Tamaşaçılar hansı aktyorun üzünə tüpürür? - Əməkdar artist danışdı

Həm dünyada, həm də yerli televiziyalarda ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir. 

Son illər isə bir çox sənət adamı yerli serialları tənqid hədəfinə çevirir onların uğursuz olmasından gileylənir. 

Bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da bu məsələyə toxunaraq yerli serialları sərt tənqid etdi. Rejissor “Camaat bu seriallara baxıb bizə tüpürür”- deyə üsyan etdi. 

Bəs görəsən, vəziyyət həqiqətən bu qədər acınacaqlıdırmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva bildirib ki, ölkəmizdə serial çəkilişlərinə son illərdə başlanıb və hələ ki, bu, işin başlanğıcıdır.

Onun sözlərinə görə, ilk addımlardan mükəmməl işin ərsəyə gəlməsini gözləmək doğru deyil: 

“Azərbaycanda serialların çəkilməsinə təzə başlanıb. Son illər seriallar ölkəmizdə dəbə düşüb. Heç kim birdən-birə istədiyi, mükəmməl nəticəni əldə etmir. Ola bilər ki, bəzi seriallar maraqsızdır, ssenarisi, mövzusu mənasızdır, bunda aktyorlar günahkar deyil. Aktyora nə ssenari verilirsə, onu da oynayır. Bu gün serialların uğursuz olması o demək deyil ki, daim belə olacaq. Həmişə belə davam etməyəcək ki. Şeirdə deyildiyi kimi, çalxalandıqda nehrədə yağ, yağı yağ üstə qalar, ayranı ayran olar. Bugünkü işlər hamısı ələnəcək, bərkiyəcək və nəhayət, lazımi səviyyəyə gələcək. Başlanğıc həmişə belə olur. Bu bir prosesdir. Ona görə də indi bəzi seriallar maraqsız, bəziləri maraqlıdır, cəmiyyətdə də bəziləri sevir, baxır, bəziləri isə əksini düşünür. Hər şey zövqdən asılır. Mənə elə gəlir ki, vaxt gələcək bu gün uğursuz seriallar çəkənlər də yüksək səviyyəli iş təqdim edəcəklər”. 

Aktrisa serialların uğursuzluğunda maliyyə problemlərinin də böyük rol oynadığını qeyd edib: 

“Əlbəttə ki, bizdə yüksək maliyyə də yoxdur, seriallara milyonlarla pul ayrılmır. Həmişə ssenaristlərə də, aktyorlara da az məbləğdə qonorar ödənilib. Maliyyə işini biz həll etmirik. Yaxşı filmin, serialın ərsəyə gəlməsi üçün pul əsasdır. Bu hər sahəyə aiddir, yaxşı tamaşanın ərsəyə gəlməsi üçün də teatra pul lazımdır. Bütün komponentlər olmalıdır ki, keyfiyyətli iş ortaya çıxsın. Onlar da olmasa, yerində saymaq lazım deyil. Başlanğıc olmalıdır, bizdə də bu var, biz bu gün bu sahəyə sıfırdan başlamışıq. Maliyyə də yəqin ki, haçansa olacaq, biz sənətçilər də buna ümid edirik. İnşallah. Hər şey yaxşı olar”.

Share on Facebook