10 min erməni silahlı var: hər an əməliyyat başlaya bilər

Azərbaycanın siyasi iradəsi ilə atılan addımlar Ermənistanda təşvişə səbəb olub. Bu gün onlar müxtəlif şoular yaradaraq, prosesin qarşısını almağa çalışırlar.

Bu sözləri Axar.az-a tanınmış hərbi ekspert Alparslan İmamqulu Ermənistan silahlı qüvvələrinin Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplaması ilə bağlı yayılan videogörüntünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın antiterror əməliyyatları həyata keçirəcəyini anlayır. Çünki işğaldan azad olunan torpaqlara qayıdış planlarının həyata keçirildiyi, inşaat-quruculuq işləri görüldüyü bir vaxtda ərazidə terror qruplarının mövcud olması ciddi bir təhlükədir:

“Torpaqlarımızı işğaldan azad etmişik, lakin hələ də ərazilərimizdə terrorçu qüvvələr mövcuddur. On minə yaxın əli silah tutan bir qüvvə fəaliyyət göstərir və bu, çox ciddi rəqəmdir. Tez bir zamanda irimiqyaslı antiterror əməliyyatları keçirərək bu qrupları tamamilə zərərsizləşdirmək lazımdır. Əks halda Rusiya davamlı olaraq bölgədə revanşizmi dəstəkləyəcək və terrorçu qrupları müxtəlif vasitələrlə silahlandıracaq”.

Onun sözlərinə görə, Ermənistanın yürütdüyü siyasət rəsmi Bakını antiterror əməliyyatlarını tez bir zamanda həyata keçirməyə vadar edir:

“Buna müharibə yox, irimiqyaslı antiterror əməliyyatlarının başlanması deyərdim. Bu, hər an ola bilər. Çünki Ermənistanın vədinə əməl etməməsi, revanşist fikirlər səsləndirməsi Azərbaycan üçün başqa yol qoymur. Hətta deyərdim, qaçılmazdır. Bunun qarşısının alınmasının da yeganə yolu terrorçuların zərərsizləşdirilməsidir. Ona görə də irimiqyaslı antiterror əməliyyatları tez bir zamanda başlayacaq”.

Azərbaycan Ordusunun yüksək hazırlığından bəhs edən ekspert bildirib ki, antiterror əməliyyatları da Bakının zəfəri ilə yekunlaşacaq:

“Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda struktur dəyişikliyi, təşkilatlanmada və silahlanmada gedən inkişafa baxsaq, Ermənistanın İran, Rusiya, Hindistan kimi ölkələr tərəfindən dəstəklənməsi heç bir məna kəsb etmir. Təbii ki, təhlükələr nəzərə alınmalıdır. Çünki ərazilərimizin içərisində olan bu qüvvə hər an ciddi təxribatlar törədə bilər.

Azərbaycan bir neçə dəfə kiçik antiterror əməliyyatı keçirib. Bölgədə strateji yüksəkliklər nəzarətə götürülüb. Bu da bizə Ermənistan və onun ərazilərimizə buraxdığı terrorçu qrupların fəaliyyətini daim izləmək imkanı verib. Bununla yanaşı hava məkanı da daim nəzarətimizdədir. Odur ki, ciddi narahatlığa əsas yoxdur. Sadəcə, tez bir zamanda bu əməliyyatların başladılması önəmlidir. Əks halda, əlində silah olan terrorçu qüvvələrin daha da güclənməsi Azərbaycana gələcəkdə çətinlik yaradacaq”.

Share on Facebook