Xəbər verdiyimiz kimi, martın 5-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Abituriyentlərin qazandığı nəticələr qənaətbəxş sayılırmı? Bu il ali məktəblərə keçid balında artım, yoxsa azalma müşahidə olunacaq?
Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov keçirilən imtahanın çətinliyinin nəticələrə də təsir etdiyini deyib:
“DİM 5 martda keçirilən buraxılış imtahanının test tapşırığı nümunələrini öz saytında yerləşdirib. Biz bundan əvvəl imtahan keçirildikdən sonra sosial şəbəkələr vasitəsilə abituriyentlərimizin yadında qalan imtahan suallarının təhlilini aparmışdıq. Test tapşırıqlarıyla bağlı ölkə üzrə ilk rəyi də mən vermişdim. Riyaziyyat test tapşırıqlarından biri mübahisəli qalmışdı. Sual səhv olmasa da həll etmək üçün olduqca çox vaxt lazım idi və buraxılış imtahanı modeli üçün uyğun deyildi. Azərbaycan dili test tapşırıqlarında olan mətn isə uzun idi və abituriyentlərə tanış mətn deyildi. Ümumi sualların ağırlıq səviyyəsi 5 martda yüksək idi. Məhz bunun nəticəsidir ki, imtahanda iştirak edən 50 000-dən yuxarı abituriyentdən yalnız 1 nəfər 297 bal toplayıb.
Son 4 ilin imtahan nəticələrinə baxdıqda nəticələr eynidir. Ümumi nəticələr təbii ki, qənaətbəxş deyil. Nəticələr olduqca aşağı düşüb. Bu onu göstərir ki, son 3 ildə təhsilin idarə olunması və məktəblərə nəzarət olunması ilə bağlı ciddi problemlər var. Müvafiq qurumların məktəblərlə kommunikasiyası yoxdur.
Müsabiqə şərtləri öncədən DİM tərəfindən elan olunur. Keçid balları isə abituriyentlərin nəticəsinə və plan yerlərinə uyğun hesablanır. Keçid ballarının enməsi gözlənilir. Buna 3 amil təsir göstərir: son 3 il ərzində məktəblərdə təhsil keyfiyyətinin aşağı düşməsi, martın 5-də və 12-də keçirilən imtahanların çətin olması və ali təhsil müəssisələri üçün ayrılan plan yerlərində kəskin artım. Bütün bu amillər keçid ballarının aşağı düşməsini öncədən proqnozlaşdırmağa imkan verir.”