İrandan Xəzər vasitəsilə narkotik keçirmək istədilər

Avqust ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-ya verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və 1992-ci il təvəllüdlü Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Share on Facebook