Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib:
"Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib.
Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacağı qeyd olunub. Onlar 15 aprel – 5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər".
Martın 5-də və 12-də keçirilən buraxılış imtahanları haqqında məlumat verən Məleykə Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb:
"11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub".