Qazinin qızı uğrunda mübarizəsi… - Foto

Vətən şüharibəsi şəhidlərindən bəhs edən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir. Kult.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. “Müharibədə yaralanan qazinin qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib”, - Dadaşov bildirib. “Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, Anım Günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu Rasim Cəfər canlandırır.

Adil Kərimli mədəniyyət naziri təyin edildi

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Teatrşünas-tənqidçi: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir"

"Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur". Sozcu.az xəbər verir ki, bunu teatrşünas Elçin Cəfərov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır: "Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır". Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə deyib ki, aktyorun qarnı tox olmalıdır: "Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".

Oqtay Əliyev dəfn olundu

11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.

“Müharibə vaxtı qaçıb xaricdə gizlənmişdilər, indi milyonlar qazanırlar”

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.  Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib:  “Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır.  Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı  qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar.  Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”.  Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib:  “İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi. O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”. 

“Deyirlər ki, Moşudur da, ona nə rol verək?” - “Sənət uçuruma gedir”

“Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik”.  Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.  “Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, “Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?”. Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, “Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?”. Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər” deyə sənətkar bildirib.  Xalq artisti “Bəxt üzüyü-2” filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib.  “Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin “Hamlet” əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah “Bəxt üzüyü” filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz” deyə sənətkar bildirib. Xalq artisti şəxsi həyatından da danışıb. “O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, “bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir” (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz” deyə sənətkar bildirib. 

Mədəniyyət Nazirliyində inanılmaz təyinatlar: Aqronom, feldşer, ginekoloq...

Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir.  Yenisabah.az xatırladır ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi.  Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib. Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi.  Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb.  Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir.  Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub.