“İran Təbrizdəki konsulluğumuzu şərləyərək bağlamaq istəyir” - Şok iddia

“Son hadisələr sübut etdi ki, İran hakimiyyəti arzuolunmaz bir rejimə və İranı Azərbaycan üçün təhlükəli bir ölkəyə çevirib. Hərçənd İran əhalisinin böyük bir hissəsini Azərbaycan türkləri təşkil edir, amma soydaşlarımızın olduğu ölkə öz soydaşları üçün təhlükə mənbəyinə çevrilib. Bunu edən Tehran rejimidir. Bu, Tehran rejiminin regiona və Azərbaycana münasibətidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. 

O, İranda anti-Azərbaycan təbliğatı aparan “Huseyniyyun” təşkilatının Azərbaycanın Təbrizdəki konsulluğunun önündə etiraz aksiyası keçirəcəyi ilə bağlı yayılan xəbərlərə, habelə İran hakimiyyətinin Azərbaycana qarşı dəyişməyən münasibətinə toxunub.

S.Soltan söyləyib ki, İran hakimiyyəti regionda müxtəlif terrorçu və silahlı təşkilatlar qurub: 

“Məsələn, Livanda “Hizbullah”ı qurub, Fələstində isə “İslami Cihad Hərkatı”nı maliyyələşdirir. Belə təşkilatlardan biri də Azərbaycan üçün qurulmuş “Huseyniyyun”dur. Bu təşkilatın da maliyyələşdiricisi İrandır və onun üzvlərinin də bir çoxu Azərbaycandan qaçmış və ölkəmizə xəyanət yolunu tutmuş şəxslərdir. Bunlar əvvəl də belə bir aksiya keçirmiş və elan etmişdilər ki, Azərbaycanın Təbrizdəki konsulluğu MOSSAD-ın casus mərkəzidir və bu diplomatik missiya bağlanmalıdır”. 

Analitik xatırladıb ki, İranın “persona non-grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarından sonra Azərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. 

Onun sözlərinə görə, nazirlər iki ölkə arasındakı problemləri müzakirə edib, o cümlədən İran tərəfi iqtisadi layihələrin davam etdirilməsini vurğulayıb:

“Bu fonda İran tərəfinin Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında belə bir aksiya keçirmək niyyətində olması çox məntiqsiz davranışdır. Burada iki məna var: nazirlər arasındakı danışıqlar alınmayıb və tərəflər öz mövqelərindən geri çəkilməyib; yaxud İran tərəfi Azərbaycana təzyiqləri artırmaq üçün Təbrizdəki konsulluğu bağlamaq və ya Azərbaycan diplomatlarının ölkədən çıxarılması niyyətindədir. Çünki konsulluğun MOSSAD-ın casus yuvası elan edilməsi artıq İran rejiminin Azərbaycanın Təbrizdəki konsulluğuna münasibətinin göstəricisidir. Yəni İran hakimiyyəti Təbrizdəki konsulluğumuzu şərləyir və onu yaxın perspektivdə bu adla ölkədən çıxara bilər”. 

“İkinci bir tərəfdən, hadisələr sübut etdi ki, İran hakimiyyəti ölkədə yerləşən diplomatik missiyaların, səfirliklərin və konsulluqların binasının qorunmasına məsuliyyətsiz yanaşır. Çünki Azərbaycan səfirliyinə hücumdan bir neçə il əvvəl Səudiyyə Ərəbistanının konsulluğuna hücum edib binanı yandırmışdılar. Bu ilin yanvarındakı terror hücumu isə bu məsələni bir daha təsdiqlədi. 

Mövcud İran rejiminin səfirlik və konsulluqlara hücum etmək kimi bir “ənənə”si var. 1979-cu ilin noyabrında Tehrandakı ABŞ səfirliyinə hücum, eləcə də diplomatların 444 gün girov götürülüb saxlanılması, habelə Argentinadakı yəhudi məbədinə, o cümlədən Tanzaniyadakı səfirliyə hücum və s. Bunların sayını artırmaq olar. Bu, İran hakimiyyətinin diplomatik “təzyiq vasitəsi”dir”, - müsahibimiz əlavə edib. 

O, hesab edir ki, Azərbaycanın İrana şərtlərindən biri ölkəmizin Tehrandakı səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, səfirliyə hücum edən şəxsin cəzalanması və Azərbaycan istintaq qrupunun araşdırmada iştirakının təmin etməsidir: 

“Həmçinin, Azərbaycanın Təbrizdəki baş konsulluğunun təhlükəsizliyinə də təminat verməlidirlər. Hələ ki İran tərəfi bu barədə bizə hər hansı bir təminat verməyib. Çünki versəydi, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə açıqlama verərdi. İran hakimiyyətinin belə bir açıqlaması olmayıb. Bu da onu göstərir ki, Tehran rejimi bu məsələyə etinasız, sayğısız və məsuliyyətsiz yanaşmaqdadır”. 

Share on Facebook