Az bal toplamış abituriyentlərin NƏZƏRİNƏ - İkinci şans + Qeydiyyat başladı

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2024-cü il mayın 31-dən iyunun 17-dək aparılacaq. Bu barədə Sozcu.az-a DİM-dən bildirilib. Qeyd edilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər. Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. 12 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 30 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

“Son zəng” tədbirində bacanağının atasını bıçaqladı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əlisəfa Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə Əlisəfa Məmmədova bəraət verilib. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz olunub. İttihama görə, hadisə 19 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Hacıqabul rayonunun Birinci Udulu kəndində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Əlisəfa Məmmədov qayınatasının yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində nəvəsi üçün təşkil etdiyi “Son zəng” tədbiri ilə bağlı keçirilən məclisdə spirtli içki qəbul edib. Sonra o, musiqi səsinin çox olmasına görə həyətdən küçəyə çıxıb. Həmin vaxt həyət darvazasının qarşısında onunla birlikdə tədbirdə iştirak edən, qohumu, bacanağının atası, zərərçəkmiş, rayonun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanov İsmət Fazil oğlunu da küçədə görüb. Təqsirləndirilən şəxs ondan nə səbəbə küçəyə çıxmasını soruşanda zərərçəkmiş şəxs əsəbi halda kiminsə ünvanına təhqiredici ifadələr işlədib, musiqi səsinin başını ağrıtdığını deyib. Əlisəfa da ona kobud qaydada başının yerində olmamasını söyləyib. Bu zaman onların arasında mübahisə yaranıb, İsmət təqsirləndirilən şəxsi yumruqla vurub. Daha sonra Əlisəfa Məmmədov mətbəx bıçağını cibindən çıxarıb zərərçəkmiş şəxsin döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetib. Hadisədən sonra Əlisəfa Məmmədov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. (Pravda.az)

Yeyib-içəndən sonra qonşusunu amansızlıqla öldürmüşdü - 18 il həbs verildi

Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub. Sozcu.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb. Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da qorxularından Rövşənə yaxınlaşa bilməyiblər. Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib. (Qafqazinfo)

Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

İyunun 7-də Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat 10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Yaz sessiyası üzrə son plenar iclas - Gündəlikdə 9 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1.“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 3. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 7. “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 8. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 9. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Berlin Ukraynaya Almaniya silahları ilə Rusiyanı vurmağa icazə verir?

"Berlin Ukraynanın Rusiya ərazisində Almaniya silahlarından istifadəsinə icazə verməyi nəzərdən keçirəcək". Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bunu ukraynalı həmkarı Rustem Umerov ilə keçirdiyi brifinqdə Almaniyanın müdafiə naziri Boris Pistorus deyib. O qeyd edib ki, kansler Olaf Şolts əvvəllər açıq şəkildə bəyan etdiyi kimi, silahlardan beynəlxalq hüquq çərçivəsində istifadə edilə bilər. Nazirin sözlərinə görə, bu məsələyə baxılır, lakin ictimai müzakirələr və “nəyə dözmək olar, nəyə dözmək olmaz” mövzusunda çərçivə yaratmaq üçün ikitərəfli razılaşmalara ehtiyac yoxdur.

Prezident icra başçısını işdən ÇIXARDI - DOSYE

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Alxasov Şair 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Rusiyanın Ukraynadakı itkiləri 507 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1390 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 507 650 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 22 zirehli döyüş maşını, 39 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bayden Ukraynaya Rusiyanı vurmağa səssizcə icazə verib - "Reuters"

ABŞ prezidenti Co Bayden Kiyevə Rusiya Federasiyasının sərhədyanı ərazilərində zərbələr endirməyə səssizcə icazə verib. Sozcu.az xəbər verir ki, "Reuters" bununla bağlı yazıb. "Baydenin qərarı yalnız Xarkov vilayəti ilə sərhədə yaxın Rusiya daxilindəki hədəflərə aiddir", - mənbə bildirib. "Prezident öz komandasına Ukraynanın Xarkov vilayətində atəş fəaliyyətinə qarşı çıxmaq üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməsini təmin etməyi tapşırıb ki, Ukrayna onlara hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrinə cavab verə bilsin", - rəsmi qeyd edib.

Qusarın icra başçısı vəzifəsindən azad edildi

Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Zatulin Azərbaycana qarşı inanılmaz HƏYASIZLIQ

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb.   Modern.az saytı xəbər verir ki, Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında əvəlcə son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib, baş nazir Paşinyanı ittiham edib. O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir.  Konstantin Zatulin sonrakı açıqlaması ilə bir daha təsdiqləyib ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir.  Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir.  K.Zatulin Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı barədə də danışaraq, erməni təəssübkeşliyini daha da qabardıb.  “2020-ci ildə sülhməramlılarımız Qarabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivank monastırında (Xudavəng monastırını nəzərdə tutur – red.) xüsusi post yaradılmışdı. Erməni tərəfi bu monastırın qorunub saxlanmasının vacibliyində təkid edirdi. Bu gün bilirsiniz ki, artıq orada sülhməramlıların postu yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azərbaycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, məsələ mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir”, - deyə rusiyalı deputat sərsəmləyib. Konstantin Zatulinin sərsəmləməsinə münasibət bildirən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Azərbaycana qarşı ənənəvi təxribatçı fikirlərindən əl çəkmək istəmir. “Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və “Qarabağ klanı”na dəstək verən başlıca müzakirə platformasıdır. Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Amma həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirməklə böyük səhvə yol verir”. E.Şahinoğlu deyib ki, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil.  “Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə, mövzunu həmkarı Qriqori Karasin vasitəsilə gündəmə gətirib ki, bu, Azərbaycanda etiraz doğurmasın”.  ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, Konstantin Zatulin 2-3 dəfə Nikol Paşinyanı təhqir etdi deyə, Bakıdakı bəzi "ekspertlər" az qala onu Azərbaycanın dostu elan etdilər.  “Onu Azərbaycanın dostu elan edənlərin arasında bəzi deputatlar da var idi. Amma rusların xisləti dəyişməz, ümumiyyətlə, Rusiyanı son 4 ildə urvatsız etdiyimiz addımlara görə bizə cavab verməyə çalışırlar - Xankəndidə konsulluq istəyi də bu qəbildəndir. Rusiya Qarabağdakı separatçı rejimin dövründə Xankəndi və ərtafında yaşayan ermənilərə pasport paylayıb. Keçən il öz istəyi ilə Qarabağı tərk edən ermənilərdən 30 minə yaxınının Rusiya pasportu - vətəndaşlığı var.  Kremlin konsulluq xidməti Xankəndidə fəaliyyətə başlayan kimi həmin şəxslərin "hüquqlarını quruyuruq" nağıllarına başlayıb bizə problem yaratmağa çalışacaq.  O ki, qaldı indi İrəvanda davam edən "keşiş əməliyyatına" və Kremlin "erməni kilsəsi" sevgisinin qabarmasına, Kreml Moskvaya bağlı adamların, Köçəryan-Sarkisyan komandasının "siyasi impotent" olduğunu bilir deyə, indi ermənilər arasında az-çox hörməti olan kilsəyə "stavka" edir – çünki kilsə xadimlərinin çoxu da elə "KQB"dən çıxıb”. 

Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər

İsrailin qeyri-hökumət təşkilatı olan “Impact-se”-nin araşdırmasına görə, Səudiyyə Ərəbistanında dərsliklərdə “Fələstin” adı xəritədən çıxarılır. Yeni nəşrlərdə İsrailə qarşı istifadə edilən “düşmən” kimi ifadələr də dəyişdirilir. “Middle East Eye” qəzetinin məlumatına görə, təşkilat 2019-2024-cü illər arasında nəşr olunan 371 dərsliyi araşdırır və silinmiş, dəyişdirilmiş və ya dəyişməz qalan məzmunları üzə çıxarır. Araşdırmaya görə, sionizmi irqçi bir hərəkat olaraq təyin edən 12-ci sinif sosial elmlər dərsliyi 2023-cü ildən etibarən tədris olunmayacaq. Fələstin məsələsi ilə bağlı fəsil isə hələ də tədris olunan başqa bir dərslikdən çıxarılıb. “Xəritələrin əksəriyyətində Fələstin də daxil olmaqla, Səudiyyə Ərəbistanı ilə həmsərhəd olmayan bütün ölkələrin adları, bəzi hallarda isə bütün ölkə adları çıxarılıb”, – deyə hesabatda bildirilir./publika.az

Ukrayna ABŞ silahları ilə Rusiya ərazisini vura biləcək

Amerika hava hücumundan müdafiə sistemlərindən Rusiya ərazisi üzərindəki hədəfləri məhv etmək üçün istifadə etməyə icazə verilib.  Sozcu.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Anonimlik şərti ilə danışan Ağ Ev rəsmisinə istinadən bildirilir ki, bu, həmin hədəflərin Ukraynanı təhdid edəcəyi təqdirdə baş verəcək: “Ukraynanın özünə təhlükə görəcəyi təqdirdə Rusiya ərazisi üzərində Rusiya raketlərini və ya qırıcı təyyarələrini vurmasına heç bir məhdudiyyət yoxdur”.

Hesablama Palatası Naxçıvanın Təhsil Nazirliyi ilə bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumların (seçmə qaydada) dövlət vəsaitindən və dövlət əmlakından istifadə etməsinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparıb. Sozcu.az bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436 manat xərc icra edilib. Auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə, əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlər ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilib. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Azərbaycanlı ailə üzvlərini öldürüb, intihar etdi

Təbrizdə ailə başçısı 35 yaşlı həyat yoldaşı, 13 yaşlı qızı və 9 yaşlı oğlunu güllələyərək öldürdükdən sonra özünə də atəş açaraq həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Adı açıqlanmayan şəxsin depressiyadan və psixi pozuntudan əziyyət çəkdiyi üçün cinayət törədiyi bildirilib. İranın Psixiatriya Assosiasiyasının verdiyi məlumata görə, son bir ildə ölkə vətəndaşları arasında depressiya halları iki dəfə artıb

Azərbaycanın müstəqilliyinə, suverinliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir

Rusiya Xankəndidə Baş konsulluq açmaq niyyətindədir və bu istəyini 2024-cü ilin sonuna kimi həyata keçirmək istəyir. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasinin ifadə etdiyi bu istək raşizmin bütün bölgəni əsarət altında saxlamaq planın bir hissəsidir. Raşizmin təməl ideyası ondan ibarətdir ki, hətta bir “rus ruhu”nun olduğu yerlər sərhədsiz Rusiyanın tərkib hissəsdidır. Bu ideya Rusiya cəmiyyətində cücərərək onun dünyagörüşünün əsasına çevrilmişdir. Faşizm və kommunizmdən daha qəddar ideologiya olan raşizmin məqsədi Rusiya İmperiyasını bərpa etməkdir. Rusiyanın Ukraynada törətdiyi cinayətlər, elcə də Rusiya rəsmilərinin bütün dünyanı “nüvə apokalipsisi” və bəşəriyyəti nüvə külünə çevirəcəkləri ilə bağlı təhdidləri raşizmin faşizm və kommunizmdən daha təhlükəli olduğunu təsdiqləyir.  Rusiyanın Xankəndidə Baş konsulluq açmaq istəyini ərazi bütövlüyümüzə dəstək kimi təqdim etmək raşizmin məqsədinə xidmət etməkdir. Ermənistan hökumətinin təmsilçiləri dəfələrlə bu ərazilərin Azərbaycan torpağı olduğunu etiraf və elan ediblər. Heç bir dövlətin şübhə altına almadığı ərazi bütövlüyümüzün təsdiqi üçün Rusiyanın (raşizmin) dstəyinə ehtiyacmı var? Əlbətdə ki, yoxdur. Sadəcə raşizmin xidmətçiləri əsarəti azadlıq kimi təqdim edərək əsl niyyətlərini ört-basdır edirlər.   Azərbaycanın müstəqilliyinə, suverinliyə təhlükə Ermənistandan deyil, Rusiyadan gəlir. Azərbaycan xalqının faciəsi Qafqazın Rusiya tərəfindən işğalı ilə başlayıb və hələ də davam edir. Tarixi və mədəni irsimizin beşiyi Dərbənd hələ də Rusiya işğalı altındadır.  Şanlı Ukrayna Silahlı Qüvvələrinin və bütövlükdə Ukrayna xalqının inanılmaz müqaviməti sayəsində raşizmin dişləri ovulub. Raşizm daha əvvəlki kimi güclü deyil. Artıq raşizmin başının əzilməsi vaxtı çatmışdır. Qafqaz  xalqları qarşısında tarixi, mədəni, dini və milli məsuliyyətimizi dərk edərək, raşizmin bölgəni əsarət altında saxlamaq planını pozmaq üçün Dərbənd başda olmaqla Şimal torpaqlarımızın və bütün Qafqazın azadlığını tələb etmək zamanı gəlib çatmışdır.  Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bununla bağlı təkliflərini yaxın günlərdə Azərbaycan cəmiyyətinə təqdim edəcək. Zaman raşizmə qarşı birlik və bərabərlik zamanıdır! Xəqani Cəfərli, politoloq

Bakıda qadın kişini öldürdü

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 827-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 506 260 hərbçi, 7 710 ədəd tank, 14 913 ədəd zirehli döyüş maşını, 13 101 ədəd artilleriya sistemi, 1 088 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 815 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 17 849 ədəd avtomobil texnikası, 10 532 ədəd PUA, 2 222 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 153 xüsusi avadanlıq itirib.

Bu ərazilər də Azərbaycana təhvil verilir

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq. “Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. Ardınca Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) rayonu, daha sonra Sünik (Zəngəzur) olacağı deyilir. Dünən Geqarkunikin (Göyçə mahalı) Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib”, – nəşr yazır. (Publika.az)

MİQ imtahanı suallarında məkirli oyun: “Bilərəkdən çətinləşdirilir”

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Mən müəllimlərin şikayətini haqlı hesab edirəm. Tərtib edilən suallar doğrudan da namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlara uyğun deyil. MİQ imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir”. Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir neçə kitabda olan suallar əsasında hazırlaşırlar: “Universitet, kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim məcbur qalıb hazırlıqlara gedərək pul xərcləyir. Əlavə də hər il təzə nəşr olunan kitablar almaq məcburiyyətində qalır. Bütün bunlar kommersiya məqsədi daşıyır. Bunu edənlər vəsait hazırlayan şəxslərdir. Maddi maraq güdürlər ki, müəllimlər gedib onların hazırladığı həmin kitabı alsınlar".

Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi əhəmiyyət kəsb edir

Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib. “Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir”, - deyə müraciətdə qeyd olunub.

“Ölüm qrupu”: Azı 100 bal artacaq? - Tələbə olmaq istəyənlərin diqqətinə!

Bu il 85 min nəfər tələbə olmaq üçün müvafiq imtahanlara qatılıb. Təhsil ekspertləri həm say, həm də imtahan göstəriciləri baxımından bu il keçid ballarının artacağını vurğulayırlar. Əsas ehtimal isə 1-ci qrupda 100 bala qədər artımın olması ilə bağlıdır. Mütəxəssislər bu qrupu hətta “ölüm qrupu” da adlandırır.  Bəs bu iddiaların reallaşması mümkündürmü? Təhsil eksperti Cahid İmanlı səsləndirilən iddialara aydınlıq gətirib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir: “Bu il ali məktəbə qəbul olmaq üçün ən çox sənəd verənlər 1-ci qrupdadır. Amma eyni zamanda bu qrupda ixtisas sayı da çoxdur.  Ona görə demək olmaz ki, 1-ci qrupda keçid balları maksimum dərəcədə qalxacaq. Əslində, ötən illərlə müqayisədə ən çox artım 3-cü qrupda olub. Hazırkı ehtimal da bu istiqamətdədir. Balların artma statistikasına gəlincə, burada ilk sıranı 3-cü qrup tutacaq. 2-ci yerdə isə birinci ixtisas qrupu olacaq. 3 və 4-cü yerləri ikinci və dördüncü ixtisas qrupu paylaşacaq. Amma balların 100 bala qədər artma ehtimalı qətiyyən düzgün ehtimal deyil”.  Ekspert keçid ballarının ən çox 50 artacağını da qeyd edib: “Qəbul imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq başa çatıb. Keçən ilə nisbətən buraxılış ballarının orta hesabla 20 bal qalxması məlumdur. Birinci blok imtahanı keçirilsə də, nəticələri heç də ürəkaçan deyil. Blok imtahanlarının buraxılış imtahanlarına nisbətən çətin olması və keçən ilə nisbətən yüksəkballı ixtisasların olmaması bu ildə ciddi bal artımı gözlənilmir. Bəzi ixtisaslarda ən maksimum bal artımı 50-ə qədər ola bilər.  Müəyyən səbəblərə görə, yaxud daha dəqiq desək, Qarabağ universitetində yaradılan şəraitlə əlaqədar olaraq, oradakı bütün ixtisasların keçid balları arta bilər. Eyni zamanda, Sumqayıt Dövlət Universitetinə bu il 500 baldan çox göstərici ilə qəbul olanlara güzəştlərin verilməsinə görə buradakı plan yerlərindəki müəyyən ixtisaslara balların yüksələcəyi istisna olunmur. Ümumi yox, amma ayrı-ayrı subyektiv səbəblərə görə,  bal artımı gözlənilə bilər”. 

Son damla qana qədər döyüş: Gəncə üsyanı - Ceyhun Nəbi

1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsi ilə müqavimət güclərinin koordinasiyası itmişdi. Həqiqi respublikaçı tərəflər içərisində məyyusluq, təlaş, inamın ölməsi ortaq bir məxrəcə gəlməyə imkan verməmişdir. Məhəmməd Həsən Hacıniskinin önəmli rol aldığı sol müsavatçılar qanadı bolşeviklərlə iş birliyi içərisində hakimiyyəti həqiqi respublikaçılardan almaq üçün dəridən-qabıqdan çıxırdılar. Cümhuriyyət parlamentinin, hökumətlərinin içərisinə masqalanaraq soxulmuş casuslar heyəti hətta milli qiyafədə təqdim olunanların belə başını pozmuşdular. İki qüvvə arasında başını itirmiş bu adamlar nəyin ki, ağıllarına müqaviməti gətirdilər, ani məqamda təslimiyyət yolunu seçdilər. Çirkablaşmış siyasi düzəndə çox az sayda siyasilər müqavimət və milli respublikanın müstəqilliyi haqqında düşünürdülər. Bu qüvvənin başında şəxsən Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, İstanbuldan Tiflisə gəlmiş Xəlil bəy Xasməmmədli dayanırdı. Müqavimətçi güc özü üçün mərkəz kimi milli amalların, iradənin şəhəri sayılan Gəncəni seçmişdi. Müqavimət prosesin başında dayanan əsas simalardan başda Cavad bəy Şıxlnski olmaqla Fətəli Xan Xoylunun böyük qardaşı polkovnik Hüseynqulu xan, qardaşı oğlu Əmiraslan xan Xoylu, Hüseynqulu xanın qızının həyat yoldaşı polkovnik Cahangir bəy Kazımbəyli, Hüseynqulu Xanın həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanlının( Ziyadxanlı qardaşlarının bacısı) dayıları General Məhəmməd Mirzə Qacar, General Kazım Mirzə Qacar və digərləri idi. Müqaviməti həyata keçirən qüvvələr işğaldan 1 ay sonra qanlı döyüş günlərində 28 may istiqlaliyyət gününü keçirməyi belə yaddan çıxarmamışdılar. Tək məqsəd Azərbaycanın müstəqilliyinin bərpası idi. Bu məqsəd tək yüksək rütbəli zabit və hərbiçilərin gəldiyi qərar deyildi. Bu qərarın arxasında adlarını yuxarıda qeyd etdiyim Azərbaycan Cümhuriyyətinin qurucu simalarının siyasi iradəsi var idi və həmin siyasi iradə son damla qanın axıdılmasına qədər davam etdi. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Yeniyetmə qızlar niyə evdən qaçır? - Açıqlama

Son günlər tez-tez yeniyetmələrin, xüsusilə də qızların evdən qaçmasıyla bağlı xəbərlər yayılır. Onların arasında yetkinlik yaşına çatmayanlar da, 18 yaşı tamam olanlar da var. Bəs görəsən, qızları bu cür addım atmağa nə vadar edir? Valideyn-övlad münasibətləri hansı səviyyədə olmalıdır ki, onlar evdən qaçaraq “sərbəstlik” axtarışında olmasınlar? Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a açıqlamasında belə hadisələrin bir sıra səbəblərinin olduğunu bildirib. Onun sözlərinə görə, qızlar sevgi, qayğı və diqqətlə böyüdüləndə xoşbəxt olurlar: "Yəni bir qızı ac, susuz saxla, geyimsiz böyüt, amma sevgisiz böyütmə. Sevgisiz ailələrdə qızlar travmatik böyümüş sayılır. Onlar 14, 15, 16 yaşında ilk dəfə ona “sevirəm”, “canım” deyən insanla qaçacaq. Çünki "yağışdan çıxıb yağmura düşmək" bu yaşda qızların adətidir. Həyatda onu ilk dəfə kimsə önəmsəyib. Bu duyğudan dolayı onlar evdən qaçırlar. Belə hadisələr nadir hallarda uğurlu olur. Əksər hallarda qızların seçimləri düzgün olmur. Sonra da qız ya intihar edir, ya məcburi ailə həyatı yaşayır, ya da əxlaqsız həyat tərzini seçir. Qızların evdən qaçmasının dəb halının almasının bir səbəbi də bu yolu seçən insanların bəzilərinin uğurlu bloger və ya digər sənət sahibi olmalarıdır. Bu ugur digərlərini də evdən qaçmağa sövq edir".