Azərbaycan dili imtahanına qeydiyyat BAŞLADI

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən 5 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə sabah başlayacaq və bu barədə məlumat veriləcək. “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək. Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Dığalardan ABSURD "İDDİA": "Muğam ermənilərə məxsusdur"

Ermənilər ənənələrinə xas olaraq indi də Azərbaycan muğamına göz dikiblər.  Sozcu.az xəbər verir ki, bunu mayın 14-də Ermənistanın İctimai Televiziyasında yayımlanan “Çərçivədən kənar” verilişində erməni reper Super Sako deyib. Erməni dığası Sako muğamın ermənilərə məxsus olduğunu və “qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını” sərsəmləyib. “Muğam bizimdi. Bizim qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi yoxdu. Bu musiqini Komitas (erməni bəstəkarı – red.) gəlib təmizlədi, çünki muğamı Avropaya təqdim edəndə o notları başa düşmədilər. Və erməni mahnısını yaymaq üçün gəlib o qeydləri sildi”, – deyə Sako çərənləyib. Bu çıxış erməni ictimaiyyəti arasında böyük hiddətə səbəb olub, ona görə yox ki, muğamı da özəlləşdirmək istəyirlər. Buna səbəb Komitası muğamın silinməsində günahlandırması olub. Erməni opera müğənnisi Asmik Papyan deyib: “Bu, sadəcə olaraq dəhşətdir və qəbuledilməzdir. Belə bəyanatlar verilə bilməz və hər kəsin İctimai Televiziyanın efirində danışmaq, müsahibə vermək hüququ yoxdur, ola da bilməz. Müsahibimiz bu suallara cavab verməli deyildi. Çox ayıbdır. Komitas böyük sənətkardır. Komitas haqqında belə danışmaq olmaz”.

“Çingiz kimsəsizlər məzarlığında dəfn olunacaq, nəşi indi Təzəpir məscidindədir...”

“Gecə ilə mənə o qədər zənglər gəldi ki. Telefonlarım səhərə kimi susmayıb. Allah Siyavuşa rəhmət etsin. Başa düşürəm, kimə zəng etsinlər?! Siyavuş yazıq da elə onun dərdindən getdi. Yenə də ölünü yerdə qoymaq günahdır. İndi mənə məlumat verdilər ki, Siyavuşun oğlu Çingizin bütün dəfn xərclərini Akademik Milli Dram Teatrı öz üzərinə götürüb. Sağ olsunlar, onlar da, Mədəniyyət Nazirliyimiz də bu işlərlə məşğuldurlar. Hazırda Təzəpir Məscidində kəfənlənir, kimsəsizlər məzarlığında dəfn olunacaq. Mən bilirdim ki, teatrın direktor əvəzi İlham Əsgərov onun nəşini yerdə qoymayacaq. İlham bizim kollektivdə çalışıb, çox yaxşı, insan adamdır. İşini də bilən biridir”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. “Mənə də indi zəng edib dedilər. Sağ olsun. Yenə də Mədəniyyət Nazirliyi, yenə də teatr. Mənim maddi imkanım yox idi onu dəfn edim. Hazırda yoldayam, mən də dəfnə gedirəm. Əslində sənətkarın övladını teatr dəfn etməsə də, yenə də o bu son vəzifəsini yerinə yetirdi” deyə sənətkarın oğlu Eldar Aslan bildirib.

Tanınmış azərbaycanlı aktyor öldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə aktyorun həmkarı İlham Əsədov sosial şəbəkə hesabında məlumat verib. Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.

Aftandil İsrafilov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Sozcu.az xəbər verir ki, tanınmış qarmon ifaçısı, xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.

“Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

Akademik Milli Dram Teatrına direktor təyinatının yubanması müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Mərhum Xalq artisti Azər Paşa Nemətovun dünyasını dəyişməsindən sonra ölkənin ən qədim teatr məbədinə kimin rəhbərlik edəcəyi maraq doğurur.  Yenisabah.az xatırladır ki, iddialılar sırasında üç tanınmış mədəniyyət adamının - Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova və tanınmış rejissor Mehriban Ələkbərzadənin adı hallanır.  İddialılardan biri - sevilən aktrisa Bəsti Cəfərova hər hansı vəzifədə gözünün olmadığını deyib. Xalq artisti bildirib ki, Azdramaya rəhbərlik etməyi düşünmür, onu ancaq sənəti maraqlandırır.  Adı Akademik Milli Dram Teatrının direktoru postuna namizədlər sırasında hallanan, hətta bəzi çevrələrdə ən şanslı namizəd kimi xarakterizə edilən  tanınmış və təcrübəli aktyor Nurəddin Mehdixanlı isə məsələyə fərqli münasibət bildirib. Xalq artisti sözügedən vəzifə ilə bağlı hər hansı iddiasının olub-olmadığına dair suala birmənalı cavab verməyib. O, "Azdrama"ya yeni direktor təyin edilərkən kollektivlə məsləhətləşməyin vacib olduğunu bildirib. Adı namizədlər sırasında hallanan digər iddialı - tanınmış rejissor, Əməkdar Mədəniyyət Xadimi Mehriban Ələkbərzadə ilə bağlı durum isə bir qədər fərqlidir. Məlumatlara görə, xanım Ələkbərzadə "Azdraman”ın sükanı arxasına keçməyə həvəslidir. Onun ölkənin ən qədim sənət ocağına rəhbərlik etməsi üçün bütün imkanlarını səfərbər etməsi barədə məlumatlar da var. Bəzi tanınmış sənət adamlarının bu təyinatın gerçəkləşməsi üçün M.Ələkbərzadəyə lobbiçilik etdiyi bildirilir.  “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Akademik Milli Dram Teatrının kollektivi bu təyinata soyuq yanaşır. Onlar “özgənin”, yəni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində çalışan M.Ələkbərzadənin Azdramaya rəhbərlik etməsini istəmirlər. Hətta yeni direktorla bağlı təyinatın bu səbəbdən yubandığını iddia edənlər də var.  Mədəniyyət Nazirliyinin məsul şəxslərindən biri saytımıza bildirib ki, "Azdrama”nın yeni direktoru adı mətbuatda hallanan namizədlər arasından seçilməməsi tamamilə mümkündür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Mədəniyyət naziri Adil Kərimli verəcək.  Mənbə təyinatın yubanmasını milli mentalitetimizdən irəli gələn bəzi amillərlə əlaqələndirib:  “Məlum olduğu kimi, Azər Paşa Nemətov bu il aprel ayının 9-da dünyasını dəyişib. Nazir onun 40 mərasimi başa çatana kimi yerinə yeni şəxsin təyin olunmasını düzgün hesab etməyib. "Azdrama"nın yeni direktorunun kim olacağı ilə bağlı qərar may ayının 20-dən sonra veriləcək”. 

Tamaşaçılar hansı aktyorun üzünə tüpürür? - Əməkdar artist danışdı

Həm dünyada, həm də yerli televiziyalarda ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir.  Son illər isə bir çox sənət adamı yerli serialları tənqid hədəfinə çevirir onların uğursuz olmasından gileylənir.  Bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da bu məsələyə toxunaraq yerli serialları sərt tənqid etdi. Rejissor “Camaat bu seriallara baxıb bizə tüpürür”- deyə üsyan etdi.  Bəs görəsən, vəziyyət həqiqətən bu qədər acınacaqlıdırmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva bildirib ki, ölkəmizdə serial çəkilişlərinə son illərdə başlanıb və hələ ki, bu, işin başlanğıcıdır. Onun sözlərinə görə, ilk addımlardan mükəmməl işin ərsəyə gəlməsini gözləmək doğru deyil:  “Azərbaycanda serialların çəkilməsinə təzə başlanıb. Son illər seriallar ölkəmizdə dəbə düşüb. Heç kim birdən-birə istədiyi, mükəmməl nəticəni əldə etmir. Ola bilər ki, bəzi seriallar maraqsızdır, ssenarisi, mövzusu mənasızdır, bunda aktyorlar günahkar deyil. Aktyora nə ssenari verilirsə, onu da oynayır. Bu gün serialların uğursuz olması o demək deyil ki, daim belə olacaq. Həmişə belə davam etməyəcək ki. Şeirdə deyildiyi kimi, çalxalandıqda nehrədə yağ, yağı yağ üstə qalar, ayranı ayran olar. Bugünkü işlər hamısı ələnəcək, bərkiyəcək və nəhayət, lazımi səviyyəyə gələcək. Başlanğıc həmişə belə olur. Bu bir prosesdir. Ona görə də indi bəzi seriallar maraqsız, bəziləri maraqlıdır, cəmiyyətdə də bəziləri sevir, baxır, bəziləri isə əksini düşünür. Hər şey zövqdən asılır. Mənə elə gəlir ki, vaxt gələcək bu gün uğursuz seriallar çəkənlər də yüksək səviyyəli iş təqdim edəcəklər”.  Aktrisa serialların uğursuzluğunda maliyyə problemlərinin də böyük rol oynadığını qeyd edib:  “Əlbəttə ki, bizdə yüksək maliyyə də yoxdur, seriallara milyonlarla pul ayrılmır. Həmişə ssenaristlərə də, aktyorlara da az məbləğdə qonorar ödənilib. Maliyyə işini biz həll etmirik. Yaxşı filmin, serialın ərsəyə gəlməsi üçün pul əsasdır. Bu hər sahəyə aiddir, yaxşı tamaşanın ərsəyə gəlməsi üçün də teatra pul lazımdır. Bütün komponentlər olmalıdır ki, keyfiyyətli iş ortaya çıxsın. Onlar da olmasa, yerində saymaq lazım deyil. Başlanğıc olmalıdır, bizdə də bu var, biz bu gün bu sahəyə sıfırdan başlamışıq. Maliyyə də yəqin ki, haçansa olacaq, biz sənətçilər də buna ümid edirik. İnşallah. Hər şey yaxşı olar”.

“Atamın vəziyyəti ağırdır, heç kim kömək etmir” - Xalq artistinin qızı

“Atamın vəziyyəti çox ağırdır. Xəstəxanadan evə buraxıldıqdan sonra stansionar olaraq müalicəsini davam etdiririk”.  Sozcu.az xəbər verir ki,bu sözləri Xalqa artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında deyib. Aktyorun qızı 79 yaşlı Xalq artistinin hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməsə də, mədəniyyət nazirliyi tərəfindən hər hansı bir köməklik olmadığını vurğulayıb: “Zəng edib, vəziyyət ilə maraqlanıblar. Amma vəziyyəti ilə bağlı heç bir yardım və dəstək göstərilməyib”. Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi.  Bununla bağlı kulis.az-a danışan aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini demişdi: "Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır. Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”. 

Qazinin qızı uğrunda mübarizəsi… - Foto

Vətən şüharibəsi şəhidlərindən bəhs edən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir. Kult.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. “Müharibədə yaralanan qazinin qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib”, - Dadaşov bildirib. “Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, Anım Günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu Rasim Cəfər canlandırır.

Adil Kərimli mədəniyyət naziri təyin edildi

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir"

"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur". Sozcu.az xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır: "Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır". Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".

Oqtay Əliyev dəfn olundu

11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.