Aprelin 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası ilə bağlı məlumat dinlənilib. Daha sonra təşkilati məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Partiya başqanı Arif Hacılı ötən həftə Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirakı ilə bağlı məlumat verib. Tədbirdə başqanın müavini Səxavət Soltanlı və Məclis üzvü Ayxan Hacıbəyli də iştirak ediblər. Beynəlxalq tədbirdə Rusiya silahlı qüvvələrinin Cənubi Qafqazdan çıxarılması barədə mövqe ifadə edilib.
Arif Hacılı Almaniyanın hakimiyyət koalisiyasında təmsil olunan Azad Demokratlar Partiyasının (FDP) aprelin sonunda keçiriləcək qurultayına dəvət olunduğunu bildirib. Daha öncə Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdüyünü xatırladan başqan Müsavatın beynəlxalq əlaqələrinin getdikcə genişləndiyini vurğulayıb.
Ukrayna ordusunun Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə gözlənilən əks hücumu, Türkiyədə keçirilən seçkilər və digər proseslərlə əlaqədar fikir mübadiləsi aparılıb.