Qarabağdakı erməni kəndlərinə silah daşınır - Separatçılar müharibəyə hazırlaşır?

“Laçın istiqamətində Ermənistanla sərhəd-keçid məntəqəsi qurulandan sonra qarşı tərəfdən hər hansı bir hərbi kontingentin Qarabağa keçid imkanları birmənalı olaraq məhdudlaşdırılıb. Ermənistanın artıq belə bir şansı yoxdur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. 

O, “Caliber” nəşrinin Qarabağa silah daşınması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

R. Məmmədli hesab edir ki, 10 noyabr 2020 bəyanatından sonra Qarabağa silah daşınıb:

“Hətta DTX rəisinin müavini Ceyhun Şadlınskinin ötən ilin oktyabrında bununla bağlı məlumat xarakterli açıqlaması olmuşdu. Bundan sonra ekoloqların aksiyası, eləcə də Laçın ərazisində sərhəd-keçid məntəqəsinin qurulması prosesi məhdudlaşdırıb. Yəni Ermənistan ərazisindən artıq Qarabağa hərbi texnikanın gətirilməsi mümkün deyil. Mən “Caliber”in bu informasiyanı hansı formada əldə etdiyini, yaxud Qarabağa silahların hansı formada daşındığını bilmirəm. Lakin ola bilər ki, onlar daxildəki yerdəyişməni nəzərdə tutsunlar”. 

Müsahibimiz aydınlaşdırıb ki, Qarabağ ərazisində Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun bölmələri hələ də xidmət aparır:

“Hətta erməni separatçılarına məxsus hərbi birləşmələr də mövcuddur ki, onlarda orada xidmət aparırlar. Ola bilsin ki, “Caliber” bunu, yəni mühəndis-istehkam işlərinin, eləcə də yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutub. Çünki praktiki olaraq Qarabağa silah daşımaq hazırda mümkünsüzdür”. 

Share on Facebook