“Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin müəyyən qismi sualların çətin olmasından şikayətlənir. Mən müəllimlərin şikayətini haqlı hesab edirəm. Tərtib edilən suallar doğrudan da namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlara uyğun deyil. MİQ imtahanı sualları bilərəkdən çətinləşdirilir, məzmuna uyğun verilmir”.
Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir neçə kitabda olan suallar əsasında hazırlaşırlar:
“Universitet, kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim məcbur qalıb hazırlıqlara gedərək pul xərcləyir. Əlavə də hər il təzə nəşr olunan kitablar almaq məcburiyyətində qalır. Bütün bunlar kommersiya məqsədi daşıyır. Bunu edənlər vəsait hazırlayan şəxslərdir. Maddi maraq güdürlər ki, müəllimlər gedib onların hazırladığı həmin kitabı alsınlar".