İranla Azərbaycan arasında gərginlik artan xəttlə gedir. Azərbaycan hökuməti 4 iranlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdi və artıq ölkədən çıxıblar.
Diplomatları ölkədən jurnalistlər yola saldılar. Özü də necə. "Siz Azərbaycana qarşı casusluq edibsiniz, niyə?" Bu sualı eşidəndə elə bil başıma nüvə başlığı düşdü. İranlı diplomat Azərbaycana qarşı necə casusluq edə bilər? İran vətəndaşı, İranın Azərbaycandakı səfirliyində rəsmi vəzifə tutmuş şəxsi Azərbaycana işləməli imiş? Hər şey cəhənnəmə, bəs məntiq? Ümumiyyətlə, hökumətin qərarında casus sözü görən olub?
Bu cür hadisələr olanda bir çoxları deyir ki, tapşırıq belə olub, ona görə jurnalistlər bu cür oyun çıxarırlar. Birmənalı olaraq inanmıram. Müharibə vaxtı eyni tip jurnalistlər vurulmuş ərazini çəkəndən sonra rəsmi şəxsə sual ünvanladılar ki, müəllim, bundan sonra ermənilər haranı vuracaqlar? Həmin rəsmi şəxsin gözlərinin bərəlməsi və üzünün rəngi hələ də xatirimdədir.
Bəziləri çıxıb deyəcəklər ki, Azərbaycanın mövqeyini müdafiə ediblər, hətta "etmişik" deyən də olacaq.
Belə ölkə mövqeyi müdafiə edirlər? Bu ölkəni gülünc yerinə qoymaqdan başqa bir şey deyil. Azərbaycanlı diplomatlara qarşı belə hərəkət edilsəydi, əsəbləşərdiniz, yoxsa gülərdiniz?
Belə şeyləri görəndən sonra adamın hər şeydən əli qolu soyuyur. Casusun aşkarlanması dünyanın ən çətin işlərindən biridir. Bir casusun müəyyən edilməsi bəzən uzun illər alır. Dünyanın ən çətin işi Azərbaycanda ən asan peşəyə çevrilib. Jurnalistlərin kimisə casus elan etməsi isə iki vur ikidir. Arada keçmiş təhlükəsizlik əməkdaşlarından xahiş edin, casusun aşkarlanması prosesini sizə danışsın, bəlkə onda prosesin ağırlığından utanıb, qabağınıza keçənə o damğanı vurmazsınız.
Əslidə qınamaq da olmur. Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdən artıq olmayacaq ha. Günah məndədir ki, kəmiyyət tələb edilən yerdə keyfiyyət axtarışına çıxıb, vaxtınızı aldım.
Səxavət Məmməd