28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir ! - Ceyhun Nəbi

Bu ildə 28 may çox sönük keçdi. İnsanların üzündə bayram sevincinə, təbəssümünə rast gəlmədim. Özünü müstəqil adlandıranlar ən önəmli bayram tədbirinə, bəşəri anlamda şərq üçün böyük əhəmiyyət kəsb edən hadisəyə biganə yanaşmaqla, sanki onun dəyərsizləşməsinin sevincini, xoşbəxtliyini yaşayırlar. Müstəqilliyin hörmətdən salındığı ölkədə sistem təsirlərindən kənarda da toplum üçün 28 may onsuzda bir məna kəsb etmir. Ancaq məişət işləri, bayağı həyat tərzi seçən, gündəlik yaşam proqramının 10-15 saatını çayxanalarda keçirən, məqsəd və məramı müsbət bir mahiyyət kəsb etməyənlərə 28 mayın nəsə anlatması qeyri-mümkün hal olduğunu düşünürəm. 

28 mayı anlamaq üçün sağlam düşüncə, iradə və vicdanının olması mütləqdir. 28 may sadəcə bir təqvimdə gün deyil. Bizim insan kimi həyat başlanğıcımız 1918-ilin 28 mayından başlayır. Öz ilk hüquqi dövlətimizi elan etdik, öz hökumətimizi ərsəyə gətirdik, ordumuzu, polisimizi, pulumuzu, rabitə sistemimizi yaratdıq. Dövlət adımızda həmin tarixdən məkan adından çıxaraq həmdə siyasi quruluşa çevrildi. Şərqdə və bütünlükdə müsəlman dünyasında bərabəri olmayan və çəkiləri ilə müqayisə olunmayacaq intellektuallar, yüksək təhsil almış, siyasi təcrübəyə sahib sabiq Duma vəkilləri, hüquqşünaslar, mühərrirlər, qələm sahibləri, redaktorlar dövlətin ali məsul vəzifələrini öz üzərlərinə aldılar. O qədər böyük işlər həyata keçirdilər, ərsəyə gətirdilər ki, həmin tarixə qədər bizim toplum bunu təsəvvür etmək qabiliyyətinə sahib olmadığını qeyd etməliyik. Bu gündə çox təəssüf ki, anlamırlar, anlamaqda çətinlik çəkirlər. 

28 may məfkurəsi bizim xilasımızın adıdır. Müstəqillik, demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, Avropa ailəsinin bir parçası olmaq. Məfkurəmizi tanıyaq, anlayaq və ona hər zaman sadiq qalaq !

28 mayı unutsaq varlığımız yox olacaq, yox ediləcəkdir !

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

Share on Facebook