İranda Tehranın "Nəbati" nəşriyyatında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" kitabı nəşr edilib. Kitab Tehranda keçirilmiş kitab sərgisində də böyük maraqla qarşılanıb."Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" İran da daxil olmaqla nəşr edilən 4- cü ölkədir.Bundan əvvəl həmin ensiklopediya Azərbaycan,Türkiyə,Rusiyada nəşr edilib. Ensiklopediyanın ərəb dilində nəşrinə də hazırlıq görülür. Sonradan isə alman, fransız dillərində də nəşri planlaşdırılır.Ensiklopediya qısa məzmunda ingiliscə də nəşr edilib. Sözcü.az
Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır. Sözcü.az AZƏRTAC'a istinadən xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb. Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb. “Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib. İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur. Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur. “Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib. Sözcü.az
Xalq artisti Rasim Balayev əməliyyat edilib. Sozcu.az bildirir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib: "Əməliyyat edildim, xəstəxanada bir gün qaldım. Hazırda evdəyəm. Sol ayağımda problem vardı, yaxşı hərəkət edə bilmirdim. Neçə ildir, bu xəstəlikdən əziyyət çəkirdim. Həkimlər əvvəl əməliyyat etmək istəmirdilər, mən də fizioterapiyaya gedirdim. Gördüm, faydası yoxdur. İyunun 4-də əməliyyata getdim, indi hər şey qaydasındadır". Qeyd edək ki, Rasim Balayevin 75 yaşı var.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Türk dünyasının mənəvi körpüsü, qocaman jurnalist, folklorşünas, publisist, ustad tədqiqatçı, AMEA Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və "Turan sevdalısı" kitablarının təqdimat mərasimi baş tutub. Kitablarda xüsusi ilə Əli Şamilə həsr edilmiş xatirələr toplanıb. Tədbirdə Əli Şamilin yaradıcılığı, araşdırmaları, mübarizəsi, Azərbaycan Xalq Hərakatında fəaliyyəti haqqında maraqlı, yadda qalan çıxışlar olmuş, həmçinin Əli Şamilin yetirmələrindən olan Aynur Qəzənfərqızının hazırladığı videorolik göstərilmişdir. Tədbirə aparıcılığı tədqiqatçı alim Nazir Əhmədli edirdi. Tədbir iştirakçılarından professor Bədirxan Əhmədli, jurnalist, yazıçı Səfər Alışarlı, yazıçı Sabir Rüstəmxanlı, Azərbaycanın İrandakı sabiq səfiri, tədqiqatçı alim Nəsib Nəsibli, Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər naziri Siyavuş Mustafayev, Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov, tədqiqatçı Ələsgər Siyablı, folklorşünas Ləman Süleymanova, jurnalist Qulu Məhərrəmli, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az xəbər portalının redaktoru Ceyhun Nəbi, Əli Şamilin digər əqidə dostları, mübarizə məfkurədaşları, iş yoldaşları öz fikirlərini, xatirələrini dinləyicilər ilə bölüşüblər. Sözcü.az
İyun ayının 8-də Moskvada gözəl həkim və şairə-tərcüməçi, Rusiya, Azərbaycan və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin katibi Afaq Şıxlının rus dilinə tərcümə etdiyi, S. Rəhimlinin “Мне вновь хочется сказки” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Moskva və Moskva vilayətini üzrə fəaliyyət göstərən diaspora təşkilatlarının sədrləri və nümayəndələri, o cümlədən AYB Moskva bölməsinin üzvləri, Banu Azərbaycan İctimai birliyinin qadın kollektivi iştirak etdi. O qədər yadda qalan və rəngarəng bir gün oldu ki, hətta dünənki günü qürbətin soyuğundan buz kəsmiş ürəklərimizi, içində vətən sevgisindən parlayan bir günəşin hərarərinə əritdik desəm, əsla yanılmaram. “Yenə nağıl istəyirəm” Özü nağıl istəyən səbəbkar, hər birimizi xoş xatirələrlə dolu qayğısız uşaqlıq illərinə qədər aparıb gətirdi. Hər birimizin yaddaşında sehirli izlər buraxan şirin nağılların taleyimizlə bağlılığından söhbət açıldı. Uşaq dünyamızın sevimli anası, mərhum Ə.Cəfərzadənin və sözün qüdrətindən qala hörmüş bir çox klassiklərimizin ruhu yad edildi. Poeziyanın qələm əhlinə bəxş etdiyi gücün nələrə qadir ola biləcəyindən və sözün qılıncdan iti bir qüdrəti olduğundan bəhs edildi. Şifahi xalq ədəbiyyatımızın yüksək pilləsi sayılan folklorlorumuzun, Burla xatun analarımızın, nənələrimizin bizə bəxş etdiyi şirin nağıllar və laylalar sayəsində insanlığın, kamilliyin maddiyyat deyil, mənəviyyat olduğunu kitabın tərcüməçisi, redaktoru və ön sözün müəllifi – sevimli şairəmiz Afaq xanım sayəsində bir daha əyani olaraq görmüş olduq. Öz nəvəsinin şirinliyindən dadmış kimi sevincini və həyacanını o xatun simasında görməmək mümkün deyildi. Elimizin gözəl məsəllərindən birində deyildiyi kimi: “nəvə baladan şirin olur”. Bu bir mənəviyyat göstərici idi və bunu hazırki zamanda göstərə bilən xatunumuz – Afaq xanıma da bu mənəviyyata sahib bir Azərbaycan qadını adına öz təşəkkürümü bildirirəm. Afaq xanım çıxışında da sadəcə rus dilinə deyil, başqa dillərə də tərcümə olunmağımızın vacibliyindən, tərcümənin bir xalqın inkişafındakı rolundan söhbət açdı. Bizə miras qalan bu gözəl və mübariz ənənəmizin başqa dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, böyük mədəniyyətimizin göstəricisi rolunu xüsusi bir məharətlə dilə gətirdi. Hər kəs öz nağılını yazır. Boşuna deməyiblər: “insanın qədəri öz əlindədir”. Hamılıqla Səidə xanıma: Allah öz qüdrətindən ən gözəl pay versin, deyirik. Çünki onun yolu haqq yoludur. Bizlər – tarix boyu başı bəlalar çəkmiş odlar diyarının qəlbi Kür, Araz kimi coşğun törəmələriyik! Tomrislərin, Burla xatunlarımızın davamçılarıyıq. Səidənin şeirlərində tarixi gerçəkliyi, kimliyimizi, dilimizin, mədəniyyətimizin zənginliyini görür və duyuruq. Bir qadının gözəlliyi onun simasında deyil, eşqə və ulu köklərinə olan dərin düşüncələrində, içində bəslədiyi sevgiyə olan dönməz sədaqətindədir! Bizim qaynaqlandığımız Azərbaycan qadınına xas ən böyük xüsusiyyətdir – körpəsini nağıl dolu laylalarla bəsləmək. Məhz laylayla! Radikalizmin zəhərli hüceyrələriylə övladının körpə beynini zəhərləyib, onu insanlıqdan qoparan ağıyla-şüvənlə deyil! Bu baxımdan, ürəyini şam edən iki işıqlı insanın qəlbinin közündən daha böyük ocaqların yanması diləyilə, S.Rəhimlinin nağıl dünyasına rəng qatan hər kəsə ayrı ayrılıqda çox sağ ol, deyirəm! Arzu edirəm ki, onun nağıl dünyasından bəhrələnən gül balalar insanlığa, torpağa, kainata sevgi və məhəbbətlə böyüsünlər. Bizə gözəl anıları yaşadan hər iki səbəbkara kitabın anası, Səidə xanıma və ana nənəsi Afaq xanıma minnətdarlığımızı bildirir və daha böyük yaradıcılıq uğurları arzulayırıq. Onlarla bərabər, qarşıda yeni imza atacaqları kitabların işığına yığılmağı diləyirik. Sonda tədbirin təşkil olunmasında, başda Moskva şəhəri Qərb bölməsi azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının sədri Əli Kazımov olmaqla, əməyi keçən hər kəsə minnətdarlğımızı bildiririk!
11 iyun saat 11:00-da Yazıçılar Birliyinin Natəvan klubunda böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və " Turan sevdalısı" kitablarının təqdimat mərasimi keçiriləcək. Əli Şamilin mübarizə yoluna, mətbu həyatına işıq salan xatirələr, yazılar maraqlı məlumat və bilgilərlə zəngindir. Təqdimat mərasimində hər kəs iştirak edə bilər. Sözcü.az
“Məni nəinki filmə çəkilməyə, heç dublyaj etməyə də qoymadılar ki, 5 qəpik pul qazanım”. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zemfira Sadıqova “Onunla açıq söhbət” verilişinə müsahibəsində deyib. Aktrisa canlandırdığı obrazlardan danışıb: “Ürəyimdə qalan obrazlar var. Səhvlər etmişəm. Baxmayaraq ki, mənə qadağalar qoyublar. Adını çəkmək istəmirəm. Çünki həmin filmə başqa adam çəkilib. Çağırdılar ki, “Mələk” (aktrisanın “Dəli Kür” filmində canlandırdığı obrazın adı - red.) kimi bir obrazdır. Mən də Yusiflə ailə qurmuşdum. Getdiyim adamın da ailəsi var idi. Deyəcəkdilər, obrazında da bu cür etdi. Ona görə də dedim bu rol da olsa, nəsə deyərlər, çəkilmədim. Amma çox böyük səhv etmişəm”. Əməkdar artist hazırda film sektorunda olan problemlərdən də söz açıb: “Həmidə Ömərovanın yaradıcılıq gecəsində dedim, səhnəyə çıxmayacağam. İçim o qədər dolu idi. Həmidəyə dedim ki, məni bağışla, səhnəyə çıxmayacağam, özümü pis hiss edirəm. Sənin xətrinə gələcəyəm. Səhnəyə çıxıb dedim ki, Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur. Film yoxdur, çəkmirlər. Niyə kinostudiya yoxdur? Elə vaxtları var idi ki, ora qaynayırdı. Bir-birinin ardınca cürbəcür filmlər çəkilir, dublyajlar edilirdi. Amma indi gedib kinostudiyaya baxsanız, görəcəksiniz ki, xarabalıqdır, iş yoxdur. Film çəkən yoxdur. O qədər istedadlı insanlar var ki, kinostudiyanı Hollivud səviyyəsinə gətirə bilərlər. Ona da çoxlu pul və kömək lazımdır. Elə bir kişi olmalıdır ki, yatmış ölünü İsa peyğəmbər kimi diriltsin”. Aktrisa televiziya verilişlərindən narazı olduğunu bildirib: “Mənim televizorum yoxdur. Çünki o qədər səviyyəsiz verilişlər olur ki, baxmıram. İnsanda ikrah hissi yaradır. Düzdür, deyirlər, yaxşı verilişlər var, olur, şəxsən mən rast gəlməmişəm”.
Bu gün Şəmkir rayonu Kür qəsəbəsində Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov adına olan məktəbdə anım tədbiri təşkil olunub. Milli Qəhrəmanın şəhadətinin 31-ci ilində keçirilən anım tədbirində məktəbinin kollektivi və məktəblilər ilə yanaşı qəhrəmanın döyüş yoldaşları, silahdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir məktəbin həyətində qəhrəmanın büstünün önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb. Sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirə Kür qəsəbəsi Mədəniyyət Evinin rəhbəri Rəfiqə xanım aparıcılıq edirdi. Sonra söz qəhrəmanın döyüş silahdaşlarından, dostu Dilqəm Əliyevə, şəhid Polkovnik Cahangir Rüstəmovun oğlu Elçin Rüstəmova, qəhrəmanın nəşinin dağdan endirilməsinə kömək etmiş döyüşçü Əliyar Novruzova, ehtiyatda olan hərbiçi Vuqar Tağıyevə, Sözcü.az xəbər portalının redaktoru, araşdırmaçı yazar Ceyhun Nəbiyə, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Namazova və digər natiqlərə söz verilib. Natiqlər qəhrəmanın əziz xatirəsini anıblar və tədbirin təşkili üçün məktəbin direktor əvəzi Könül xanım Əsgərovaya və digər təşkilatçılara öz təşəkkürlərini ifadə ediblər. Qeyd edək tədbir artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilməkdədir. Sözcü.az
Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. Sözcü.az
Şəki Miniatür Muzeyi Yurd Yaddaşı. Şəki Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla bərabər, dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan tarixi diyarlarımızdan biridir. Şəkidə yerləşən Miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin - o cümlədən Azərbaycanın müxtəlif dövrlərdə ictimai-siyasi, mədəni və iqtisadi dövrlərini əks edən çox mühüm tarixi sənədlərin və eksponatların toplanıb cəmiyyətə təqdim edən çox gözəl bir mərkəzdir. Səki miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin yetişdirdiyi vətənpərvər övladlarından biri olan dəyərli ziyalımız Xatirə xanım Əkbərova tərəfindən yaradılıb və bu, dəyərli xanım tərəfindən qorunur. Təbii ki, dövlət dəstəyi olmadan bu cür mühüm bir muzeyi saxlamaq və yaşatmaq çox çətindir. Dövlətimizin tarixinin mühüm bir dövrlərini cəmiyyətə çox dolğun şəkildə və sənədlərlə təqdim edən bu cür mədəniyyət ocaqları tək-tük insanların ianələri ilə ayaqda dura bilməz. Xatirə xanım çox maraqlı - o cümlədən vətənpərvər bir xanımdır. Muzeyi çox həvəslə və maddi gəlir əldə etməyi düşünmədən ərsəyə gətirib. Xatirə xanım bu gün də muzeyi həvəslə qoruyub saxlayaraq, tarixi əsərləri qonaqlara maraqla təqdim edir. Ancaq çox təəsüf ki, Xatirə xanımın muzeyi qorumağa maddi imkanı yoxdur. ola bilsin ki, Şəki miniatür muzeyi yaxın aylarda fəaliyyətini dayandırsın. Çox üzücü bir durumdur... Mən çox arzu edərdim ki, Mədəniyyət Nazirliyi Şəki miniatür muzeyinə diqqət yetirsin. Bu muzey adından da bəlli olduğu kimi yurd yaddaşıdır. Yurdun yaddaşının silinməsinə imkan vermək olmaz! Dövlət muzeyə sahib durmalıdır. Xatirə xanımın əlində çox mühüm sənədlər və tarixi kitablar var. Şəkinin yerli qəzetlərinin demək olar ki, bütün nüsxələrini Xatirə xanım min cür əziyyətlə əldə edərək qoruyub saxlayıb. Əsərləri qoruyub saxlamaq üçün vəsait lazımdır. Əgər dövlət o əsərlərə sahib durmasa, Xatirə xanımın ərsəyə gətirdiyi muzeyin ayaqda durmasına qərar verməsə, həmin sənədlərin məhv olmaq təhlükəsi olacaq. Bu da ən böyük cinayətdir! Xatirə xanıma dəstək olaq ki, tariximiz yaşasın! Elşən Əlisoy, "Sozcu.az" saytının təsisçisi
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti getdikcə yaxşılaşır. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı deyib. “Əməliyyatdan sonra hazırda həkim nəzarəti altındadır, növbəti əməliyyat gözlənilmir. Vəziyyəti getdikcə yaxşılaşır”, - o bildirib. Qeyd edək ki, Cavanşir Quliyev bir müddət öncə beyninə qaz sızması səbəbindən İstanbulda xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.
“Dualara görə hər kəsə təşəkkür edirəm. Babatam”. Sozcu.az xəbər verir ki, bu sözləri teleqram-a açıqlamasında Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib. Xatırladaq ki, sənətkar fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilmişdi, hazırda müalicəsi davam edir. redaktor.az