“Müharibə vaxtı qaçıb xaricdə gizlənmişdilər, indi milyonlar qazanırlar”

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.  Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib:  “Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır.  Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı  qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar.  Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”.  Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib:  “İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi. O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”. 

Prezident icra başçısını işdən çıxardı

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır: "Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”. V.Əhmədov vurğulayıb ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq həmin məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”. V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”. Deputat həmçinin bank faizlərinin yüksək olması məsələsinə də toxunub: "Kredit faizlərin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm.

Bakı metrosunun keçidində kişi öldü

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kürün su problemi bitdi, yoxsa daha ağır günlər gəlir?

“Salyanda suyun səviyyəsinin artması insanlarda elə fikir yaratmasın ki, iyun-avqust aylarında da belə olacaq. Təxminən iyun ayının ortalarından sonra Azərbaycanda su ilə bağlı daha ciddi çətinliklər yaranacaq”. Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov bu günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsinin qalxmasına münasibət bildirərkən deyib. O, bunu son iki gündə dağ rayonlarında intensiv yağan yağışlarla əlaqələndirib: “Türkiyənin, Gürcüstanın əksər bölgələrində də intensiv yağışlar yağıb. Yağış yağanda nə baş verir? Mən əvvəlki müsahibələrimdə demişdim ki, qarşıdan yaz gəlir, intensiv yağışlar yağacaq. Yağışlar çaylarda su bolluğu yaradacaq və müvəqqəti olaraq suya olan ehtiyac ödəniləcək. Amma iyul-avqust aylarında biz daha ciddi problemlə üzləşəcəyik”.  Vahid Məhərrəmov qeyd edib ki, intensiv yağan yağışlardan sonra suyu anbarlarda yığmaq lazımdır: “Su anbarları lillə dolub, onlar təmizlənməlidir. Xüsusən də böyük anbarlar. Mingəçevir Su Anbarı dolub, indi əvvəlki həcmdə su saxlamır. Hazırda anbarda daha az su yığılır. Buna görə də mövcud olan su anbarları lildən təmizlənməlidir”.

İran səfirliyi qarşısında AKSİYA - Fəridi azad edin!

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. Sozcu.az xəbər verir ki, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Buraxılış imtahanında riyaziyyatdan suala "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək

Buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı salınmış sualı həll edib və "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, həmçinin, sualın hansı formada həll edildiyinə də baxılacaq: "Buna uyğun 1 bal, 2 bal, yoxsa yarım bal veriləcəyi müəyyənləşdiriləcək. Açıq sualların necə yoxlandığına dair meyarlar öncədən verilib".

Təbrizdə milli məzmunlu banner asıldı

Martın 16-dan 17-ə keçən gecə Təbrizin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən Güney Azərbaycan müstəqilliyi ilə bağlı banner asılıb. Sozcu.az xəbər verir ki, bannerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb. “Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda ən çox bəyənilən şüara çevrilib və bu artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir.

Laçına ilk köç: 296 ailə məskunlaşdırılacaq

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır: "Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir".

Nadir Qafarzadə yeni avtomobil aldı

Müğənni Nadir Qafarzadə yeni avtomobil alıb. Sozcu.az xəbər verir ki, bu barədə o, “Şou xəbər”ə müsahibəsində deyib. İfaçı yeni maşınını veriliş üçün hazırlanan süjetdə nümayiş etdirib: “Özümə hədiyyə etmişəm. Kim mənə hədiyyə etsin? Dünən yuduzdurmuşdum. Saxladım məhlədə. Evdən çıxanda gördüm ki, çirklənib”.

Məleykə Abbaszadə abituriyentləri hədələdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.  Sozcu.az-ın xəbərinə görə, o, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın.  “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb. 

Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.  Sozcu.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.  İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.  Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.  R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil. 

Tağı Əhmədov əlil arabasına möhtac qalıb

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.  Yenisabah.az xatırladır ki, T Əhmədov 5 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.  Məlumatlara görə, 2 ildən çoxdur ki, T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı bahalı klinikaların birinin daimi pasiyenti olan keçmiş Metropoliten rəisi müayinə prosesini də ailə üzvlərinin müşayiəti altında həyata keçirir.  Qohumlarından biri saytımıza deyib ki, hərəkət imkanlarını itirəndən sonra o, yaxın ətrafı ilə əlaqəni kəsib. T.Əhmədov dostları və keçmiş iş yoldaşları ilə ancaq telefon vasitəsilə əlaqə saxlayır.  Səhhətindəki problemlərə rəğmən, onun bədii yaradıcılıqla məşğul olduğu bildirilir. Həmişə dahi Hüseyn Cavidlə olan qohumluğu ilə fəxr edən T.Əhmədovun yeni povest üzərində işlədiyi söylənilir. 

"Biz varlıları soymuruq, kasıbların futbola çıxışına kömək edirik" - İnfantino

FİFA prezidenti Canni İnfantino qurumun və onun ünvanına səslənən mənfi fikirlərə münasibət bildirib. Sozcu.az "RMC Sport"a istinadən xəbər verir ki, qurumun rəhbəri FİFA-nı "Robin Qud" adlandıranlara da cavab verib: “Məni və FİFA-nı niyə tənqid etdiyinizi başa düşmürəm. Bəzi jurnalistlərin niyə belə qəzəbləndiyini anlamıram. Bəlkə də jurnalistlərlə kifayət qədər ünsiyyət qura bilmirəm. Kimsə demişdi ki, FİFA futbolun Robin Qududur. Amma biz varlıları soymuruq, əksinə, kasıbların futbola çıxışına kömək edirik. Mənə şəxsi hücumlar da var. Bilin ki, FİFA-ya, onun prezidentinə hücum edirsiniz... Bu hücumlar niyə baş verir? Məni sevmək məcburiyyətində deyilsiniz, amma mənə hörmətlə yanaşmalısınız".   İnfantio FİFA haqqındakı korrupsiya iddiaları ilə bağlı da danışıb: "Bu, çox ciddi iddialardır. Bu gün bu haqda danışmağa məcbur oldum. Mən komandamla çox işləyirəm. Namizədliyimi dəstəkləyən 200-dən çox məktub aldıqdan sonra yenidən seçildim”.

Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır. Qeyri-iş günləri martın 18-də başlayacaq və martın 26-da isə son qeyri-iş günü olacaq. Belə ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2023-cü il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Beləliklə, 18, 19 və 25, 26 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (18,19, 20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləridir. Növbəti iş günü martın 27-dir.

Ukrayna əsgərləri bir gündə işğalçıların 5 komanda məntəqəsini məhv edib

Ukrayna müdafiəçiləri rus işğalçılarını məhv etməyə davam edir. Böyük canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən hücum əməliyyatlarını dayandırmır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Düşmən əsas səylərini Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində cəmləşdirir. Son sutka ərzində düşmən ora 70-dən çox hücum edib", - Baş Qərargah qeyd edib. Bildirilib ki, Volınski, Polesski, Severski və Slobozhanski istiqamətlərində əməliyyat vəziyyətində ciddi dəyişiklik yoxdur, düşmənin hücum qruplarının formalaşması aşkar edilməyib. Belarusun poliqonlarında rus işğalçılarının bölmələri hazırlanır: "Baxmut istiqamətində düşmən Baxmuta hücum etmək cəhdlərindən əl çəkmir. Orexovo-Vasilovka, Baxmut, İvanovskoye və Qriqorovka yaşayış məntəqələri ərazilərində düşmənin çoxsaylı hücumları dəf edildi.  Düşmən itkilər verməkdə davam edir. Belə ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin Oleşkovski rayon xəstəxanasının ərazisinə 20-dən çox ağır yaralı işğalçı müalicə üçün gətirilib". Xatırladaq ki, ISW analitikləri Rusiyanın Donetsk vilayətinin Baxmut şəhərinə hücumunun kulminasiya nöqtəsinə çatdığını bildirir.

Kahramanmaraşda zəlzələ olub

Türkiyədə yerli saatla 04:41-də zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,1 böyüklüyündə qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Bakıda maskalı şəxs qadını döyərək pulunu alıb

Bakıda qadına qarşı quldurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərinə görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

ABŞ səfirliyi: “Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır

“Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur”. Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar “Trend”in sorğusuna cavab olaraq ABŞ-nin ölkəmizdəki səfirliyindən bildiriblər. “ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir”, - diplomatik nümayəndəlikdən bildirilib. Səfirlikdən ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyi qeyd edilib. “Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb”,- ABŞ səfirliyindən deyiblər. Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Ukraynada daha 760 rus hərbçisi, 1 helikopter məhv edilib

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 163320 (+760) nəfər canlı qüvvəsi, 3506 (+2) tank, 6823 (+13) ədəd zirehli döyüş maşını, 2552 (+13) ədəd artileriya sistemi, 504 (+1) reaktiv yaylım atəşi sistemi, 265 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 290 (+1) helikopter, 2145 (+0) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5401 (+7) avtomobil texnikası və avtosistern, 258 (+1) xüsusi texnikası məhv edilib.

Şəhid adının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinə dair yeni qanun layihəsi hazırlanıb

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması, eyni zamanda şəhid adının əbədiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinin sosial müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb, müvafiq qaydada dövlət qurumları ilə razılaşdırılaraq, aidiyyəti üzrə təqdim edilib. Qanun layihəsi qəbul edildikdən sonra digər normativ hüquqi aktlar, o cümlədən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” qanuna uyğunlaşdırılaraq yenidən hazırlanacaq.

Fizulidə 18 binanın tikintisinə başlanıb

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş Füzuli rayonunun inzibati idarəsində yerləşən 8,9 hektar torpaq sahəsində inşa ediləcək 38 yaşayış binasından və digər infrastruktur obyektlərindən ibarət Füzuli yaşayış kompleksində 18 yaşayış binasında tikinti quraşdırma işlərinə başlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən 7,87 hektar torpaq sahəsində inşa ediləcək 33 yaşayış binasından və digər infrastruktur obyektlərindən ibarət Cəbrayıl yaşayış kompleksində layihələndirmə və digər zəruri işlərin həyata keçirilməsinə davam etdirilib.

SN: Yuxusuzluq uzun müddət narahat edəndə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər

Əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib. Onun sözlərinə görə, nevrotik pozuntular (gərginlik, fobiya, panik ataklar, depressiya və s.) yaranır, yaddaş itkisi, neyrodegenerativ xəstəliklər (məsələn, Alzheimer xəstəliyi), ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır: “Yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır. Qeyd edim ki, yuxusuzluq qısamüddətli (kəskin yuxusuzluq) və ya uzunmüddətli (xroniki yuxusuzluq) ola bilər. Kəskin yuxusuzluq adətən stressdən yaranır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən xroniki yuxusuzluq halları da görülə bilər. Yuxusuzluqdan şikayət edən xəstələrin ən çox yayılmış qrupları bunlardır: 60 yaşdan yuxarı insanlar, elmi işçilər və yaradıcı peşələrlə məşğul olanlar, gecə saatlarında işləyənlər, tez-tez iqlimi və coğrafi mövqeyini dəyişməyə məcbur olanlar, psixi pozğunluqları və digər xroniki xəstəlikləri olan şəxslər. Yuxusuzluğun medikamentoz müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır, çünki bəzi dərmanlar arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Məsələn intoksikasiya, daxili orqan və sistemlərin zədələnməsinə gətirib çıxara bilər”. Həkim qeyd edib ki, yuxusuzluğun yaranma səbəblərinə depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, yuxuya mane olan xarici amillər (səs-küy, işıq, isti hava), narahat ayaq sindromu; çox ağır fiziki yorğunluq; uzun müddət sürən ağrılar, aritmiyalar, hormonal pozğunluqlar, narkotiklərə məruz qalma, alkoqol və nikotinin istifadəsi, enerji içkiləri, burun çəpərinin əyriliyi və ya poliplər səbəbindən nəfəsalmanın pozulması, bəzi dərmanlar (məsələn, depressiya, yüksək qan təzyiqi və ya astmanın müalicəsində istifadə olunan dərmanlar), yuxu rejimində dəyişikliklər (məsələn, gecə növbələrində işləmək) daxildir.

DİM: Ali məktəblərə sənəd verənlərin sayı artıb

Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: "Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib. Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacağı qeyd olunub. Onlar 15 aprel – 5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər". Martın 5-də və 12-də keçirilən buraxılış imtahanları haqqında məlumat verən Məleykə Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb: "11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub".