Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumların (seçmə qaydada) dövlət vəsaitindən və dövlət əmlakından istifadə etməsinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparıb.
Sozcu.az bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436 manat xərc icra edilib.
Auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə, əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlər ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilib. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib.