Bu gün Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur

Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur. Üzeyir bəyin musiqi yaradıcılığı ona böyük şöhrət gətirmiş və günü bu gündə musiqi mirası öz möhtəşəmliyini qorumaqdadır. Musiqi yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur.

Üzeyir bəyi doğum günündə böyük hörmət, sevgi və sayğı ilə anırıq !

Sözcü.az

Share on Facebook