"Vaqner" rəhbəri etiraf edib: “Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”

“Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”. Bunu Rusiyanın “Vaqner” muzldu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”. Y.Priqojinin sözlərinə görə, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz - düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”. Qeyd edək ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı. Ukrayna müdafiə naziri Oliksiy Reznikov isə söyləmişdi ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər. Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığını təsdiqləmiş və Kiyevi dəstəkləyəcəyini demişdi.

Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub. Hadisə bu gün səhər saatlarında baş verib. Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb

“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”. Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib. O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”. Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər. Qeyd edək ki, altı aydan çoxdur, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə aldıqlarını deyirlər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.

İranda kütləvi etirazlar gözlənilir

İranda aprelin 10-na kütləvi etirazlar təyin edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilərin kimyəvi qazdan müəmmalı zəhərlənməsinə görə bu günə ümumxalq etirazlarına çağırışlar yayılmaqdadır.

"Solaxay olmağım işimə yaradı..."

Əziz dostlar! Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün - bazar ertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin on-line qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam! Fazil Mustafa, millət vəkili

Dünya okeanlarının temperaturu rekord həddə çatdı

İqlim üzrə çalışan alimlər peyk qeydləri başlayandan bəri qlobal okean səthinin temperaturu üzrə yeni rekorda imza atıblar. ABŞ hökumətinin məlumatlarına görə, səthin temperaturu indi 21,1 dərəcəyə çatır. Sozcu.az bizim.media-ya istinadən bildirir ki, bu barədə "The Guardian" yazıb. Məlumata görə, bundan əvvəlki rekord 2016-cı ildə qeydə alınıb. O vaxt səthin temperaturu 21 dərəcə olub. Alimlərin fikrincə, indi okeanların yuxarı qatlarında daha çox istilik toplanır. Bu, ilin sonunda Ekvatorial Sakit okeanda El Nino hadisəsinə gətirib çıxara bilər, ekstremal hava riski artır və qlobal temperatur rekordlarını daha da yüksəldə bilər. Bununla yanaşı, okeanın sularında istiliyin miqdarının artmasının tufan ehtimalını artırdığı qeyd edilir.

De Byazi istefaya göndəriləcəkmi? - Rəsmi açıqlama

Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir.  Sozcu.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir: "Baş məşqçinin də hesabatı dinləniləcək". AFFA rəsmisi qeyd edib ki, hazırda milli komandanın baş məşqçisi Canni de Byazinin istefaya göndərilməsi gündəmdə deyil. Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında "Avro-2024"ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə). 

General itkin düşən əsgərlərin ailələrinə deyib ki, bəlkə Mübariz İbrahimov kimi...

Naxçıvan Muxtar Respublikasında hərbi  xidmətdə olan   itkin düşən hərbçilərin kimliyi bəlli olub. Gununsesi.info-nun xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu, digəri isə Bəbirov Aqşin Qabil oğludur. Qeyd edək ki, Müdafiə Nazirliyinin  açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir. Saytın əldə etdiyi xəbərdə isə hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, hər iki şəxs sadə əsgər olsa da komandir onları post yoxlamaya göndərib. Bu göndərişdən sonra hər iki hərbçi yoxa çıxıb. Yoxa çıxan əsgərlərin valideynləri bildirir ki, vəzifə borcları olmadığı halda iki əsgərin post yoxlamaya getməsi faktı araşdırılmalıdır. Bundan başqa itkin düşən əsgərlərin valdeynləri  Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşsə də normal cavab ala bilməyib:  “Kərəm Mustafayev deyir ki,  bəlkə Mübariz İbrahimov kimi ermənilərin üstünə gediblər. Biz övladlarımızı ona əmanət etmişik. Elə bil ki, iki 18 yaşlı gənc itməyib. Soyuqqanlı şəkildə deyir ki, gedin, evinizdə oturun, bir xəbər olsa biləcəksiniz”.

İllərlə eyni rayona rəhbərlik edən icra başçıları - SİYAHI

Son günlər Azərbaycanda icra hakimiyyətlərinin ləğvi prosesi akuallaşıb. Müzakirələrə səbəb icra hakimiyyətlərinin sovetdən qalma bir qurum olması və qeyri-şəffaf fəaliyyət göstərməsidir. Xatırladaq ki, Prezident işğaldan azad olunmuş ərazilərə öz nümayəndəsini təyin edir. Bu halda isə icra hakimiyyətləri, icra başçıları öz səlahiyyətlərini itirmiş kimi olurlar. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin mövcudluğu saxlanılır, eləcə də illərdi eyni rayona başçılıq edən icra başçıları var. Faktmedia.az uzun müddət eyni rayonda vəzifə tutan icra başçılarını araşdırıb: Taleh Qaraşov – Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 11 ildir ki, Lənkərana başçılıq edir. Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başlayıb. Həmçinin adında mülklər, bahalı maşınların olması haqqında mətbuatda yazılar dərc olunur. Qəzənfər Ağayev – Dövlət başçısının 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Hələ ki, sakitcə öz otağına çəkilən bu icra başçısı haqqında ciddi “söhbətlər” dərc olunmayıb. 11 il müddətində rayona rəhbərlik edir. Süleyman Mikayılov - Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Adı qalmaqallardan ayazımayan icra başçılarından biridir. 13 ildir ki, Qaradağın icra başçısıdır. Mətbuatın yazdığına görə, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir.  Zakir Fərəcov - Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ildən artıqdır ki, Azərbaycanın ikinci ən böyük şəhərində başçıdır. Zakir Fərəcov işlədiyi illərdə adı qalmaqalsız ötüşməyib. Zaman-zaman haqqında mətbuatda faktlar dərc olunur. Ayaz Əskərov - Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayonda heç bir failiyyət göstərməməsi, vətəndaşları qəbul etməməsi, problemlərini dinləməməsi ilə bağlı məlumatlar yer alır. 7 ildən artıqdır ki, kiçik bir rayona rəhbərlik edir. Sevindik Hətəmov - 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 7 ildir Salyanda icra başçısı vəzifəsini tutur. Yardımlı rayonuna başçılıq edən zaman onun müavini Mahir Mirzəyevlə yola getməməsi haqqında danışılırdı. Bildirilirdi ki, “oliqarxlıq” edən müavini Mahir Mirzəyev bütün səlahiyyətləri özü icra edirmiş.  Ziyəddin Əliyev -  Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O da 6 ildir ki, Qubaya başçılıq edir.

“Ata bala ilə düşməndir, bala ana ilə düşməndir“ - Aktrisa

“Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb". Sozcu.az xəbər verir ki, bunu "Instagram"da aktrisa Xuraman Əlizadə bildirib. Videoda ağlayaraq o bildirib: “Biz kimik ki?! Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək, heyif.  Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir. Bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala ana ilə düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Bircə bilirik ki, sonumuz buradır”. 

Təbii viaqra, xərçəngin düşməni... - Çiyələk barədə inanılmaz həqiqətlər

Çiyələk faydasına görə ən möcüzəvi giləmeyvələrdən biridir.  Mövsümünün başlamasını nəzərə alaraq, “Medicina”ya istinadla bu giləmeyvəylə bağlı ən vacib məlumatları təqdim edir. Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir. 100 qram çiyələyin qida dəyəri: 1. Zülallar - 0,7 qr 2. Yağlar - 0,3 qr 3. Karbohidratlar - 5,7 qr 4. Su - 91 qr 5. Kalori - 30 kKal. Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Bunlar çiyələyin növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətrə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr və vitaminlərdir. Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium (126mq), fosfor (85 mq), kalsium (41 mq), natrium (28mq), maqnium (22mq), dəmir (13 mq), yod (8mq), askoprbin turşusu (50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O həm də A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir. Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da kömək edir. Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır. Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir. Bundan əlavə böyrək daşı, böyrəklərin və sidik kisəsinin iltihabı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında faydalı təsirə malikdir. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəliklərindən əziyyət çəkənlər də bu meyvədən bol-bol istifadə eləməlidir. Digər faydaları: - həzm sistemini sürətləndirir; - orqanizmə antimikrob təsir bağışlayır; - avitaminozun aradan qalxmasına səbəb olur; - dərini gözəlləşdirir; - angina və stomatit əlamətlərini aradan qaldırır; - orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir; - dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır. Çiyələyin yalnız bir zərərli xüsusiyyəti var – Bəzi insanlarda allergiya verə bilər. Ona görə də allergik insanlar çiyələkdən ehtiyatla istifadə etməlidir. Bundan əlavə qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə, hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdən də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür. Appendesit xəstələri də çiyələk yeyərkən diqqətli olmalıdır. 

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq

“Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq”.  Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.  O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər olub.  "Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər neft və qaz ixracına əsaslanır. Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq”, - deyə səfir əlavə edib. 

Xırdalanda parkdan oturacaq və idman aləti oğurlandı

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman aləti oğurlanıb.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Hadisə barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.  Faktla bağlı araşdırma aparılır. 

Bu il keçid balları aşağı düşəcək

Xəbər verdiyimiz kimi, martın 5-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Abituriyentlərin qazandığı nəticələr qənaətbəxş sayılırmı? Bu il ali məktəblərə keçid  balında artım, yoxsa azalma müşahidə olunacaq? Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov keçirilən imtahanın çətinliyinin nəticələrə də təsir etdiyini deyib: “DİM 5 martda keçirilən buraxılış imtahanının test tapşırığı nümunələrini öz saytında yerləşdirib. Biz bundan əvvəl imtahan keçirildikdən sonra sosial şəbəkələr vasitəsilə abituriyentlərimizin yadında qalan imtahan suallarının təhlilini aparmışdıq. Test tapşırıqlarıyla bağlı ölkə üzrə ilk rəyi də mən vermişdim. Riyaziyyat test tapşırıqlarından biri mübahisəli qalmışdı. Sual səhv olmasa da həll etmək üçün olduqca çox vaxt lazım idi və buraxılış imtahanı modeli üçün uyğun deyildi. Azərbaycan dili test tapşırıqlarında olan mətn isə uzun idi və abituriyentlərə tanış mətn deyildi. Ümumi sualların ağırlıq səviyyəsi 5 martda yüksək idi. Məhz bunun nəticəsidir ki, imtahanda iştirak edən 50 000-dən yuxarı abituriyentdən yalnız 1 nəfər 297 bal toplayıb.  Son 4 ilin imtahan nəticələrinə baxdıqda nəticələr eynidir. Ümumi nəticələr təbii ki, qənaətbəxş deyil. Nəticələr olduqca aşağı düşüb. Bu onu göstərir ki, son 3 ildə təhsilin idarə olunması və məktəblərə nəzarət olunması ilə bağlı ciddi problemlər var. Müvafiq qurumların məktəblərlə kommunikasiyası yoxdur.  Müsabiqə şərtləri öncədən DİM tərəfindən elan olunur. Keçid balları isə abituriyentlərin nəticəsinə və plan yerlərinə uyğun hesablanır. Keçid ballarının enməsi gözlənilir. Buna 3 amil təsir göstərir: son 3 il ərzində məktəblərdə təhsil keyfiyyətinin aşağı düşməsi, martın 5-də və 12-də keçirilən imtahanların çətin olması və ali təhsil müəssisələri üçün ayrılan plan yerlərində kəskin artım. Bütün bu amillər keçid ballarının aşağı düşməsini öncədən proqnozlaşdırmağa imkan verir.”

Azərbaycanda ər və arvad faciəvi şəkildə öldü

Xaçmazın Yalama kəndində ər və arvad yaşadıqları evdə yanaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Aslan Balasultan oğlu Taqverdiyev və həyat yoldaşı 1965-ci il təvəllüdlü Rumayə Atakişi qızı Taqverdiyeva yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. *** Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib. Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

İtkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerləri...

Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur. Sozcu.az xəbər verir ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Ruslar Baxmutu cəsədləri ilə örtürlər - Yabçanka

Baxmut uğrunda döyüşlər hələ də qızğın şəkildə davam edir. Düzdür, ayın əvvəlindən döyüşlərin intensivliyi azalıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Da Vinçi Qurdları" batalyonunun leytenantı Aleksandr Yabçanka deyib. "Bizim mövqelərimizə faktiki olaraq hər şeylə hücum etdilər: top artilleriyası, tanklar və s. Davamlı hücumlar var. Bizim mövqelərimizi darmadağın etməyə çalışırlar. Sözün əsl mənasında, sadəcə olaraq, torpağımızı cəsədlərlə örtürlər. Elə yerlər var ki, onların meyitləri topalanıb qalıb. Bu heç də mübaliğə deyil", - o bildirib. O qeyd edib ki, bəzi ərazilərdə ruslar həlak olmuş yoldaşlarının cəsədlərini götürməyə çalışırlar və bunun üçün də basqın edirlər: "Ukrayna Silahlı Qüvvələri onları dərhal məhv edir, lakin hücumlar davam edir".

"Niyə 1 milyon vətəndaşımız müalicə üçün İrana getməlidir?!" - Ərəstun Oruclu

Musavat.com xəbər verir ki, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu TV Müsavat-ın canlı efirin qonağı olub.  Ərəstun Oruclu bildirib ki, Azərbaycandan İrana müalicə üçün gedən vətəndaşlarımızın sayı həddindən çoxdur və onların bəziləri bu səbəbdən də İran agentinə çevrilib. "Müalicə üçün pulu çatmayan birinə yardım edib onun rəğbətini qazanmaqla əməkdaşlığa cəlb edirlər. Terror və ya kəşfiyyat əməkdaşlığı düşünürlər ki, ya təhdid, ya da pul qarşılığında baş tutur, xeyr, bu, hər zaman belə olmur, insanın beyininə təsir edirlər", - Ərəstun Oruclu deyib. Ətraflı:

Pentaqon rəhbərindən ƏMR: Krıma yaxınlaşmayın!

ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı pilotlara Krım yarımadasına yaxınlaşmamağı əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb. Nəşr gizli xəritəyə istinadən bildirir ki, kəşfiyyat təyyarələrinin uça biləcəyi yerlər müəyyən olunub və burada Qara dəniz üzərində çəkilmiş sərhədlər qeyd olunub. Sərhəd beynəlxalq hüquqa uyğun olaraq Krım sahillərindən təxminən 12 mil (19 kilometr) məsafədədir. Məlumarda vurğulanıb ki, bu, təyyarələrə Krıma yaxınlaşmamaq barədə əmr verilməsi deməkdir. Qeyd olunub ki, əmr 2022-ci ilin sentyabrından 2023-cü ilin fevralına qədər olan dövrə aiddir.

Rusiya özünü daha çox təcrid edir - Zelenski

Rusiya Zaporojyenin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmaqla özünü dünyadan və bəşəriyyətdən daha çox təcrid vəziyyətinə salır. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Ukrayna lideri rusların Zaporojyeni S-300 raketləri ilə vurduğunu, nəticədə ata və 11 yaşlı qızın həlak olduğunu, uşağın anasının isə ağır yaralandığını bildirib.

Belə ölkə mövqeyi müdafiə edirlər? Bu ölkəni gülünc yerinə qoymaqdan başqa bir şey deyil

İranla Azərbaycan arasında gərginlik artan xəttlə gedir. Azərbaycan hökuməti 4 iranlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdi və artıq ölkədən çıxıblar. Diplomatları ölkədən jurnalistlər yola saldılar. Özü də necə. "Siz Azərbaycana qarşı casusluq edibsiniz, niyə?" Bu sualı eşidəndə elə bil başıma nüvə başlığı düşdü. İranlı diplomat Azərbaycana qarşı necə casusluq edə bilər? İran vətəndaşı, İranın Azərbaycandakı səfirliyində rəsmi vəzifə tutmuş şəxsi Azərbaycana işləməli imiş? Hər şey cəhənnəmə, bəs məntiq? Ümumiyyətlə, hökumətin qərarında casus sözü görən olub? Bu cür hadisələr olanda bir çoxları deyir ki, tapşırıq belə olub, ona görə jurnalistlər bu cür oyun çıxarırlar. Birmənalı olaraq inanmıram. Müharibə vaxtı eyni tip jurnalistlər vurulmuş ərazini çəkəndən sonra rəsmi şəxsə sual ünvanladılar ki, müəllim, bundan sonra ermənilər haranı vuracaqlar? Həmin rəsmi şəxsin gözlərinin bərəlməsi və üzünün rəngi hələ də xatirimdədir. Bəziləri çıxıb deyəcəklər ki, Azərbaycanın mövqeyini müdafiə ediblər, hətta "etmişik" deyən də olacaq. Belə ölkə mövqeyi müdafiə edirlər? Bu ölkəni gülünc yerinə qoymaqdan başqa bir şey deyil. Azərbaycanlı diplomatlara qarşı belə hərəkət edilsəydi, əsəbləşərdiniz, yoxsa gülərdiniz? Belə şeyləri görəndən sonra adamın hər şeydən əli qolu soyuyur. Casusun aşkarlanması dünyanın ən çətin işlərindən biridir. Bir casusun müəyyən edilməsi bəzən uzun illər alır. Dünyanın ən çətin işi Azərbaycanda ən asan peşəyə çevrilib. Jurnalistlərin kimisə casus elan etməsi isə iki vur ikidir. Arada keçmiş təhlükəsizlik əməkdaşlarından xahiş edin, casusun aşkarlanması prosesini sizə danışsın, bəlkə onda prosesin ağırlığından utanıb, qabağınıza keçənə o damğanı vurmazsınız. Əslidə qınamaq da olmur. Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdən artıq olmayacaq ha. Günah məndədir ki, kəmiyyət tələb edilən yerdə keyfiyyət axtarışına çıxıb, vaxtınızı aldım. Səxavət Məmməd

İlk Qədr gecəsi: Hacı Şahinin dua və moizəsi - Video

Bu gecə ilk Qədr (Əhya) gecəsidir. Sozcu.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17-də olacaq. Mərhum Hacı Şahinin ötən il ilk Qədr gecəsində məsciddə etdiyi moizə və duaları təqdim edirik: