“Atamın vəziyyəti çox ağırdır. Xəstəxanadan evə buraxıldıqdan sonra stansionar olaraq müalicəsini davam etdiririk”. Sozcu.az xəbər verir ki,bu sözləri Xalqa artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında deyib. Aktyorun qızı 79 yaşlı Xalq artistinin hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməsə də, mədəniyyət nazirliyi tərəfindən hər hansı bir köməklik olmadığını vurğulayıb: “Zəng edib, vəziyyət ilə maraqlanıblar. Amma vəziyyəti ilə bağlı heç bir yardım və dəstək göstərilməyib”. Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi. Bununla bağlı kulis.az-a danışan aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini demişdi: "Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır. Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”.
Vətən şüharibəsi şəhidlərindən bəhs edən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir. Kult.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. “Müharibədə yaralanan qazinin qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib”, - Dadaşov bildirib. “Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, Anım Günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu Rasim Cəfər canlandırır.
18 aprel Azərbaycan Milli Qəhramanı, Ahıska türkü İsgəndər Aznaurovun şəhidlik məqamına ucalmasının 30-cu ili tamam olur. İsgəndər bəy 1993-cü ilin 18 aprel tarixində Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Böyük sevgi, sayğı və hörmətlə xatırlayır, yaddaşımızda yaşadırıq! Ceyhun Nəbi
Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur V Hissə Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı. Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir : . “Hörmətli Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228). 20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95). 1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi. Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir. Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi. 1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117). İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir: “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97). Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir. 1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019. 4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur". Sozcu.az xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır: "Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır". Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".
11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib: “Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır. Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar. Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”. Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib: “İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi. O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”.
Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunur. El arasında bəzən Yel çərşənbəsində “Küləkli çərşənbə” də deyirlər. İnanca görə, yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir. Qeyd edək ki, bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə, məsələn, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirlər üst-üstə düşmür. İddialara görə, “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə, ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir. Ümumiyyətlə, çərşənbələrlə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Tədqiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər. Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə, yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur. Yel çərşənbəsinin unudulmuş adətləri “Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu adət son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardır: Cıdır falı: bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar. Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi. Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardır. Yel çərşənbəsinin inancları Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel əsir, yengələr oynayır”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Kələknən gələn, küləknən gedər”, “Yel qayadan nə aparar”... Qeyd edək ki, xalq təqviminə əsasən Yel çərşənbəsi martın 7-nə, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edir. Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.
“Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. “Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, “Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?”. Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, “Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?”. Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər” deyə sənətkar bildirib. Xalq artisti “Bəxt üzüyü-2” filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib. “Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin “Hamlet” əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah “Bəxt üzüyü” filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz” deyə sənətkar bildirib. Xalq artisti şəxsi həyatından da danışıb. “O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, “bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir” (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz” deyə sənətkar bildirib.
Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir. Yenisabah.az xatırladır ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi. Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib. Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi. Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb. Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir. Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub.
“O məni depressiyaya saldı, daim filmlərdə çəkilən aktyor üçün bu olduqca çətin idi...” “Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, yaxşı ki, o filmlərdə çəkilmişəm. Su gələn arxa bir də gələr. Bu barədə mən xoşbəxt aktyoram ki, qismətimə yaxşı rollar düşüb. Çox vaxt istedadlı aktyorlar olur, amma onlara yaxşı rollar rast gəlmir”. Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Rasim Balayev deyib. “Uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir. Təbii ki, birinci fitri istedadın olmalıdır. Zəhmətkeş, əməksevərlik də öz yerində. Bir də bəxt, şans. Bunların üçü birləşəndə müəyyən bir uğura nail olursan. Bunlardan biri olmayanda görürsən ki, çətindir. 40 il bilməmişəm ki, illərim necə keçib. Bir də ayılıb görürdüm ki, artıq ilin əvvəlidir. İki filmdə burada çəkilirdim, ikisinə xarici ölkədə, sonra gəlirdim burada dublyaj edirdim. O qədər iş-güc olurdu ki, zamanın necə keçdiyindən xəbərim olmurdu” deyə sənətkar bildirib. Rasim Balayev deyir ki, aktyor filmə çəkilməyəndə də xəstələnir. “Kinoya çəkilmək üçün aktyor sağlam olmalıdır. 6 il evdə oturdum, filmlərə çəkilmədim. Daim filmlərə çəkilən aktyor üçün bu çox çətin idi. Bu isə məni depressiyaya saldı. Sonra belimdə ağrılar başladı. "Babək" filmində iki dəfə atdan yıxılmışdım. O vaxt hiss eləmirdim, sonradan belimdəki ağrılar üzə çıxırdı. Belimdə yırtıq var. Gənclik illərimdə idmanla biləvasitə məşğul olmuşam. Daha çox futbol, voleybol oynamışam. Filmlərdə çəkilirdik, at çapırdıq, bunun özü elə bir idman idi də. “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərində bu cür səhnələr daha çox idi. İndi müalicəvi idmanlar var ki, həkimin məsləhəti ilə onları edirəm. İmkanım və həvəsim olanda bir az təmiz havada gəzirəm. Artıq yaş da, o yaş deyil. Aktyor çəkilməyəndə də xəstələnir, sağlamlığı sözünə baxmır. Gənc ikən özümüzə qulluq etməliyik ki, yaşa dolanda səhhətimiz heç olmasa normal olsun” deyə sənətkar bildirib. Sənətkar kino sahəsində hələ də çatışmazlıqların olduğunu bildirib. “Bizim kinomuz hər zaman güclü olub, irəlidə olmuşuq. O vaxt Türkiyədə güclü senarilərlə filmlər çəkilmirdi. Onlarda bu sahə birdən-birə irəliyə getdi. Bizdə televiziya olanda heç Türkiyədə olmayıb. Bilirsiniz Türkiyədə kino və serial sahəsi niyə inkişaf etdi? Çünki gənclərini o illərdə xarici ölkələrə təhsil almağa, təcrübə toplamağa göndərdilər. O gənclər də öz ölkələrinə gəlib kinonu irəli apardılar. Bu gün ara-sıra bəzi baxımlı, maraqlı filmlər çəkilir, amma senariləri bir o qədər də güclü deyil. Bu sahədə naşi insanlar da çoxdur. Rejissorluqdan başı çıxmayan insan film çəkir. Toy operatorları serial çəkir. Çox təəssüf ki, bu sahədə peşəkarlardan, onların əməyindən istifadə olunmur. Aktyoru rejissor yetişdirir, o əsərlərdə parıldayıb, sevilir” deyə sənətkar bildirib.