Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Yenisabah.az xatırladır ki, T Əhmədov 5 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.
Məlumatlara görə, 2 ildən çoxdur ki, T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı bahalı klinikaların birinin daimi pasiyenti olan keçmiş Metropoliten rəisi müayinə prosesini də ailə üzvlərinin müşayiəti altında həyata keçirir.
Qohumlarından biri saytımıza deyib ki, hərəkət imkanlarını itirəndən sonra o, yaxın ətrafı ilə əlaqəni kəsib. T.Əhmədov dostları və keçmiş iş yoldaşları ilə ancaq telefon vasitəsilə əlaqə saxlayır.
Səhhətindəki problemlərə rəğmən, onun bədii yaradıcılıqla məşğul olduğu bildirilir. Həmişə dahi Hüseyn Cavidlə olan qohumluğu ilə fəxr edən T.Əhmədovun yeni povest üzərində işlədiyi söylənilir.