“Gecə ilə mənə o qədər zənglər gəldi ki. Telefonlarım səhərə kimi susmayıb. Allah Siyavuşa rəhmət etsin. Başa düşürəm, kimə zəng etsinlər?! Siyavuş yazıq da elə onun dərdindən getdi. Yenə də ölünü yerdə qoymaq günahdır. İndi mənə məlumat verdilər ki, Siyavuşun oğlu Çingizin bütün dəfn xərclərini Akademik Milli Dram Teatrı öz üzərinə götürüb. Sağ olsunlar, onlar da, Mədəniyyət Nazirliyimiz də bu işlərlə məşğuldurlar. Hazırda Təzəpir Məscidində kəfənlənir, kimsəsizlər məzarlığında dəfn olunacaq. Mən bilirdim ki, teatrın direktor əvəzi İlham Əsgərov onun nəşini yerdə qoymayacaq. İlham bizim kollektivdə çalışıb, çox yaxşı, insan adamdır. İşini də bilən biridir”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
“Mənə də indi zəng edib dedilər. Sağ olsun. Yenə də Mədəniyyət Nazirliyi, yenə də teatr. Mənim maddi imkanım yox idi onu dəfn edim. Hazırda yoldayam, mən də dəfnə gedirəm. Əslində sənətkarın övladını teatr dəfn etməsə də, yenə də o bu son vəzifəsini yerinə yetirdi” deyə sənətkarın oğlu Eldar Aslan bildirib.