Məsuliyyətsiz sürücülər, ölüm saçan sürət...

Məsuliyyətsiz sürücülər, ölüm saçan sürət... Yüksək sürətlə vətəndaşları təhlükəyə atan sürücülərə nəvaxtsa "dur"deyən olacaqmı? Çox ciddi və aktual mövzuya toxunacağam. Öncə onu deyim ki, xəbər saytlarında belə bir ürək ağrıdan məlumat oxudum.  "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1,3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. Bu statistika hər 30 saniyədə bir, hər gün təxminən 3600 insanın yollarda öldüyünü göstərir." Bu xoşagəlməz hal əsl dəhşətdir.  Yol qəzalarının əsas səbəbləri isə sürət həddini aşmaq, sərxoş halda avtomobili  sürmək, diqqətsizlik və texniki nasazlıqlardı. Deməli, hər il çoxlu sayda insan yol qəzalarında həyatını itirir. Təəssüf olsun. Eləcə də hər il piyadaların vurulması ilə nəticələnən neçə-neçə yol-nəqliyyat hadisələri baş verir. Baş vermiş hadisələrdə ağır xəsarət alan piyadalar isə həyatını itirir. Yeri gəlmişkən, başıma gələn bir hadisə haqda fikirlərimi bölüşmək istəyirəm. Bu gün-iyulun 13-də dünyaya ikinci dəfə gəldim. Demək olar ki, saniyələr məni böyük qəzadan qorudu. Allahın rəhminə şükürlər olsun. Allah həqiqətən çox mərhəmətlidir. Çox sevdiyim Allah, SƏN məni çox sevirsən! Mənə qıymadın, minik maşını həyatıma son qoya bilmədi. Demək olar ki, saniyələr məni həyata qaytardı. Şükürlər olsun Sahiblər Sahibinə, Allahın böyüklüyünə, varlığına... Həmişə evdən çıxıb harasa gedəndə sevgi dolu Allaha şükranlıq duaları edirəm! Heç demə saniyələr insanı ölümdən ayıra bilirmiş. Yerin-Göyün Sahibi çox sevdyim Allaha şükürlər olsun! Çünki üzləşdiyim yol-nəqliyyat qəzasından rəhmli Allah məni qorudu. Bir daha şükürlər olsun Allaha! Günün ikinci yarısında, Bakının "Varovski dairəsi" deyilən ərazidə, (səhv etmirəmsə Azadlıq Prospekti) yerüstü piyada keçidindən keçərkən təxminən saat 5-də  sürətlə hərəkətdə olan "Jeep" markalı qara rəngli avtomobilin xanım sürücüsü çox az qalmışdı ki, sevdiyim bu gözəl həyatda  həyatımı əlimdən alsın.  Qeyd edim ki, həmin vaxtda işıqforda qırmızı işıq yanırdı hətta. Bu qədər də məsuliyyətsiz sürücü olarmı? Piyada keçidindən qaydalara uyğun olaraq istifadə edən vətəndaşlara qarşı hər hansı sürücü niyə təhlükəli anlar yaşatmalıdır?  Sürücülər vətəndaşların həyatı ilə nə üçün oyun oynamalıdır? Bu, heç də yaxşı hal deyil. Avtomobilin sükanı arxasında əyləşən bütün sürücülər çox diqqətli və çox məsuliyyətli olsun gərək. Vurğulayım ki, əks halda həm sürücüyə və həm də yolu keçən vətəndaşların həyatına təhlükə yaranır.  Belə xoşagəlməz halların birində saniyələr məni böyük təhlükədən qurtardı. Məsuliyyət hiss etməyən xanım sürücünün mənə yaratdığı təhlükə baxımından elə gərgin anlar yaşadım ki... Sarsıntı keçirtdiyim üçün avtomobilin nömrəsini də untdum. Çünki həyatımı təhlükəyə atan xanım sürücü minik maşınını elə böyük sürətlə idarə edirdi ki... Çox-çox təəssüflər olsun. Həyat doğrudan da çox qəribədir. Şahid oldum ki, heç demə hətta bir neçə saniyə insan həyatında çox-çox böyük rol oynaya bilirmiş. Məsuliyyətdən uzaq olan sürücülər, yol-hərəkəti qaydalarına ciddi əməl edin ki, insanların həyatına son qoymayın, onların ömrünü-gününü əllərindən almayın. Xüsusilə də piyada keçidləri olan ərazilərdə sürücülər avtomobili mütləq aşağı sürətlə idarə etməlidirlər. Sürət həvəskarı olan sürücülər, avtomobili yüksək sürətlə idarə edib özünüzə də, piyadalara da çətin anlar yaşatmayın, təhlükə yaratmayın. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məsud Pezeşkianın missiyasi və məsuliyyəti

Keçmiş prezident Həsən Ruhanin başlatdığı dəyişiklik çağrısı İranda kütləviləşməyə başlayır. İranın 180 ictimai-siyasi xadimin Prezident Məsud Pezeşkiana müraciət ünvanlayaraq köklü dəyişikliklərə çağırması da bunun təsdiqidir. Həsən Ruhani bəzən ad çəkmədən, bəzən də birbaşa Seyyid Əli Xameneini hədəf alaraq ölkədə dəyişikliklərin qarşısının alınmasında Ali rəhbəri ittiham edir.  Elə bir vəziyyət yaranmağa başlayır ki, cəmiyyətin tələbi ilə elitanın istəyi üst-üstə düşməyə başlayır. Seyyid Əli Xameneinin başçılıq etdiyi azlıq dəyişikliklərə müqavimət göstərsə də, dəyişikliklər qaçınılmaz xarakter almağa başlayır.  Siyasi elitanın böyük bir hissəsi dəyişikliklərin tərəfdarı kimi çıxış etsə də, bu dəyişikliyin nələri əhatə etməsi ilə bağlı aydın fikir olmadığı hiss olunur. Bu Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır. Sovet İttifaqında da cəmiyyət və elita dəyişikliyin zəririliyi qənaətinə gəlmişdi, ancaq bu dəyişikliyin nədən ibarət olmalı olduğunu aydın təsəvvür edə bilmədikləri üçün atılan addımlar yarımçıq, bəzən isə əks effektli olduğu üçün dövlət qısa müddətdə dağıldı.  Məhdud məlumatların doğurduğu qənaət ondan ibarətdir ki, dəyişikliklərin nələri əhatə etməsi ilə bağlı yalnız Prezident Məsud Pezeşkian aydın təsəvvürləri var. Qənaətlərim ondan ibarətdir ki, Məsud Pezeşkian Azərbaycan türklərinin ana dilində təhsil haqqının gerçəkləşməsinin təmin edilməsi ilə ölkəni tədricən iki dövlətli federasiyaya doğru aparmağa çalışır. İranın iki dövlətli federasiyaya çevrilməsi ideyasının İran xaricində də dəstəkçiləri çoxdur. Nüfuzlu ekspertlər və beyin mərkəzlərində belə hesab edirlər ki, farslar və Azərbaycan türkləri istisna olmaqla İranda yaşayan digər xalqların tarixi dövlətçilik ənənlərinin olmaması ilə yanaşı çağdaş milli dövlət quracaq səviyəyyə çatmayıblar. Buna görə də İranın iki dövlətli federasiyaya çevrilməsi yaranmış vəziyyətdən ən doğru çıxış yolu ola biləcəyini qeyd edirlər.  Digər tərəfdən İranın parçalanacağı halda Yaxın Şərqdə domino effekti verəcəyi, ən azı 8-10 dövlətin bütövlüyünün pozulacağına səbəb olacağı ehtimalı da İranın federallaşmasını ən doğru yol hesab edənlərin mövqelərini gücləndirir. Avropada qorxurlar ki, Yaxın Şərqdə dövlətlətin çöküşü nəhəng qaçqın ordusu yarada bilər. Aydın məsələdir ki, bölgəni bürüyəcək xaosdan xilas olmaq istəyənlər ilk olaraq Avropaya üz tutacaqlar. Suriya qaçqınlarının yaratdığı miqrant böhranına dözə bilməyən Avropa 8-10 dövlətdən gələ biləcək qaçqın ordusunu qəbul etmək iqtidarında deyil. Buna görə bir tərəfdən sərhədlərin gücləndirilməsi, miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı digər tərəfdən bölgə dövlətlərinin ərazi bütövlüyünün qorunub, saxlanılmasına çalışırlar. Avropanın Suriyadakı HTŞ hakimiyyətinə qarşı dözümlü yanaşılmasının səbəbi də budur. Ancaq Avropada və bütövlükdə dünyada mütəxəsilər yaxşı bilirlər ki, Yaxın Şərqin taleyi Suriyadan deyil, İrandan asılıdır. İran bölünsə Yaxın Şərqdə hökmən bir neçə ölkə bölünəcək. İranın taleyi də belə görünür ki, Məsud Pezeşkianın aydın və qətiyyətli siyasətindən asılıdır.  İranın federallaşmaısnın, mərkəzi Təbriz olmaqla Azərbaycan və mərkəzi İsfahan olmaqla fars dövlətinin yaranmasının xalqımızın maraqlarına nə qədər uyğun olmasına başqa yazıda aydınlıq gətirməyə çalışacağam. Xəqani Cəfərli, politoloq

Cahanda sülh olsun, barış olsun!

Həyat çox şirindir, yaşamağa dəyər! Dünya nə qədər gözəldirsə, gözəl yaşamaq  bir o qədər gözəldir! Həyat gözəlliklə keçsin! Həyatın gözəlliyi ömrün bəxtəvər olmasıdır! Demək olar ki, son illər yaşadığımız bu şirin dünyanın siyasi mənzərəsinə bir az diqqətlə nəzər yetirəndə görürük ki, dünyada bir çox məsələlərlə bağlı bəzi qarışıqlıq, eləcə də xoşagəlməz hallar yaranıb. Hətta bir az dərindən düşündükdə isə belə məlum olur ki, elə bir zamana, elə bir dövrə gəlib çatmışıq ki... Nə deyək vallah... Belə ki, bəzi ölkələrdə savaşlar baş verir, uşaqlar, qocalar, dinc insanlar bu lazımsız savaşlarda həyatını itirir. Bəziləri isə öz doğma-yurd-yuvasından didərgin düşür, min bir əzab-əziyyət içində qaçqınlıq, köçkünlük həyatı yaşayır. Yəni insanların xoş keçən ömrü-günü qaralır, həyatı cəhənnəmə dönür.  O da məlumdur ki, artıq elm çox-çox yüksək səviyyədə inkişaf edib. Kompüter əsrində yaşayırıq. Dünyada baş verən bütün hadisələr, olaylar sanki gözlərimizin önündədir.  Bu baxımdan da hər yanda baş verən bütün hadisələrdən, olaylardan elə tez bir vaxtda, yəni həmin saatda xəbərdar oluruq. Ey uca Tanrım! Bizlərə bəxş etdiyin bu dünyada sülh, əminamanlıq olsun! Harda müharibə varsa tez vaxtda sona yetsin! Sülh müqavilələri bağlansın, barış əldə olunsun. Bütün insanlar sülh içində, əminamanlıqla xoşbəxt yaşasın!  Kaş ki, dünyanın hər tərəfində hər bir insan xoş ömür sürsün. Körpələr müharibələrdə həyatını itirməsin. Heç bir insan öz elindən, obasından, ana Vətənindən ayrı düşməsin, qaçqınlıq, köçkünlük ömrü yaşamasın. Yerlərin-Göylərin Sahibi olan mərhəmətli, sevgi dolu Allah! Kainatımızı, dünyamızı, ana VƏTƏNimizi, MİLLƏTimizi bəlalardan, savaşlardan qoru! Dünya cənnətə dönsün!  İnsanlar sülhə gəlsin, dünyada məhəbbət, sevgi, barış, gözəllik olsun hər zaman... Ürəyimiz sevgiylə, məhəbbətlə döyünsün!  Həyatımızı başdan-başa gözəl, xoş günlər, bəxtəvər aylar, toy-büsatlı illər bürüsün!  Qəlbimizdə həmişə sevgi, məhəbbət olsun! Çünki sevgi, məhəbbət olan hər bir yer xoşbəxtliyə və bəxtəvərliyə  bürünür. Onda  həyat da gözəl olur, ömrümüz-günümüz də daha çox gözəlləşir.  Yaşadığımız bu şirin dünyamıza gözəllik, sakitlik, savaşsız günlər, xoş aylar, sülhə bürünən şadlıq dolu illər arzu edirəm! Həyatımız ömrümüz boyunca firavan olsun! Allahın bizlərə bəxş etdiyi ömrü-günü sevgiylə, məhəbbətlə sevinərək və sevib-sevilərək doya-doya yaşaya bilək!  Uca, Böyük Yaradan dünyamızı qorusun! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Məmurlar xalqın sosial-iqtisadi durumunun, rifahının yaxşı olması üçün çalışmalıdır...

Məmurlar xalqın sosial-iqtisadi durumunun, rifahının yaxşı olması üçün çalışmalıdır... Əksər ailələr çox ağır, çox çətin durumdadır. Burbaşa mətləbə keçək. Hər birimizin gözümüzün önündədir ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda kasıb, yoxsul, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrin sosial durumu çox-çox aşağı səviyyədədir.  Deməli, belə məlum olur ki, əgər yüksək vəzifəli şəxslər, məmurlar və bu məsələlərə aidiyyatı olan qurumların rəhərləri, XALQı düşünsəydilər Xalq kasıblıq içində, səfalətdə zülüm çəkərək çabalamazdı.  Demək olar ki, əksər ailələr kasıblıq, işsizlik, çarəsizlik, yoxsulluq burulğanına düşərək qanadları qırılmış quş kimi çırpına-çırpına qalıb. Çox-çox təəssüflər olsun.  Ailə başçıları işsiz olan ailələrin uşaqları səfalət içində, dilənçi günündə əzablarla sürünərək yaşayır. Belə hal isə çoxlu sayda təbii sərvəti olan ölkə üçün xoşagəlməz hallardı. Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi və bir VƏTƏNDAŞ kimi bu fikirləri özümə də aid edirəm. Elə mən də  Azərbaycan vətəndaşıyam. Çünki ölkənin digər çoxlu sayda kasıb vətəndaşı kimi mənim də sosial-iqtisadi vəziyyətim çox dözülməz və çox acınacaqlıdır.  Ürək ağrıdan bir məsələni də qeyd edək ki, yavan çörəyə möhtac qalan aztəminatlı və çoxuşaqlı ailələr hətta bir çox hallarda demək olar ki, çörək də ala bilmir.  Çünki ölkədə yeni iş yerləri açılmır ki, işsiz vətəndaşlar işləyib çörək pulu qazansınlar. Zavodlar, fabriklər tikilmir, yeni istehsalat sahələri, iri sənaye müəssisələri yaradılmır.  İşsizliyin əsas səbəblərindən biri də budur.  Həmçinin ölkədə çox bahılıqdır. Eləcə də kommunal qiymətlər çox-çox yüksəkdir. Hətta ailələr var ki, mətbəxdə soyuducusu tamamilə boşdur. Ailə başçıları var ki, işsiz olduğu üçün evinə ərzaq ala bilmir, həyat yoldaşının, övladlarının qarşısında utanır, başıaşağı olur və düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir.  Vətəndaşlar kasıb, pulsuz olduğu üçün vaxtlı-vaxtında yaxşı qidalanmaqda çətinlik çəkirlər. Bu kimi səbəblərdən vətəndaşlarda  bəzi xəstəliklər yaranır. Əlbəttə, bu da bir çox ciddi problemlərə yol açır desək, qəti  yanılmarıq.  Onu da vutğulayaq ki, yeni iş yerləri yaradılmadığına görə Azərbaycanda işsizlik gündən-günə çoxalır. Ölkənin vətəndaşları məcburiyyət qarşısında qalaraq öz doğma Vətənini tərk edib xarici ölkələrə üz tuturlar.  Belə hallar nəvaxtadək davam edəcək axı? Xalqın kasıb, yoxsul zümrəsini də, çoxuşaqlı və aztəminatlı ailələri də düşünmək lazımdı. Kasıblıq məngənəsinə düçar olan, min-bir əzab içərisində çətinliklə yaşayan ailələrin sosial-iqtisadi vəziyyəti çox dözülməzdir. Ölkə əhalisinin yaxşı yaşamasını, həmçinin vətəndaşların sosial durumunun, rifah halının yaxşılaşdırılması istiqamətində məmurlar, vəzifəli şəxslər mütləq şəkildə yubanmadan təxirəsalınmaz və lazım olan tədbirləri görməlidir.  XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Yekaterinburq, yeni Xocalı

Qətlə yetirilən bir ailə idi, öldürülən bir millət vicdanı Ötən gün Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən hadisə təkcə kriminal xəbər deyil. Bu, bir xalqın qüruruna, varlığına, etnik kimliyinə qarşı yönəlmiş qəddar hücumdur. Azərbaycanlı bir ailənin, beş nəfərin amansızlıqla qətlə yetirilməsi Rusiyada baş qaldıran sistemli şovinizmin, etnik nifrətin və dövlət səviyyəsində laqeydliyin bariz nümunəsidir. Bu hadisə “ailədaxili mübahisə” və ya “adi kriminal olay” kimi təqdim edilə bilməz. Yekaterinburqda baş verən qətl həm beynəlxalq qanunlarla, həm də təsnifatca soyqırımıdır. Onlar sadəcə azərbaycanlı olduqları üçün öldürüldülər Hadisənin bütün detalları göstərir ki, bu ailənin azərbaycanlı olması onların qətlə yetirilməsinin əsas səbəbidir. Onlar Rusiyada illərlə yaşasalar da, işləsələr də, vergi ödəsələr də, etnik kimliklərinə görə seçildilər və məhv edildilər. Soydaşlarımıza əvvəlcə işgəncə verilməsi, onların qəddarcasına öldürülməsi, bədənlərinə zor tətbiqi və izlərin silinməsi cəhdləri göstərir ki, bu, qəfil cinayət deyil ola bilməz. Planlaşdırılmış, hədəflənmiş və nifrət motivli bir aktdır. Xocalının kölgəsi Rusiyanın şəhərlərinə yayılır Bu hadisə Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biri olan Xocalı soyqırımı ilə oxşarlıq təşkil edir. 1992-ci ilin fevralında Xocalıda baş verən dəhşətlər zamanı da azərbaycanlılar etnik mənsubiyyətlərinə görə, ailələr şəklində rusların və ermənilərin birgə planı ilə qətlə yetirilmişdi. Bu gün Yekaterinburqda baş verənlər bir daha göstərir ki, o gün Xocalıda Azərbaycan xalqının başına gətirilən müsibətlərdə fəal iştirakçı olan Rusiya bu gün də dəyişməyib. Bu hadisə sadəcə cinayət deyil, tarixi təkrardır. Rusiyada şovinizmin yeni mərhələsi başlayır, qorxu yaymaq Yekaterinburq hadisəsi Rusiyada son aylarda miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlərin, rəsmi və qeyri-rəsmi strukturlar tərəfindən həyata keçirilən irqçi siyasətin məntiqi nəticəsidir. Müharibə üçün insan resursu axtaran Kreml bu məqsədlə Orta Asiyalıları, Qafqazlıları, xüsusən də azərbaycanlıları narkotiklə, yalan ittihamlarla və ailə təhdidiylə müharibəyə aparırdı. İndi isə təhdid mərhələsindən soyqırımı mərhələsinə keçid yaşanır. Bu siyasətin arxasında məqsəd sadədir: Azərbaycanlıların Rusiya torpaqlarında qorxuyla yaşamasını təmin etmək, susdurmaq, köçməyə məcbur etmək. Qətlə yetirilənlər soyqırımı qurbanları, millətin şəhidləridir Yekaterinburqda öldürülən ailə üzvləri sadəcə cinayət qurbanı deyil. Onlar Azərbaycanın milli yaddaşına yeni soyqırımı şəhidləri kimi daxil olurlar. Necə ki, Xocalı qurbanları bu xalqın taleyinə yazıldı, eləcə də Yekaterinburq şəhidləri bizi ayıq olmağa, birliyə, haqsızlığa qarşı qətiyyətli durmağa çağırır. Bu insanlar bir ailə idi,  amma onların taleyi bütün azərbaycanlıların taleyidir. Nə etməliyik? Dövlət səviyyəsində hadisə soyqırımı aktı kimi tanınmalı, Rusiya tərəfinə diplomatik nota verilməlidir. Azərbaycan diasporu, beynəlxalq təşkilatlar bu cinayətin beynəlxalq gündəmə çıxarılması üçün kampaniyaya başlamalıdır. Medianın və ictimai xadimlərin bu mövzuya davamlı diqqət çəkməsi təmin olunmalıdır. Rusiya azərbaycanlılarının təhlükəsizliyi məsələsi prioritet xarici siyasət məsələsinə çevrilməlidir. Xocalıdan Yekaterinburqa  Bu millət nə Xocalını unudub, nə də Yekaterinburq qurbanlarını unudacaq. Onlar bizim vicdanımızda, tariximizdə, mübarizə ruhumuzda yaşayacaqlar. Çünki azərbaycanlı öldürmək asan ola bilər, amma Azərbaycan xalqını sındırmaq mümkün deyil. Biz bir ailənin qanına susayanlara qarşı bir millət olaraq birləşəcəyik. Elnur Əmirov Modern.az

İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır...

İKİ OD ARASINDA qalmaq vətənimizin alın yazısıdır...  Əsrlərdən bəri belədi. Bu gün... yenə belədi...  İsrail Qarabağ savaşında bizim, Türkiyədən sonra ən əsas dəstəkçimiz oldu. Unudulası iş deyil... boynumuzda minnəti var... Və acı taleyə bax... İsrail, qədim Azərbaycan torpaqları olan, bu gün Batı Azərbaycan deyilən Urmiyada kürdlərin yerləşməsinə, genişlənməsinə, təşkilatlanmasına, silahlanmasına illərdən bəri dərin dəstək verir... İraqda olduğu kimi İranda da kürd silahlı qüvvələri - PJAK (pkk mahiyyətli) İsrailin, yəni ABŞ-ın maddi, mənəvi, nəzəri, silahlı dəstəyi ilə qan-qan deyir. Hazırkı davaları təkcə Tehranla deyil, həm də Təbrizlədir. İsrailin (oxu,ABŞ)  dövlət maraqları Azərbaycan torpaqlarında kürdüstan qurmağı tələb edir. Və İsrail dost filan aldırmadan öz yolu ilə yürüyür. Azərbaycan torpaqlarında quracağı `kürdüstan`a bu ana kimi, bu odlu yağmurun altında belə yol açmaqdadır.  ABŞ-ın və İsrailin üst-üstə düşən maraqları və ya ABŞ-ın Orta Şərqdə təmsilçisi olan İsrailin  maraqları türk yurdlarında oyuncaq kürd dövlətləri qurmaq üçün hədəflənib (səbəbi, bəlli) və bu hədəfə aparan yol artıq yarılanmış kimi görünür. İranın dövlət olaraq ilk çat səsində illərdən bəri təşkilatlanmış kürd silahlı qüvvələrinin torpaqlarımızda meydan suladığını görə bilərik. Avropa birliklərində əllərində yazılı nitqləri hazır, marığda durmuş `hüquq müdafiəçilərinin` alovlu nitqlərini də eşidə bilərik... Bizim sadəcə sayımız, halal haqqımız olan tarixi torpaqlarımız, onların isə hədəfi, silahı,  arxası, hər cinayətə hüquqi don biçə bilən `dərzi`ləri var...  Sayın heç, halallığın puç, tarixin nağıl olduğu dünyada yaşayırıq... Azərbaycan hədəfli strategiyanın hazırda `dost` və ya `düşmən`ə ayırdığı taktikalar bu gün üçün uğurlu, gələcək üçün uğursuzdur. Dövlət işində bu gün dost olan sabah düşməndir. Və ya əksinə...  Dövlət bir çobandır, itlə belə dostluq edə bilər, bir şərtlə, çomağı əlindən yerə qoymasın... Ətrafını uda-uda əjdahaya dönmüş dostun bir gün səni də udması... tarix üçün təzə xəbər deyil.. Yəni nə yazıdısa... dövlətimizin də, bu gün dövlət sərhədlərimizdən kənarda qalmış vətənimizin də taleyi əsrdə azı iki dəfə İKİ OD ARASINDA qalmaqdan keçir. Bu gün də o gündü... İranı parçalamağa çalışan qüvvələrin marağı türk deyil, heç kürd də deyil, azadlıq və demokratiya heç deyil... illərdən bəri para xərclədiyi `kürdüstan` adlı oyuncağı sonda qucağına alıb oynatmaqdır. Səbirsiz tərəfkeşlər bildiklərindən başqa da bilgi olduğunu anlasalar mənzərəni görərlər... Mehriban Vəzir, tədqiqatçı-jurnalist

Ədalətsiz cəmiyyət ağrılı-acılı olur... Hər bir insan demokratik düşüncəli olmalıdı!

Tarixdən məlumdur ki, hansısa Xalq uzun illər çətin, ağır, dözülməz, məşəqqətli sosial durumdadırsa, səfalət içindədirsə, dilənçi günündə yaşayırsa, deməli o XALQ düzgün düşünə bilmir, düşüncələri yanlışdır.  Yəni öz hüquqlarını qoruya bilməyən XALQlar səfalətdə, kasıblıq içərisində, yoxsulluq məngənəsində yaşamağa məhkum olur.   Çünki o XALQlar və o cəmiyyətlər doğru düşünməyi bacarmır. Həqiqəti dərk edə bilməyən Xalqın, cəmiyyətin düşüncələri təbii ki, düzgünlükdən uzaq olur. Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi düşünürəm ki, düşüncənin insan həyatında doğrudan da çox-çox böyük rolu var.  Yəni cəmiyyətin düşüncəsi doğru olarsa, o cəmiyyət demokratiyanın nə olduğunu çox gözəl və çox düzgün anlaya bilər.  Əlbəttə, o halda cəmiyyət ədalətli olar və XALQ da qanunların işlədiyi cəmiyyətdə yaşayar.  Doğru düşüncələr ədalətsiz cəmiyyətdə yaşayan vətəndaşların taleyini bir anın içində dəyişə bilər. Xalq, cəmiyyət doğru-düzgün düşünməyi bacarmasa, o XALQın taleyi əzab-əziyyətə, çətinliklərə haqsızlığa, ən başlıcası isə ədalətsizliyə uğrayır. Qanunların hökm etdiyi cəmiyyətdə XALQlar xoşbəxt olur... Dünyada qəbul edilmiş belə bir fikir var: Qanun ŞAHdı,  ŞAH, qanun deyil. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

ƏDALƏTİN QƏFLƏTİ - (hekayə)

Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!" Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər... Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi. Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı: "Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.” Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!” Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına: – Ağa, bax, bu nədi? Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!” Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi. Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı. İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı. Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!” Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi: – Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də. Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.  Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar. Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı. Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı: – Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər! Qəzəbli kənd camaatı da, doluşdu həyətə. Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı: – Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar! Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı. Danabaş Ağa özü itlərə bağırdı: – Cənabı parçalayın! İtlər tərpənmədi. Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi: – Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki? İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular. Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.  Kənd camaatı qəh-qəhə çəkib güldü. Ədalət kişi kürsüyə oturub camaata səsləndi: – Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr! Əbil Həsən

Ehkam zamanı - Hekayə

Bu gün nədənsə canım çox sıxılırdı. İçimdəki darıxmaqlıq hissi məni rahat buraxmadığından biraz hava alım deyib, hər zaman üzüntülərimin qucağı sandığım təbiətin insan əli dəyməyən meşəliyinə üz tutdum. Çılpaq ağacların arasında gəzərkən yerdə quru  ağac budaqlarıyla yaşıl yosunluğun arasında üzümə dikilmiş muncuq kimi bir cüt gözə sataşdı gözlərim. Əyilərək baxdım və soyuqdan büzüşüb titrəyən bir canlının olduğunu gördüm.  Hər tərfəfi Günəş işığının aydınlığına bürünmüş dünyada, kiçik ağac budaqlarının kölgəsinə sığdırmışdı bir əl qədər, kiçicik canını. Elə böyük bir üzüntüylə baxırdı ki, o gözlərin cevrəsindəki kirpikıər qorxunun sərt qandalları kimi saplanmışdı həndəvərinə. Səssiz-səssiz baxan bəbəklərindən  iniltinin acı və üzüntülü harayı duyulurdu... Mənim işıqlı  sandığım dünya qaranlıq köynəyini çəkmişdi bu gözlərin üstünə. Ölü kimi çökmüşdü yaş torpağa. Dünyası o qədər qaranlıqdı ki, bir işıq damlasının  parıltısını görmək ümidinə gücünün yetə biləcəyi qədər ön ayaqları arasında düşüb qalmış başını qaldırmağa çalışırdı. Hənirtimi hiss etmiş kimi yaralı pəncələrini də qurd düşmüş vücudana dayaq etmək istəyirdi. Zəif, çarəsiz olduğu qədər yorğun və məsumca baxırdı. Bütün məsumiyyəti ilə baxır və danışan baxışlarıyla canına taraşan qurdların bədənini yeyib bitirəcəyi ehtimalını düşünmək istəmidiyini bəyan edirdi... Susqun və çarəsiz... Sadəcə inləyirdi... Səsiylə deyil, baxışlarıyla İmdad diləyirdi... Kim bilir, bəlkə də onun hayqırmaq istəyən səsini elə üstünə çökmüş qorxuya əsir edən insan adlı varlıqlar susdurmuşdular... Çarəsizliyin, aclığın, səfalətin bataqlığından üzümə baxıb bir damlacıq ümidin məndən gələcəyini diləyən bu məsumiyyət əslində mənim, mən insan övladının qaranlığında boğulan mənliyi insanlığıydı! Əlimi ona uzatdım, sadəcə baxdı, və o səssiz iniltisini içinə çəkdi. Kirpiklərinə çökmüş qorxunun soyuq nəfəsi dəydi sanki üzünə və oyandı. Oyanması nəyə yarardı ki..? Nə duracaq qüvvəti, nə yeriyəcək halı, nə gizlənəcək köşəsi vardı. Tək sığınacağıydı onu ağuşunda saxlayan qorxunun qucağı. Bir az onun oyanmışlığıyla baş -başa buraxıb gözlərinin içinə baxdım. Baxışlarımla içindəki qorxunu yox etməyə çalışdım, lakin bacarıb- bacarmadığımı bilmək üçün ona yenidən toxunmalı olduğumu düşündüm. Yenidən əllərimlə üzünə toxundum, bu dəfə baxışlarından deyil, içindən gələn çingiltili bir səs duydum. Bu səs onun ümid qığılcamlarına oyanmış səsiydi. Kövrək bir sevgiylə onu oxşamağa başladım. Mən çənəsinin altını sığalladıqca içindən gələn cingiltili səsin də artıb çoxaldığını duydum.  Bu ona qucaq açmış sevgiyə baxan gözlərindən yağan sevincin çığırıqlarıydı. Artıq nə ona sarılmış qurdlar, nə onun çarəsizlikdən boğulan hıçqırıqları, nə səssiz çığırıqları, nə də gözlərindəki acının qara qorxusu vardı. Sadəcə yalvarışlı baxış və ümidinin ilıq hərarətinə diksinmiş qulaqları. Əlimi boğazıma aparıb boynumdakı yaylığı çıxardım. Onun qurd basmış yarasındakı qurdları yaylıqla sığallayıb təmizlədikdən sonra gödəkçəmi də çıxarıb onu gödəkçəmə bükdüm. Mən bunları edərkən o imidinin kölgəsində şirin xəyala dalmış kimi sakit, səssiz-ssəsiz məni izləyirdi. Onu ağuşuma aldım. Körpə bir uşaq kimi başını köksümə qoydu. Aclıqdan, xəstəlikdən pis qoxuyan iyli nəfəsini üzümdə hiss etdim. Bu nəfəsdə qəlbinin həyacanı ilə zəifliyinin çırpıntıları bir-birinə qarışmışdı sanki. Burnunun dəliklərindən bir ağırlıq, zingiltiyə bənzər səslər duydum. Canı çox incinmişdi...Onu qucağıma alıb yeridikcə burun dəliklərinin səsi artıb çoxalırdı...Sanki o da qucağımda yox mənimlə birgə yeriyirdi. Gödəkcənin üzərindən o bir əlimi belinə qoydum. Nəfəsində duyduğum bütün səslərin xışıltısı bir anda əlimin içini yararaq bütün vücuduma yayıldı sanki. Canındakı ağrıları bütün varlığımla hiss etdim. Onu iki əlimlə də köksümə sıxıb üzümü üzünə dayadım. Qucağımda mən insan oğlunun biganəliyindən ağrınan bir can daşıyırdım...Boğazımda düyünlənmiş qəhər böyük bir hönkürtü  kükrəməsiylə töküldü gözlərimdən. Səsimdəki acıya içimdəki Tanrı oyandı. Ehkam zamanı! Reyhanə Aslan

Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün!

Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Güzgülü tarixlər adlanan 25.05.2025 - ci il. Bu unudulmaz tarixdə gülərüzlə, sevinclə yeni yaşımı qarşıladım.  Uca, Böyük Yaradan! Yeni yaşım xeyir-dualı olsun, taleyimə, bəxtimə uğur gətirsin! Fəslin çiçəkli bahar günü-mayın 25-də sevgi dolu gözəl bir gündə dünyaya göz açdığım gündür! Uca, Böyük Yaradana şükranlıq duaları edirəm mənə qismət etdiyi bu mənalı, xoş keçən ömrə-günə görə. Çox-çox şükürlər olsun mərhəmətli, rəhmli Yaradanın böyüklüyünə, varlığına!  Ən gözəl, ən xoş arzularım həyata keçsin! Dualarım ulu Tanrının Dərgahına çatsın! Kaş ki, arzu-istəklərim, murazım, niyyətim çin olsun! Həyatın bütün gözəllikləri, sevgi dolu günlər taleyimə yazılsın! Ulu Tanrım xoşbəxtliyi, bəxtəvərliyi kaş ki, ömrümdən heç vaxt əsirgəməsin! Ömrümə yazılsın Tanrının bəxş etdiyi gözəlliklər! Ürəyim həmişə sevgilə döyünsün! Getdiyim yollar xeyirli günlərə tuş olsun. Ömrümü sevgi bürüsün. Uca Tanrı ən xoşbəxt, ən bəxtəvər günləri bəxtimə qismət etsin! Bu gözəl dünyamızın xoşbəxt xanımlarından olum! Taleyim, bəxtim bəxtəvər, xoşbəxt günlərlə baş-başa qalsın! Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün! Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Onu da söyləyim ki, yaşadığım ömür yolunda çox keşməkeşli yollardan keçdim. Amma həyatın bütün çətinliklərinə dözdüm, tab gətirdim. Neçə-neçə sınaqla üzləşdim əzab-əziyyətli tale yollarında. Nə xoş ki, ömrüm boyu üzləşdiyim bir çox çətin, ağır imtahandan şərəflə keçə bildim.  Baxmayaraq ki, həyatım boyunca nə qədər çətinliklərlə rastlaşdım, əzablı günlərlə üz-üzə qaldım, amma yenə də üzülmədim, başımı dik tutdum, çətinliklərlə mübarizə apardım, sınaqlardan üzüağ çıxmağı bacardım. Uca, Böyük Yaradanın böyüklüyünə, varlığına, mərhəmətinə, rəhminə bir daha şükürlər olsun!  Bəxt-taleyimə nəsib etdiyi bu həyata görə, bu ömrə-günə görə, sevgi dolu Rəbbimə şükranlıq duaları edirəm! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

KÖZDƏ YANDIM

Çınqılardan köz düzəldib, Közdə yandırdım özümü. Yalanlardan söz düzəldib, Sözdə yandırdım özümü. Ümidimi yenə tikdim, Səbr sapım, dərdə naxış. Gözlərimdə donub qalan Arzularım — yüz min baxış. Yuxularda qanadlanıb, Ayın belin ölçüb, susdum. Səhər erkəndən oyanıb, Xəyalları bir-bir qusdum. Qəbrin daşına dönməmiş, Ümidlərim döndü daşa. Yaşamaq eşqim sönməmiş, Tale dedi: “Çatdın başa”. Zakir doğma ölkəsində, Boynu bükük, yetim qaldı. Sözləriylə, səssizliyi Bu yurda bir yetim saldı. Dərd əlimdən su içsə də, Əlim suya möhtac qaldı. İçim kədər, qəm, qüssədə, Bir ömürü göz suladı. Yanan közdə bir ovuc kül, Və bu külün içində mən. Arzularım açmadı gül, Və bu gülün içində mən... Zakir İsmayil 

DƏYİŞİMİN AĞRISI

İnsan təbiətindəki dəyişikliyi yaradan ən əas səbəb mənən aldığı yaralardır, o yaralar ki, onun bütün bədən üzvlərini öz orqanizmnə qarşı zəhərləmək qüdrətinə malikdir.  Öncə qulağın eşidir, sonra gözün görür, sonra hiss edirsən, sonra şübhələnirsən, sonra şübhələrin gerçəkləşir... Aldığın yara duyma orqanlarını, baxışlarını, hisslərini, davranışlarını sənə qarşı qoyur və sən sən olmaqdan çıxırsan. Yavaş- yavaş başqa birinə çevrilirsən. Səndə bu dəyişikliyi görüb, səndən uzaqlaşan dost-tanışların kimi, bədən üzvlərin də sənə qarşı  gəlir və ya sənlə olan  bağlarını kəsirlər. Günün birində təmamən yalnız qaldığını anlayırsan. Bunu anladığın gün öz-özünə verdiyin sualların ardı- arası kəsilmir. Həm də bu ardı-arası kəsilməyən sualları cavablandıra bilmədiyindən, o suallar təkrarlanaraq səni tanımadığın, bilmədiyin bir yola doğru çəkir. "Mən kiməm? Niyə mənim adım R...r? Nəyə görə mən doğulduğum və içində olduğum bir ailədə doğulmuşam? Nəyə görə mən aynadakı mənə bu qədər bənzər və ondan bu qədər uzağam? Dünya hardan başlayır, harda bitir? Mənim bu dünyaya gəlmə səbəbim nə? Həyat bir həqiqətmi? Zaman və ömür arasındakı məsafə niyə bu qədər yaxın və niyə bu qədər uzaadır? O kimdir? Niyə mən özümü ona aid olaraq görürəm?" Beləcə bir də baxarsan ki, sualların güclü axınında gəlib yoğun bir doğanaqda qıvrıla-qıvrıla qalmısan. Artıq sən olmaqdan çıxdığın üçün yeni bir dünyaya doğulmaq istəyirsən, amma səni doğuracaq təbiətin hələ hamiləlik dövrünü yaşayır. Sən nə qədər çox doğulmaq istəsən də təbiətin hələ zamanı gəlmədiyini söyləyir. Yenə gözlərini yumub bir zaman tunelində özünlə çəkişməyə başlayırsan... Düşkünlüyün səni canlı aləmdən təcrid edərək, cansız bir varlıq kimi görməyə başlayır və ancaq bu zaman içindən gəldiyi qədər uca səslə bağırmaq istəyirsən...  Az sonra səssizliyin sükut qaranlığını bütün iliklərinə qədər hiss edirsən.. Yenə sorursan özünə. "Öldümmü mən?" "Niyə mənim səsim çıxmır?" "Niyə məni kimsə duymur?" Yumursan gözlərini. Pıçıltılı bir səslə "bəlkə mən yuxu görürəm", deyib qapanmış kipriklərini qaldırmaq istəyirsən. Yenə olmur. Kirpiklərini qaldırmağa gücün yetmir. Səsini çıxara bilmədiyin kimi, gözlərini də aça bilmirsən... Bu zaman  ruhunla ayağa qalxır və özünü kənardan seyr edirsən. Əlinlə bütün orqanlarının olub olmadığını yoxlayırsan. "Yox, daha ölmədim, ölmüş olsaydım çoxdan çürüyüb getmiş olardım deyirsən"  və ölü kimi uzanmış bədəninə geri dönürsən. Sonra əllərini havaya qaldırıb ölmədiyini özünə isbatlamağa çalışırsan, amma əlini qaldırmağa da gücün yetmir. Ağlından iti bir sual keçir, "Bəlkə yeni ölmüşəm?  Bu nə sirdir?  Mən niyə bu qədər gücsüzəm?"  Gözlərinin yaşardığını və o yaşların yanağından damla- damla axtığını hiss edirsən, amma ağlaya bilmirsən. Sən kirpiklərini qaldıra bilmədiyin halda gözlərindən axan bir damlanın qüdrəti qarşısında çaşırsan. Təəcüblə "Axı bu necə olur?", deyə bilirsən özünə. Yenə bütün gücünü toplayıb qaldırmaq istəyirsən kirpiklərini, olmur, qaldıra bilmirsən. Əllərini, ayaqlarını tərpədib çırpınmaq, çırpınaraq bağırmaq istəyirsən, olmur... Olmur ki, olmur. Bütün bədənini bürüyən tər damcılarının hər biri bir ton qədər ağır gəlir sənə. Sonra dərindən nəfəs alıb bir daha bağırmaq istəyirsən, lakin nəfəsinin də səni yarı yolda qoyduğunu hiss edirsən. O qədər ucadan bağırırsan ki, bu an sanki bağırtın əks səda verir, səni duyan olur və kirpiklərin aralanır gözlərin tavana dikilir. İçindən bir səs "hamısı yuxu imiş", deyir və tez oyanmaq istəyirsən. Fəqət oyanan sadəcə ağlındır, çünki bədəninin digər üzvlərini tərpədəcək qədər gücün olmadığını görürsən.  "Allahım bu nə işdir?" deyib, ağır-ağır nəfəs almağa davam edirsən.  "Əgər bu gördüyüm bir yuxudursa, o zaman ölümün necə ağır olduğunu düşünmək belə istəmirəm" deyirsən, içində öz-özünə. Gözlərin yenidən yumulmaq istəyir, lakin sən buna mane olmaq üçün yenidən var gücünlə bağırmağa başlayırsan. Bu an kimsə səni möhkəm silkləməyə başlayır və sən göydən hoppanmış kimi səni silkləyən adamın üzərinə atıllrsan... Səni oyadan adam -deyəsən yuxu görürdün? Çox əcaib səslər çıxarırdın, deyir. Sən isə hələ gördüyün yuxunun, hiss etdiklərinin şokunu yaşayırsan.  "Hər şey gerçək kimiydi" -hər şey sanki gerçəkdi.., deyirsən. Həmin andan gerçəklə yalan arasında bir körpü olduğunu dərk edirsən. Sənə yeni bir yol açılır. Yolun açıq olsun! Reyhanə Aslan