Son günlər tez-tez yeniyetmələrin, xüsusilə də qızların evdən qaçmasıyla bağlı xəbərlər yayılır. Onların arasında yetkinlik yaşına çatmayanlar da, 18 yaşı tamam olanlar da var.
Bəs görəsən, qızları bu cür addım atmağa nə vadar edir? Valideyn-övlad münasibətləri hansı səviyyədə olmalıdır ki, onlar evdən qaçaraq “sərbəstlik” axtarışında olmasınlar?
Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a açıqlamasında belə hadisələrin bir sıra səbəblərinin olduğunu bildirib.
Onun sözlərinə görə, qızlar sevgi, qayğı və diqqətlə böyüdüləndə xoşbəxt olurlar:
"Yəni bir qızı ac, susuz saxla, geyimsiz böyüt, amma sevgisiz böyütmə. Sevgisiz ailələrdə qızlar travmatik böyümüş sayılır. Onlar 14, 15, 16 yaşında ilk dəfə ona “sevirəm”, “canım” deyən insanla qaçacaq. Çünki "yağışdan çıxıb yağmura düşmək" bu yaşda qızların adətidir. Həyatda onu ilk dəfə kimsə önəmsəyib. Bu duyğudan dolayı onlar evdən qaçırlar. Belə hadisələr nadir hallarda uğurlu olur. Əksər hallarda qızların seçimləri düzgün olmur. Sonra da qız ya intihar edir, ya məcburi ailə həyatı yaşayır, ya da əxlaqsız həyat tərzini seçir. Qızların evdən qaçmasının dəb halının almasının bir səbəbi də bu yolu seçən insanların bəzilərinin uğurlu bloger və ya digər sənət sahibi olmalarıdır. Bu ugur digərlərini də evdən qaçmağa sövq edir".