"İran uzunmüddət və əbədi şəkildə bu regionda ağalıq edə biləcəyini hesab edirdi. Azərbaycanı hədələməklə qorxuzmağa çalışırdı, amma alınmadı. Azərbaycanın qətiyyətli və sərt mövqeyini gördü".
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, İran hesab edirdi ki, bütün diqtə etdiyi məsələlərlə Azərbaycanı razılaşdıracaq, Azərbaycan isə bütün o tələbləri qəbul edəcək:
"Ancaq İranın bu planı alınmadı, çünki Azərbaycan əvvəlcə yumşaq vasitələrdən istifadə etdi. Eyni zamanda, dövlətimiz sərt mövqe nümayiş etdirməyə qadir bir dövlət olduğunu göstərdi. Əgər kimsə hesab edir ki, islam dəyərlərinə sadiq Azərbaycan dövlətinə düşmən olan, məscidlərimizi məhv edən, müsəlman məscidlərində donuz saxlayan ölkələrlə dostluq etmək normal bir haldır, çox yanılır. Çünki biz belə hallara çox mənfi baxırq və bunu qəbul edə bilmərik.
Eyni zamanda, biz onu da görürük ki, İran Ermənistanla nəinki dostluq edir, hətta qarşılıqlı olaraq, Qafanda və Azərbaycanın qədim şəhəri Təbrizdə baş konsulluqlar açılır. Biz buna necə yanaşmalıyıq? Necə reaksiya verməliyik? Bizim təbii ki, öz suveren xarici siyasət prioritetlərimiz var və bu prioritetlərə İsraillə də münasibətləri normal səviyyədə saxlamaqdır. İran Ermənistanla hansı əməkdaşlıq münasibətləri qurubsa, biz də İsraillə eyni dostluq əlaqələrini yaradırıq. Biz artıq heç kəsdən bunu soruşmamalıyıq, xüsusilə İrandan. Bu, heç kəsi narahat etməməli və qıcıqlandırmamalıdır. Bu, heç də o demək deyil ki, hansısa bir dövlətə və xüsusilə İrana biz tərəfdən yönələn addımdır.
Bizim bundan sonrakı addımlarımız da ancaq öz maraqlarımız çərçivəsində atılacaq. Biz heç kəslə düşmənçilik, nə də münaqişə etmək fikrində deyilik. Düşünmürəm ki, İranla Azərbaycan arasında genişmiqyaslı münaqişə baş versin. Amma müəyyən toqquşmalar və mübahisələr ola bilər. Təbii ki, biz də ayıq-sayıq olmalıyıq!".