək ki, daha öncə Blinkenin səfəri Çinə məxsus olduğu təsbit edilən aerostatın (hava şarı) ABŞ səmasına daxil olmasına etiraz olaraq ləğv edilmişdi.

Reznikov dəvət etdi: F-16-nı idarə edə bilənlər...

Ukraynanın müdafiə naziri Aleksey Reznikov F-16 qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib. Sozcu.az xəbər verir ki, Reznikov bunu danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə brifinqdə deyib. Nazir, həmçinin müvafiq icazələri və sənədləri əldə etmək imkanı olan xarici mütəxəssisləri də Ukraynaya işləməyə dəvət edib: “Bu, pilotlara da aiddir. F-16-nı idarə etməyi bilən və müharibədə iştirak etməyə hazır olan pilotlar varsa, xarici legion qapını açmağa hazırdır”, - Reznikov bildirib.

Tofiq Qasımov -85, İsgəndər Həmidov -75 yaşında

10 aprel -Azərbaycan dövlət xadimləri Tofiq Qasımovun və İsgəndər Həmidovun  doğum günüdür. Aprelin 10-u Azərbaycanın iki dövlət xadiminin -xarici işlər naziri olmuş Tofiq Qasımovun və daxili işlər naziri olmuş İsgəndər Həmidovun doğum günləridir. 10 il fərqlə eyni gündə doğulan dövlət adamlarının dünyalarını dəyişmələri eyni 2020-ci ildə baş verib. Tofiq bəy 29 yanvardaqürbətdə , İsgəndər bəy 26 fevralda doğma yurdda Şuşanın, Kəlbəcərin, Laçının... Qarabağın 44 günlük savaş sonucu azadlığını görmədən gözlərini əbədi yumublar. O şirin günü görməsələr də, duymamış olmazlar yəqin. Ruhları Qarabağda dolaşır, Şuşada “Cıdır düzü”ndəat oynadır “ . Bu gün Tofiq Qasımovun 85, İsgəndər Həmidovun 75 illiyidir. Hər ikisi millət vəkili, hər ikisi nazir. Hər ikisi haqq dünyasında, hər ikisihakimiyyətin  yadından çıxmış . Tarixin, dövlətin,  ölkənin,  yurdun,  xalqın yaddaşından isə çıxmazlar. Axı dövlət adamları olublar. Doğruları, yanlışlıqları, xidmətləri ilə. Yaddan çıxarmı nazirin avtobusda işə getməsi, çiynində general çini ilə yanaşı qumbaraatan gəzdirməsi? Heç yadımdan çıxmaz, İsgəndər bəy hələ Qarabağın baş bölgəsi Ağdam və digərləri bizdə olanda deyirdi ki, Şuşa bizim olmasa, heç doğulduğum yer də mənə gərək deyil. Nədən Şuşa -bizim baş tacımız, mənliyimizdir. Ad gününüz qutlu olsun, dövlət adamlarımız! Şuşanın  , Laçının. . . Qarabağın qurtulmasını görməyən gözünüz aydın olsun : ŞUŞA QURTULUB, QARABAĞ QURTULUB! Məğrur Bədəlsoy

Namaz qılarkən kürəyindən bıçaqlandı

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən məscidlərdən birində namaz qılan şəxsə bıçaqla hücum edilib. Kimliyi açıqlanmayan dindar səcdədə olarkən, onun kürəyinə bir neçə bıçaq zərbəsi endirilib. Hücum edən 32 yaşlı Serif Zobra adlı cinayətkarın əvvələr adam öldürməyə cəhddə ittiham olduğunu bildirilib. Polis hadisənin motivini araşdırır.  Telekanalın məlumatına görə, Zobra hücumdan əvvəl bir neçə dəfə məscidə baş çəkib. Bıçaqlanan şəxsin hazırda xəstəxanada müalicə aldığı qeyd olunub.

Məmurların Ağsu dolayları üzərindəki oyunları bitmir

Ağsu dolaylarında olan avtomobil yolunun ləğv edilərək, Ağsu çayının kənarı ilə alternativ yolun çəkilməsi yenə də gündəmə çıxıb. Səbəbini də belə göstərirlər ki, guya Ağsu dolaylarında sürüşmə günü-gündən artır və bunun qarşısını ala bilmirlər. Boş və məntiqsiz bəhanədir. Ağsu dolayları, Ağsu rayonunun iqtisadiyyatının ən əsas sütunlarından biridir. Ağsu rayonunun bazarı, əksər ərzaq dükanları, ət dükanları və digər ticarət obyektləri əsasən Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sayəsində nisbətən ayaqda dura bilir.Rayonun yüzlərlə sakini dolaylarda olan iaşə obyektlərindən dolanır. Dolaylarda olan iaşə obyektlərinin bağlanması rayonun iqtisadiyyatına çox ciddi ziyan vuracaq və onsuzda ölkənin ən kasıb rayonlarından birinə çevrilən Ağsu rayonu bundan da çətin bir duruma düşəcək. Ağsu dolaylarında ciddi bir sürüşmə yoxdur. Sadəcə uzun illərdir ki, dolaylarda olan avtomobil yolları təmir edilmir . Hər dəfə yalandan ora-bura yamaq vurmaqla dövlətin milyonlarla vəsaitini talayıb yeyiblər. Baxımsız olan yollarda – ən əsas da dağ yollarında kiçik sürüşmələrin olması təbiidir. Diqqətinizə çatdırım ki, Ağsu dolaylarında olan avtomobil yolluna ən böyük zərbəni Şamaxi Palas Şərədil hoteli vurub. Hotelin tikintisi zamanı ağır tonnajlı yük maşınları və torpağı sirkələyən yüksək vibrasiyalı texnikaların istifadəsi çox gözəl bir təbiəti olan Ağsu dolaylarında torpaq oynamasına və sürüşmələrə gətirib çıxardı. Hotelin tikintisindən sonra Ağsu dolaylarında zərər vurulan yollar təmir olunmadı. Bir daha qeyd edirəm; bu günə qədər Ağsu dolaylarında olan avtomobil yoluna asvalt örtüyü çəkilməyib. Ancaq və ancaq keyfiyyətsiz yamaq vurmaqla kifayətlənirlər. Gələk əsl məsələyə! Uzun illərdir ki, Oliqarxlar Ağsu dolaylarını Ağsu sakinlərinin əllərindən almaq uğrunda mübarizə aparırlar. Demək olar ki, hər il Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə təzyiqlər edilir, obyektləri sökülür, müxtəlif yollarla cərimələnir, onların işlədikləri obyektləri buraxıb getmələri üçün bütün vasitələrdən istifadə edilir. Dəfələrlə dolaylarda yerləşən iaşə obyektləri məcburən sökdürülərək sahibkarlara külli miqdarda maddi ziyan vurublar. Axırıncı dəfə 2020- ci ildə guya turizm siyasətinə uyğunlaşdırmaq bəhanəsi ilə dolaylarda yerləşən iaşə obyektlərini sökdürərək yenidən tikilməsi üçün sahibkarlara 100 min manatlıq dəyəri olan layihələr verib, bu layihələr əsasında obyektlərini yenidən tikmələri ilə bağlı təzyiqlər etdiblər. 2020- ci ildə, sahibkarların külli miqdarda borca düşərək verilən bahalı layihələr əsasında iaşə obyeklərini tikib başa çatdırmaları məmurlarda təəccüb yaratdı. Görünür hesab edirdilər ki, bu boyda məbləğin qarşısında sahibkarlar çörək qazandıqları obyektləri məcbur olub atıb gedəcəklər. Dövlətin verdiyi layihələr əsasında obyektlərin yenidən tikildiyini gördükdən sonra, başladılar iaşə obyektlərinin sahiblərini məhkəməyə verməyə ki, guya onlar qanunsuz torpaq zəbt edərək kafe və restoran tikiblər. Başladılar özlərinin verdikləri layihələri inkar etməyə. Hazırda Ağsu dolaylarında dövlət layihəsi çərçivəsində sahibkarların öz hesabına tikilən iaşə obyektlərini sənədlə təmin etmək az qala Qarabağ məsələsindən də çətin bir problemə çevrilibdir. Adama deyərlər ki, alternativ yol cəkiləcəkdirsə, insanları bu boyda xərcə niyə salırdınız. Niyə onsuz da acınacaqlı durumda olan insanlar əlavə borca- xərcə düşməli idi? İlin yağışlı fəsillərində aşıb-daşan , dəfələrlə hətta, bəndləri belə dağıdan Ağsu çayının kənarı ilə çəkilən yol, necə ola bilər ki, Ağsu dolaylarından daha rahat və daha təhlükəsiz olsun? Ağsuda hər kəs bilir ki, Ağsu dolaylarının böyük bir qapalı istirahət zonasına çevrilməsi planı var. Oliqarxlar Ağsu dolaylarına göz tikiblər. Hətta, gəzən söhbətlərə görə, ərazidə olan bütün dağları hündür setkalarla qapayıb, ov heyvanları buraxaraq, əyləncə – ovçuluq məkanı edəcəklər. Yanı ki, məqsəd rayonu rahat avtomobil yolu ilə təmin etmək yox, Ağsu dolaylarını Ağsu sakinlərinin əlindən almaqdır. Məqsəd rayonun rahatçilığıdırsa, Ağsu dolaylarında olan hazırkı yolu abadlaşdırmaq nə boyda problemdir ki? Yaxud, hansı dövlət büdcəsindən daha az xərc aparar? Olmazmı ki, insanlar yol gedərkən gözəl təbiətin verdiyi gözəl hisslərdən yararlanıb, təbiətin gözəl havasını udsunlar? Yoxsa, gözəlliklərdən yararlanmaq ancaq məmurlara aiddir? Elşən Əlisoy

Sülh müqaviləsi üzərində iş istədiyimiz kimi getmir - Prezident

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib. “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”, - dövlət başçısı qeyd edib.

Azərbaycan generalı ABŞ-da danışıqlar apardı

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

"Biz Qarabağı özümüz müdafiə edəcəyik" - Babayan SƏRSƏMLƏDİ

“Son zamanlar Ermənistanla təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin və ağır texnikasının hərəkəti müşahidə olunur”. Sozcu.az xəbər verir ki, bunu erməni mediasına Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, “silahlı qüvvələrin keçmiş komandanı”,  general-leytenant Samvel Babayan deyib. O bildirib ki, narahatlığa səbəb yoxdur, amma “Arsax” hər şeyə hazır olmalıdır. “Əslində, nə olursa olsun, “Arsax” hazır olmalıdır. “Arsax”ın indi mümkün hücumlara tab gətirməyə nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Çünki mən onların döyüş hazırlığının vəziyyətini bilmirəm. Hər halda, biz özümüzü müdafiə edəcəyik. Hücum ola bilməz, İran qüvvələrini sərhədə çəkib. Azərbaycan da qarşılıqlı addımlar atır”, – deyə Babayan sərsəmləyib.konkret

Ruslar panikaya düşdü, ərazini minalamağa başladılar

Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar panikaya düşür və buna hazırlaşmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Dmitraşkovski deyib. Polkovnik rusların xüsusilə cəbhənin iki istiqamətində təşvişə düşdüyünü qeyd edib: "Əks-hücum həqiqətən də Rusiya silahlı qüvvələrinin sıralarında belə çox güclü çaxnaşma yaratdı. Düşmən panikaya düşdü və bu, təkcə Donetsk istiqamətində deyil, Zaporojyedə də nəzərə çarpır". O qeyd edib ki, ruslar işğal etdikləri əraziləri aktiv şəkildə minalamağa başlayıblar.

Müsavat Başqanı Almaniyaya dəvət olundu

Aprelin 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiya başqanı Arif Hacılı ötən həftə Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirakı ilə bağlı məlumat verib. Tədbirdə başqanın müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəyli də iştirak ediblər. Beynəlxalq tədbirdə Rusiya silahlı qüvvələrinin Cənubi Qafqazdan çıxarılması barədə mövqe ifadə edilib. Arif Hacılı Almaniyanın hakimiyyət koalisiyasında təmsil olunan Azad Demokratlar Partiyasının (FDP) aprelin sonunda keçiriləcək qurultayına dəvət olunduğunu bildirib. Daha öncə Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdüyünü xatırladan başqan Müsavatın beynəlxalq əlaqələrinin getdikcə genişləndiyini vurğulayıb. Ukrayna ordusunun Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə gözlənilən əks hücumu, Türkiyədə keçirilən seçkilər və digər proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.

“İran Təbrizdəki konsulluğumuzu şərləyərək bağlamaq istəyir” - Şok iddia

“Son hadisələr sübut etdi ki, İran hakimiyyəti arzuolunmaz bir rejimə və İranı Azərbaycan üçün təhlükəli bir ölkəyə çevirib. Hərçənd İran əhalisinin böyük bir hissəsini Azərbaycan türkləri təşkil edir, amma soydaşlarımızın olduğu ölkə öz soydaşları üçün təhlükə mənbəyinə çevrilib. Bunu edən Tehran rejimidir. Bu, Tehran rejiminin regiona və Azərbaycana münasibətidir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib.  O, İranda anti-Azərbaycan təbliğatı aparan “Huseyniyyun” təşkilatının Azərbaycanın Təbrizdəki konsulluğunun önündə etiraz aksiyası keçirəcəyi ilə bağlı yayılan xəbərlərə, habelə İran hakimiyyətinin Azərbaycana qarşı dəyişməyən münasibətinə toxunub. S.Soltan söyləyib ki, İran hakimiyyəti regionda müxtəlif terrorçu və silahlı təşkilatlar qurub:  “Məsələn, Livanda “Hizbullah”ı qurub, Fələstində isə “İslami Cihad Hərkatı”nı maliyyələşdirir. Belə təşkilatlardan biri də Azərbaycan üçün qurulmuş “Huseyniyyun”dur. Bu təşkilatın da maliyyələşdiricisi İrandır və onun üzvlərinin də bir çoxu Azərbaycandan qaçmış və ölkəmizə xəyanət yolunu tutmuş şəxslərdir. Bunlar əvvəl də belə bir aksiya keçirmiş və elan etmişdilər ki, Azərbaycanın Təbrizdəki konsulluğu MOSSAD-ın casus mərkəzidir və bu diplomatik missiya bağlanmalıdır”.  Analitik xatırladıb ki, İranın “persona non-grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarından sonra Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.  Onun sözlərinə görə, nazirlər iki ölkə arasındakı problemləri müzakirə edib, o cümlədən İran tərəfi iqtisadi layihələrin davam etdirilməsini vurğulayıb: “Bu fonda İran tərəfinin Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında belə bir aksiya keçirmək niyyətində olması çox məntiqsiz davranışdır. Burada iki məna var: nazirlər arasındakı danışıqlar alınmayıb və tərəflər öz mövqelərindən geri çəkilməyib; yaxud İran tərəfi Azərbaycana təzyiqləri artırmaq üçün Təbrizdəki konsulluğu bağlamaq və ya Azərbaycan diplomatlarının ölkədən çıxarılması niyyətindədir. Çünki konsulluğun MOSSAD-ın casus yuvası elan edilməsi artıq İran rejiminin Azərbaycanın Təbrizdəki konsulluğuna münasibətinin göstəricisidir. Yəni İran hakimiyyəti Təbrizdəki konsulluğumuzu şərləyir və onu yaxın perspektivdə bu adla ölkədən çıxara bilər”.  “İkinci bir tərəfdən, hadisələr sübut etdi ki, İran hakimiyyəti ölkədə yerləşən diplomatik missiyaların, səfirliklərin və konsulluqların binasının qorunmasına məsuliyyətsiz yanaşır. Çünki Azərbaycan səfirliyinə hücumdan bir neçə il əvvəl Səudiyyə Ərəbistanının konsulluğuna hücum edib binanı yandırmışdılar. Bu ilin yanvarındakı terror hücumu isə bu məsələni bir daha təsdiqlədi.  Mövcud İran rejiminin səfirlik və konsulluqlara hücum etmək kimi bir “ənənə”si var. 1979-cu ilin noyabrında Tehrandakı ABŞ səfirliyinə hücum, eləcə də diplomatların 444 gün girov götürülüb saxlanılması, habelə Argentinadakı yəhudi məbədinə, o cümlədən Tanzaniyadakı səfirliyə hücum və s. Bunların sayını artırmaq olar. Bu, İran hakimiyyətinin diplomatik “təzyiq vasitəsi”dir”, - müsahibimiz əlavə edib.  O, hesab edir ki, Azərbaycanın İrana şərtlərindən biri ölkəmizin Tehrandakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, səfirliyə hücum edən şəxsin cəzalanması və Azərbaycan istintaq qrupunun araşdırmada iştirakının təmin etməsidir:  “Həmçinin, Azərbaycanın Təbrizdəki baş konsulluğunun təhlükəsizliyinə də təminat verməlidirlər. Hələ ki İran tərəfi bu barədə bizə hər hansı bir təminat verməyib. Çünki versəydi, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə açıqlama verərdi. İran hakimiyyətinin belə bir açıqlaması olmayıb. Bu da onu göstərir ki, Tehran rejimi bu məsələyə etinasız, sayğısız və məsuliyyətsiz yanaşmaqdadır”. 

Ukrayna Rusiyanın Mi-24 helikopterini məhv etdi

Ukrayna müdafiəçiləri Rusiyaya məxsus Mi-24 helikopterini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Mi-24 Ukraynanın Donbas bölgəsinin Avdeyevka ərazisində məhv edilib.

İran ritorikasından əl çəkmir: İstənilən dəyişiklik...

Qafqazda yaşanan gərginlik və münaqişələr heç bir ölkəyə sərf etmir, eyni zamanda İranın bu regionda istənilən coğrafi dəyişikliyə qarşı olduğunu göstərir. Sozcu.az xəbər verir ki, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib. “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişiklik regional düşmənlərin əlinə oynayacaq gərginliyin artmasının ölçüsüdür, - Şamxani bildirib.

"İran Ermənistanla hansı əməkdaşlığı qurubsa, biz də İsraillə eyni dostluq əlaqələrini yaradırıq"

"İran uzunmüddət və əbədi şəkildə bu regionda ağalıq edə biləcəyini hesab edirdi. Azərbaycanı hədələməklə qorxuzmağa çalışırdı, amma alınmadı. Azərbaycanın qətiyyətli və sərt mövqeyini gördü". Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.  Onun sözlərinə görə, İran hesab edirdi ki, bütün diqtə etdiyi məsələlərlə Azərbaycanı razılaşdıracaq, Azərbaycan isə bütün o tələbləri qəbul edəcək: "Ancaq İranın bu planı alınmadı, çünki Azərbaycan əvvəlcə yumşaq vasitələrdən istifadə etdi. Eyni zamanda, dövlətimiz sərt mövqe nümayiş etdirməyə qadir bir dövlət olduğunu göstərdi. Əgər kimsə hesab edir ki, islam dəyərlərinə sadiq Azərbaycan dövlətinə düşmən olan, məscidlərimizi məhv edən, müsəlman məscidlərində donuz saxlayan ölkələrlə dostluq etmək normal bir haldır, çox yanılır. Çünki biz belə hallara çox mənfi baxırq və bunu qəbul edə bilmərik.  Eyni zamanda, biz onu da görürük ki, İran Ermənistanla nəinki dostluq edir, hətta qarşılıqlı olaraq, Qafanda və Azərbaycanın qədim şəhəri Təbrizdə baş konsulluqlar açılır. Biz buna necə yanaşmalıyıq? Necə reaksiya verməliyik? Bizim təbii ki, öz suveren xarici siyasət prioritetlərimiz var və bu prioritetlərə İsraillə də münasibətləri normal səviyyədə saxlamaqdır. İran Ermənistanla hansı əməkdaşlıq münasibətləri qurubsa, biz də İsraillə eyni dostluq əlaqələrini yaradırıq. Biz artıq heç kəsdən bunu soruşmamalıyıq, xüsusilə İrandan. Bu, heç kəsi narahat etməməli və qıcıqlandırmamalıdır. Bu, heç də o demək deyil ki, hansısa bir dövlətə və xüsusilə İrana biz tərəfdən yönələn addımdır.  Bizim bundan sonrakı addımlarımız da ancaq öz maraqlarımız çərçivəsində atılacaq. Biz heç kəslə düşmənçilik, nə də münaqişə etmək fikrində deyilik. Düşünmürəm ki, İranla Azərbaycan arasında genişmiqyaslı münaqişə baş versin. Amma müəyyən toqquşmalar və mübahisələr ola bilər. Təbii ki, biz də ayıq-sayıq olmalıyıq!".