Bir xiyarı 4 manata satırlar, gözlərini pul tutub...

Gün, ay, il yadımda deyil. Heç yazının məzmunu da yadımda qalmayıb. Amma sərlövhəni indiki kimi xatırlayıram: "İvan ayıdır, həm də dayıdır..."  Biz hər il isti avqust günlərində ailəlikcə Yessentuki şəhərinə istirahətə gedirdik. Mila xala rus olsa da, bizə öz qohumlarımız qədər doğma, əziz idi. Onun həyətindəki ayrıca mənzildə kirayədə qalırdıq. Valideynlərimin 20-25 gün üçün nə qədər kirayə pulu ödədiyini bilmirdim. Amma Mila xalanın bizi öz doğma nəvələrindən ayırmadığını görürdüm. Yessentukidə qaldığımız 20-25 gün ərzində heç vaxt meyvə-tərəvəzə pul verməzdik. Ev sahibi hər gün məni və qardaşımı dondurmaya qonaq edərdi. Teatra gedəndə bizə də bilet alardılar. Azərbaycana qayıdanda isə cibimizə pul qoyub yola salardılar... İvan Mila xalanın oğlu idi. Görkəmindən ayıya oxşasa da, bizə əsl dayılıq edirdi. Özü, xanımı Vera müəllimə, tələbə qızı Lyudmila hər gün bizə nəsə bağışlayırdı. Onların nurlu çöhrəsi hələ də gözlərimin qabağındadır.  2016-cı ildə ailəlikcə Ukraynaya istirahətə getmişdik. Bu dəfə mən övladlarımı dincəlməyə aparmışdım. Dostum, həmkarım Teyyub Mirqasımovun təşkilatçılığı ilə Kiyevin ən prestijli yerində - məşhur "Maydan" meydanının 100 addımlığında səliqəli bir mənzil kirayələmişdik. Hər sutka üçün 25 dollar vəsait ödəyirdik. Bu məbləğ indi olduğu kimi o vaxt da böyük pul deyildi. Buna rəğmən ev sahibi  mətbəxi, hamamı, qonaq otağını zəruri ləvazimatlarla doldurmuşdu. Bahalı sabunlar, şampunlar, masa silmək üçün ətirli bezlər, tualetdə və hamamda istifadə olunan salfetlər, təravətləndirici balonlar, brend firmalara aid yuyucu vasitələr...  Biz o vaxt Kiyevdə təxminən iki həftə qaldıq. Amma iki ay da qalsaydıq, bu ləvazimatların hamısını işlədib qurtara bilməzdik. Gülərüz, sarışın ev sahibəsi məmnun qalmağımız üçün əlindən gələni etdi.  İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən... Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub.  Mila xala 20 ildi ölüb, amma biz hər gün onun üçün rəhmət oxuyuruq. Görəsən, Bakının istisindən qaçıb nisbətən sərin rayonlara pənah aparan bizim kimi kasıb insanlara 1 xiyarı 4 manata satan bu adamlar üçün rəhmət oxuyan tapılacaq?  Seymur VERDİZADƏ 

Ev sahibini döyərək öldürən kirayəçilər məhkəmə qarşısında

Tovuzda ev sahibini döyərək öldürməkdə təqsirləndirilən Aynaz Alıyeva və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib. Qeyd: Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub. İlkin araşdırma zamanı evdə kirayə qalan 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın evdə yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta əşya ilə vurması nəticəsində 71 yaşlı qadının aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub.

"Qəzadan sonra Nicatın telefonlarını və pulqabısını oğurlayıblar"

"Qəzadan sonra Bloger Nicat Şakirlinin (Nikosayağı) telefonları və pulqabısı oğurlanıb. Bu haqda teleaparıcı- bloger Ramal İsayev instagram hesabında paylaşım edib. "Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb cəzalandırılacaq! Bu qədər də yox!” sözlərini yazıb. O qeyd edib ki, Nicat hazırda reanimasiyadadır, dostunun ölümündən xəbərsizdir, həkimlərdən dostunun vəziyyətini soruşub./Azxeber.com

İrandan Xəzər vasitəsilə narkotik keçirmək istədilər

Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-ya verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və 1992-ci il təvəllüdlü Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Putinin “desantı” bu gündən Xankəndində “pulsuz yeməkxanalar” şousuna başladı...

"Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki..." Bu gün – iyulun 15-dən Xankəndində fəaliyyətə başlayacaq “xeyriyyə” yeməkxanalarının "ərzaq qıtlığını müəyyən qədər azaldacağı gözlənilir". Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb. Yeməkxanalar Putinin milyarder “desantı” Ruben Vardanyanın rəhbərlik etdiyi qondarma “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” qanunsuz “ictimai hərəkatı” tərəfindən açılır. Burada hamilə qadınlar, 16 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar yemək yeyə bilərlər. Vardanyanın ofisi bildirir ki, “Sosial yeməkxana” xeyriyyə proqramı “qidalanma ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyaclı soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”. Lakin bu təşəbbüs Xankəndi əhalisi tərəfindən birmənalı qarşılanmır.  “Bu qidaların haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, həmin məhsullar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan bir az alıb bütün ailə ilə yemək yesinlər. Hamı yemək istəyir”, - "Hraparak"ın  həmsöhbəti belə deyib. P.S. Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki...

Dinozavrların yaşıdı olan canlı tapıldı

Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub. Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.

340 min toyuq məhv ediləcək - XƏSTƏLİYƏ GÖRƏ

İsveçin ən böyük yumurta istehsalçısı "CA Cederqrens" quşçuluq fermasında salmonella virusu qeydə alınıb, bu səbəbdən 340 min toyuq məhv ediləcək. Sozcu.az report-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. "Cedergrens" ümumi yumurta istehsalının təxminən 20% -ni təşkil edir. Aprel ayında məhsullarda zərərli bakteriya aşkar olunduğu üçün tədarükdə növbəti fasilə yaranıb. Qeyd edək ki, salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Qida zəhərlənmələrinin əsas törədicilərindən biri sayılan salmonellalar heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.

"Neftçi"yə qarşı coşqulu və gözəl oyun gözləyirəm" - Şenol Güneş

"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Türkiyə Superliqasının 1-ci turunda "Fatih Karagümrük"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Sozcu.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə cavab matçı haqda da danışıb:  "Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. İlk oyunumuz "Neftçi"yə qarşı olacaq. Hər iki matçda coşqulu və gözəl oyun gözləyirəm. Qol epizodları yaratacağımız, rəqibə oynamağa imkan verməyəcək oyun üslubunda çıxış etməliyik. Ümid edirəm ki, belə olacaq". Qeyd edək ki, "Beşiktaş" - "Neftçi" görüşü avqustun 17-i keçiriləcək. Bu komandalar arasında ilk görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azad olunan güneyli jurnalist bir gün sonra yenidən həbs olundu

Güneyli jurnalist Nazilə Mərufian müvəqqəti olaraq sərbəst buraxıldıqdan bir gün sonra yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun anası məlumat yayıb. Anasının sözlərinə görə, jurnalist girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqdan bir gün sonra, avqustun 14-də mobil telefonunu götürmək üçün polis bölməsinə getdiyi zaman həbs edilib: "O, polis bölməsində ağır şəkildə döyüldü, etiraz etdikdə məni də Nazilə ilə birlikdə təcridxanaya saldılar. Bir neçə saat sonra məni sərbəst buraxdılar, Naziləni isə Qərçək həbsxanasına köçürdülər". N.Mərufian bu ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilmişdi. Bir müddət öncə səhhətində problem yaranan jurnalist tibb mərkəzinə yerləşdirilmişdi.

Nicatın vəziyyəti necədir? - Atası danışdı

Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır. Sozcu.az xəbər verir ki, bunu ötən gün qəzaya düşərək ağır xəsarət alan bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib. "Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib", - Nicatın atası bildirib.

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırıldı

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,64 dollara, yüngül neftin bir barreli 82,86 dollara, "Azəri Layt" markalı Bakı neftinin bir barreli isə 90,86 dollara satılır.

İrəvanla Bakı arasında danışıqlar bu ayda keçirilək

Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundu sentyabrda baş tutacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib. “Ermənistan bu prosesə sadiq qalaraq sülh prosesindən çıxmayıb və çəkilmək niyyətində deyil. Biz öz tərəfimizdən sülh sazişi üzərində işləməyə davam edirik”, - Marukyan bildirib.

F-16 Rusiyanın bütün aviasiyasını məhv edəcək

Əgər Ukrayna bir neçə yüz F-16 qırıcısı və bir neçə yüz uzaq mənzilli ATACMS raketi alarsa, müharibə həftə ərzində başa çata bilər. Sozcu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. “F-16 fantastik şeydir. Bunlar uçan hava hücumundan müdafiə platformalarıdır. Bu təyyarələr Qara dəniz ərazisi üzərində görünəndə cənub limanlarına edilən bütün bu hücumlar dərhal dayandırılacaq. Bundan əlavə, bu, hücum silahıdır. F-16-lar eyni Engelsə (Rusiyanın Saratov vilayətindəki aviabazası) çata və Rusiyanın bütün strateji aviasiyasını məhv edə bilərlər”, - politoloq bildirib. Onun sözlərinə görə, müharibə Ukraynan bu silahları istifadə etmədən də başa çata bilər, əsas odur ki, bunlar ölkəyə verilsin: “Mən əminliklə deyirəm ki, bu silahlardan istifadə olunmasa da müharibə bitəcək. Ruslar onun Ukrayna ərazisində olduğuna əmin olduqda, 24 iyun hadisələri (Priqojin qiyamı) ilə Rusiyanın hərbi-siyasi rəhbərliyində baş verən dağıdıcı proseslər məntiqi nəticəyə gətirib çıxaracaq. Bu raketlər və təyyarələr Ukrayna ərazisində və hava məkanında peyda olanda Kreml başa düşəcək ki, heç bir ümid yoxdur, Putin müqavimət göstərsə, sadəcə olaraq onu uzaqlaşdıracaqlar”.

Rusiyanın 315 ədəd hərbi təyyarəsi məhv edilib

Ukrayna müharibənin 538-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 254 920 hərbçi, 4313 ədəd tank, 8370 ədəd zirehli döyüş maşını, 5128 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 482 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7584 ədəd avtomobil texnikası, 4242 ədəd PUA, 1387 qanadlı raket, 18 gəmi/qayıq, 769 xüsusi avadanlıq itirib.

"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu öldü

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovun törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədovdur. Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.

10 min erməni silahlı var: hər an əməliyyat başlaya bilər

Azərbaycanın siyasi iradəsi ilə atılan addımlar Ermənistanda təşvişə səbəb olub. Bu gün onlar müxtəlif şoular yaradaraq, prosesin qarşısını almağa çalışırlar. Bu sözləri Axar.az-a tanınmış hərbi ekspert Alparslan İmamqulu Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplaması ilə bağlı yayılan videogörüntünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın antiterror əməliyyatları həyata keçirəcəyini anlayır. Çünki işğaldan azad olunan torpaqlara qayıdış planlarının həyata keçirildiyi, inşaat-quruculuq işləri görüldüyü bir vaxtda ərazidə terror qruplarının mövcud olması ciddi bir təhlükədir: “Torpaqlarımızı işğaldan azad etmişik, lakin hələ də ərazilərimizdə terrorçu qüvvələr mövcuddur. On minə yaxın əli silah tutan bir qüvvə fəaliyyət göstərir və bu, çox ciddi rəqəmdir. Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatları keçirərək bu qrupları tamamilə zərərsizləşdirmək lazımdır. Əks halda Rusiya davamlı olaraq bölgədə revanşizmi dəstəkləyəcək və terrorçu qrupları müxtəlif vasitələrlə silahlandıracaq”. Onun sözlərinə görə, Ermənistanın yürütdüyü siyasət rəsmi Bakını antiterror əməliyyatlarını tez bir zamanda həyata keçirməyə vadar edir: “Buna müharibə yox, irimiqyaslı antiterror əməliyyatlarının başlanması deyərdim. Bu, hər an ola bilər. Çünki Ermənistanın vədinə əməl etməməsi, revanşist fikirlər səsləndirməsi Azərbaycan üçün başqa yol qoymur. Hətta deyərdim, qaçılmazdır. Bunun qarşısının alınmasının da yeganə yolu terrorçuların zərərsizləşdirilməsidir. Ona görə də irimiqyaslı antiterror əməliyyatları tez bir zamanda başlayacaq”. Azərbaycan Ordusunun yüksək hazırlığından bəhs edən ekspert bildirib ki, antiterror əməliyyatları da Bakının zəfəri ilə yekunlaşacaq: “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda struktur dəyişikliyi, təşkilatlanmada və silahlanmada gedən inkişafa baxsaq, Ermənistanın İran, Rusiya, Hindistan kimi ölkələr tərəfindən dəstəklənməsi heç bir məna kəsb etmir. Təbii ki, təhlükələr nəzərə alınmalıdır. Çünki ərazilərimizin içərisində olan bu qüvvə hər an ciddi təxribatlar törədə bilər. Azərbaycan bir neçə dəfə kiçik antiterror əməliyyatı keçirib. Bölgədə strateji yüksəkliklər nəzarətə götürülüb. Bu da bizə Ermənistan və onun ərazilərimizə buraxdığı terrorçu qrupların fəaliyyətini daim izləmək imkanı verib. Bununla yanaşı hava məkanı da daim nəzarətimizdədir. Odur ki, ciddi narahatlığa əsas yoxdur. Sadəcə, tez bir zamanda bu əməliyyatların başladılması önəmlidir. Əks halda, əlində silah olan terrorçu qüvvələrin daha da güclənməsi Azərbaycana gələcəkdə çətinlik yaradacaq”.

Rusiya blokadası yarılmalıdır, danışıqlar olmaz!

Beynəlxalq ictimaiyyət Ukrayna dəniz limanlarındakı blokadanı yarmalı, ancaq Rusiya ilə danışıqlara cəhd etməməlidir. Sozcu.az xəbər verir ki, bu fikirləri Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) ekspertləri deyib. Onların fikrincə, taxıl sazişinə qayıtmaq Qara dənizdəki vəziyyəti kökündən dəyişməyəcək: “Rusiya işğal başlayandan az sonra Qara dənizin şimal-qərb hissəsini tamamilə bağladı və bu bölgədəki istənilən gəmini terror təhlükəsi hesab edəcəyini bildirdi. Beləliklə, silahların dəniz yolu ilə çatdırılması qeyri-mümkün oldu. Onların çatdırılmasının maya dəyəri də artdı və proses mürəkkəbləşdi. Həmçinin, bu, müharibədən əvvəl dəniz yolu ilə ixracı 45 milyard dollardan çox olan Ukraynanın özünün də iqtisadi imkanlarını sarsıtdı”. Ekspertlər bildirib ki, taxıl sazişinin yenilənməsi Rusiyaya bir daha Ukrayna limanlarına və ya limanlarından kommersiya daşımalarına nəzarət etmək imkanı verəcək: “Beləliklə, Ukraynanın ixracı sabotaj olunacaq”.

Qarabağdakı erməni kəndlərinə silah daşınır - Separatçılar müharibəyə hazırlaşır?

“Laçın istiqamətində Ermənistanla sərhəd-keçid məntəqəsi qurulandan sonra qarşı tərəfdən hər hansı bir hərbi kontingentin Qarabağa keçid imkanları birmənalı olaraq məhdudlaşdırılıb. Ermənistanın artıq belə bir şansı yoxdur”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.  O, “Caliber” nəşrinin Qarabağa silah daşınması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib. R. Məmmədli hesab edir ki, 10 noyabr 2020 bəyanatından sonra Qarabağa silah daşınıb: “Hətta DTX rəisinin müavini Ceyhun Şadlınskinin ötən ilin oktyabrında bununla bağlı məlumat xarakterli açıqlaması olmuşdu. Bundan sonra ekoloqların aksiyası, eləcə də Laçın ərazisində sərhəd-keçid məntəqəsinin qurulması prosesi məhdudlaşdırıb. Yəni Ermənistan ərazisindən artıq Qarabağa hərbi texnikanın gətirilməsi mümkün deyil. Mən “Caliber”in bu informasiyanı hansı formada əldə etdiyini, yaxud Qarabağa silahların hansı formada daşındığını bilmirəm. Lakin ola bilər ki, onlar daxildəki yerdəyişməni nəzərdə tutsunlar”.  Müsahibimiz aydınlaşdırıb ki, Qarabağ ərazisində Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun bölmələri hələ də xidmət aparır: “Hətta erməni separatçılarına məxsus hərbi birləşmələr də mövcuddur ki, onlarda orada xidmət aparırlar. Ola bilsin ki, “Caliber” bunu, yəni mühəndis-istehkam işlərinin, eləcə də yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutub. Çünki praktiki olaraq Qarabağa silah daşımaq hazırda mümkünsüzdür”. 

MN məlumat yaydı: ermənilər təxribata hazırlaşır - Video

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Putinin səhhəti pisləşdi: Yalnız həkimlər...

Rusiya Prezidenti Vladimir Putin 12-13 avqust tarixlərində özünü pis hiss edib. Sozcu.az xəbər verir ki, bu barədə “General SVR” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Putin heç bir iclas keçirməyib, ancaq dərman və hesabatlar qəbul edib: “İstirahət günləri Putin özünü pis hiss edib. Prezidentin şəxsi görüşləri yalnız həkimlər və ən yaxın adamları ilə məhdudlaşıb”.

Oğlunun batdığını görən ana özünü çaya atıb

Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub. Sozcu.az Baku.ws-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Akşin Kərimov Kürdə çimən zaman baş verib. Belə ki, ailənin kiçik övladı Akşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Akşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib. Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərində fəal olan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayit Musiqi Kollecinin məzunu olub. Nurlan evin ən böyük övladı olub. Onun Ruslan və Aqşin adlı qardaşları var. Kürdə batanlardan biri də onun özündən 5 yaş kiçik qardaşı Akşin Elburus oğlu Kərimovdur. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.

Ukrayna ordusu Berdyansk şəhərinə raketlərlə hücum edib

Ukrayna ordusu işğal altındakı Berdyansk şəhərinə raketlərlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, hücumun qarşısı alınıb. İtkilər barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, Berdyansk 2022-ci il fevralın 24-də başlayan müharibə nəticəsində Rusiya tərəfindən işğal edilib. Xatırladaq ki, Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Ermənilər Azərbaycanın Baş konsulluğunun binası qarşısında aksiya keçirir

Ermənilər Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun binası qarşısında aksiya keçirir. Sozcu.az xəbər verir ki, qondarma iddialarla keçirilən aksiya Los-Ancelesdəki erməni icması tərəfindən təşkil olunub. Aksiya iştirakçıları Laçın yolunun açılması və Qarabağda yaşayan ermənilərin “blokada”dan çıxarılmasına çağırış edən absurd şüarlar səsləndirirlər. Onlar Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar. Qeyd edək ki, Azərbaycan hökuməti Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu dəfələrlə bəyan edib. Qarabağda yaşayan erməni əhalinin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətə sərbəst keçidi üçün şərait yaradılması bunu bir daha sübut edir.