1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə təhvil verilməsi ilə müqavimət güclərinin koordinasiyası itmişdi. Həqiqi respublikaçı tərəflər içərisində məyyusluq, təlaş, inamın ölməsi ortaq bir məxrəcə gəlməyə imkan verməmişdir. Məhəmməd Həsən Hacıniskinin önəmli rol aldığı sol müsavatçılar qanadı bolşeviklərlə iş birliyi içərisində hakimiyyəti həqiqi respublikaçılardan almaq üçün dəridən-qabıqdan çıxırdılar. Cümhuriyyət parlamentinin, hökumətlərinin içərisinə masqalanaraq soxulmuş casuslar heyəti hətta milli qiyafədə təqdim olunanların belə başını pozmuşdular. İki qüvvə arasında başını itirmiş bu adamlar nəyin ki, ağıllarına müqaviməti gətirdilər, ani məqamda təslimiyyət yolunu seçdilər. Çirkablaşmış siyasi düzəndə çox az sayda siyasilər müqavimət və milli respublikanın müstəqilliyi haqqında düşünürdülər. Bu qüvvənin başında şəxsən Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, İstanbuldan Tiflisə gəlmiş Xəlil bəy Xasməmmədli dayanırdı. Müqavimətçi güc özü üçün mərkəz kimi milli amalların, iradənin şəhəri sayılan Gəncəni seçmişdi. Müqavimət prosesin başında dayanan əsas simalardan başda Cavad bəy Şıxlnski olmaqla Fətəli Xan Xoylunun böyük qardaşı polkovnik Hüseynqulu xan, qardaşı oğlu Əmiraslan xan Xoylu, Hüseynqulu xanın qızının həyat yoldaşı polkovnik Cahangir bəy Kazımbəyli, Hüseynqulu Xanın həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanlının( Ziyadxanlı qardaşlarının bacısı) dayıları General Məhəmməd Mirzə Qacar, General Kazım Mirzə Qacar və digərləri idi. Müqaviməti həyata keçirən qüvvələr işğaldan 1 ay sonra qanlı döyüş günlərində 28 may istiqlaliyyət gününü keçirməyi belə yaddan çıxarmamışdılar. Tək məqsəd Azərbaycanın müstəqilliyinin bərpası idi. Bu məqsəd tək yüksək rütbəli zabit və hərbiçilərin gəldiyi qərar deyildi. Bu qərarın arxasında adlarını yuxarıda qeyd etdiyim Azərbaycan Cümhuriyyətinin qurucu simalarının siyasi iradəsi var idi və həmin siyasi iradə son damla qanın axıdılmasına qədər davam etdi.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri